Архив тегов | Həsən Kürün vəfatı

ŞAİRLİYİN ADI AĞIRDIR, OĞLAN…

                     

Həsən Kürün faciəli ölümü münasibətilə

Şairliyin adı ağırdır, oğlan,
Hər kəslik deyildir məsuliyyəti.

Özün verirsənsə əgər bu adı,

Ölüm təhlükəli bir oyundasan.

 +

Elə ki, özünə bu adı verdin,
Özündən çıxırsan, ayrı birisən.

Alqışa, tərifə indi hərissən,

Dilin tərif deyir sənin də indi.

 +

Rütbə gözləyirsən adına dəyən,
Rütbə səviyyəli münasibət də.
Günün, güzəranın həmindir hərçənd,

Yox “yuxarı başda gəl otur” deyən…

 +

Ucuz çayxanada yavan çay ancaq,
Özün kimisiylə içirsən hərdən.

Köhnə telefonun dinir qəfildən:

Borcunu yadına salır yenə bank…

 +

Lütsən, yox heç nəyin girov qoyası,
Dəyər yox özünə qoyduğun adda.

Sən hamıya düşmən, sənə hamı da,

Kimdən almalısan indi qisası…

 +

Yox, şair adından uzaq qaç oğlan,

Onda məsuliyyət, təhlükə var həm.

Adın var, adın yox – həmindir qələm,

Yoxsa – arxayınca yazıb-pozursan.

 +

El gözünə de ki, əkinçisən sən,
At, öküz yerinə qoşul kotana.

İlhamın gələndə dayan, yaz yenə,

Ancaq oxumaqdan hələ çəkin sən.

 +

Və ya əsgər kimi tanın hər kəsə,

Seçilmə, özünü sıravi göstər.

Gəzdir ciblərində qıfıllı dəftər,
Xəlvət yaz, ilhamın əgər gələrsə.

 +

Zəngindən yal umma, kütlədən alqış,
Süd kimi çürüdür həm alqış, həm yal.

Öz adınla yaşa, öz adınla qal,
Sənət nə alverdir, nə də ki, yarış.

 +

Barı hör, suvaq vur, ya bağ-bostan ək —

Bil ki, ən uca bir adın var: insan!

Özünə ki, şair adı qoyursan,
Zillətə həyatın, bil ki, dönəcək…

 

08. 07. 2025, Samara