Nimçə iri, dərin, dopdoludur həm,
Ətri iştah açan içindəkinin.
Yeyirəm arxayın və çəkinmədən,
Qalmır pərçim olub boğazda tikəm.
+
Son dəfə mən haçan olmuşam qonaq?
Yemişəm bişəni qadın əliylə?
Getmərəm, çağıran olsa da belə,
Özgə süfrəsindən düşmüşəm qaçaq.
+
Yesən, hər tikəndən dikəldilər dağ,
Sayıb yediyini beşə vurarlar.
Deyərlər “nə canı, nə cəsədi var,
Doymur, dəyirman tək üyüdür ancaq.”
+
Özgə süfrəsinə getmirəm yaxın,
Özgədir tikəni sayan doğma da,
İndi dolu nimçə qabağımdadır,
Yeyirəm iştahla, sakit, arxayın.
+
Cənnət nemətləri Kitab vəd edir,
Şərtlərsə ağırdır ora düşənə.
Sən nə şərt qoyansan, tikə sayan nə,
Cənnət neməti tək yeyirəm gedir…
18. 12. 2025, Samara
