Архив тегов | edam

EDAM

Bilmrəm əvvəli yolun hardadı,

Nə it səsi gəlir, nə işıq yanır.

Zülmət içindəyəm, gecə yarıdır,

Edama gedirəm – təkcə bu aydın.

 

 

Bir nəfər solumda, biri sağımda
Üzləri görünmür, səsləri gəlmir.

Ağır daş asıılb hər ayağımdan,

Dura da bilmirəm bir nəfəs dərəm.

 

 

Bilmirəm bu hökmü mənə kim yazıb,

Hansına görədir günahlarımın.

Edama gedirəm həqir və yazıq,

Cəllad hüzuruna baş aparıram.

 

 

Nə bir it hürüşü, nə də bir çıraq,

Boşluğa, heçliyə atıram addım.

Yubansa, yan ötsə edamın, Allah,

Elə bu zülməti sevib yaşardım!..

 

 

Birdən ayılıram… tərli, yarımcan,

Yuxuymuş işgəncə, yuxuymuş edam!

Çırağı yandırsam, yerisəm ancaq,

Yenə də heçliyə yuvarlanaram…

 

24-25.07.2016

Cemete — Samara

 

 

 

 

 

SƏDDAMIN EDAMI

                                                        

Bəlkə rəqəmlərdən qabaq yaranıb,

Bənzədib yaradan bəlkə də sıfra.

İyirmi birinci, ya da hər hansı

Əsr bu ilgəklə heçliyə varar.

 

Dönür sanki vurma işarəsinə,

Elə ki salınır boyun ilgəyə.

Nə hesab çəkəsən, kimlə çəkəsən,

Heçnə nəticədə alınar yenə…

 

Sabunla sürtülüb, yağa salınıb,

Neçə cür sınaqdan keçib bu ilgək.

Ölçülüb, bəlkə də kvadratlanıb,

Səddamın boynuna biçilib ilgək.

 

Canlı yayım gedir, planet indi,

Ağzını ayırıb baxır edama.

Çevrəyə salırlar prezidenti,

Mehvərə çevrilir boynu Səddamın…

 

Həyat çevrə üstdə, gediş çevrəli,

Çevrəsi bəllidir hər boyunun da.

Bu gün müstəbidi devirənlərə,

Çevrədən görünür çıxış yolu da.

 

“Allah əkbər!” dinir, çəkilir bıçaq,

Ayrılır ölü baş ölü bədəndən.

Qan axar, quruyar, qan ölməz ancaq,

Canlanar, min yerdən sızar yenidən.

 

Nöqtə fırlanırsa – xətt olacaqdır,

Çevrədə eynidir ön də, arxa da.

Hər vurulan boyun bir navalçadır,

Ki, qan sellərini yığıb axıda…

22-23 iyul 2007, Samara