Архив тегов | Hüseyn Arifin şeirləri

GƏDƏBİYYAT: HÜSEYN ARİFİN XƏZRİ VƏ GİLVARLA MÜBARİZƏ PLANLARI

 

Hüseyn Arifin 7-sinfin Ədəbiyyat dərsliyinə salınmış «Yaşıl işıq» şeirini oxuyaq.

Təbiət vurğunu, torpaq oğluyam,
İlk dəfə əlimi ağaclar sıxıb. 

Bu necə olur? Gəlin bunu təsəvvür etməyə çalışaq. Deyək ki, ağaclar əl sıxır, məcazi mənada. Hüseyn Arifin də əlini, hələ Hüseyn Hüsynzadə olan vaxtlar,  ilk dəfə ağaclar sıxıb. Təxminən neçə yaşında olub bu? O vaxtacan bir insan övladı  Hüseynin əlini sıxmayıbmış? Bu nəyə oxşayır? “Anası üzündən öpməyən qız”a?

Yesenin içkili olanda ağacları qucaqlayırdı. Ancaq demirdi ki, “ömrümdə ilk dəfə ağacı qucaqlamışam”. Deyirdi ki, ağacı özgə arvadı kimi qucaqlayır…

Sonra gələn beyt fövqəladə hallar nazirliyinə və TƏBİB-ə aiddir.

“Dağlarda meşəyə düşən yanğının
Tüstüsü evimdə başımdan çıxıb.”

Niyə düz yerdə meşəyə yanğın düşmür? Hüseyn Arif Leriklidir? Yaxşı, deyək ki, dağlarda meşəyə yanğın düşüb. Hüseyn Arif də bunu biləndə darıxıb. Ancaq yanğının tüstüsünün onun başından çıxmağı ən azından qəribə səslənir. Əlbəttə, bu, metafordur, ancaq belə metafor eşidəndə deyirsən ki, “ağ eləmə…”

Yaxşı ki, Hüseyn Arifin tüstü yalnız başından çıır. Xəlil Rza Ulutürkün həm başından, həm beynindən tüstü çıxırdı…Səməd Vurğun Şaumyandan poema yazanda dalı-qabağı tüstüləyə-tüstüləyə gəzirdi…

 “Düzdə seyr etdikcə məğrur çinarı
Qartal balası tək qanadlanmışam”…

Bəh-bəh… Bala Hüseyn bala qartal kimi qanadlanıb… Dağda meşə yanır, düzdə çinar məğur durub Hüseyni qanadlandırır.
“Yaşını kimsədən öyrənməsəm də,
Babam Koroğluya yaşıd sanmışam”.

 Bizim millət belədir də. Yaşı öyrənmir, tarixi öyrənmir, sonra deyir hələ buralar olmamışdan biz buralarda olmuşuq… A kişi, soruşaydın da…

“Baban Koroğlu”nun yaşını bilirdin?

Yaxşı ki, Babək deməyib… İnsaflı olub…

Səməd Vurğun ayrı cür şair idi, vallah. “Mənim babam olmuş iyirmialtılar…” Bir fransız komediyasında atasının kim olduğunu dəqiq bilməyən oğlan deyir: “Anam gəncliyində yaxşı gəzib”. Səməd Vurğunun da nənəsinin zəngin gəncliyi olub, əgər nəvəsi iyirmi altı kişiyə baba deyirsə…

Sonrakı bənd ədəbiyyatdan çox botanikaya aiddir. Bu şeiri biolgiya dərsliyinə də salmaq olar.

“Hər dən bir sünbüldür, hər toxum bir tağ…”

Bunu bilirdiniz?

Sonra şair botanikanı estetika ilə birləşdirir:

“Hər şitil bir nemət, bir yaraşıqdır”

Şitilin nemət olduğunu qəbul edriəm. Ancaq şitilin yaraşıq olduğuna şübhəm var.
“Baharda açılan hər yaşıl düymə
Bir yaşıl şölədir, yaşıl işıqdır”.

“Yaşıl düymə” nədir? Tumurcuq açılandan sonra olur çiçək. Çiçək isə ağ olur, çəhrayı olmur, narıncı olur, yaşıl olmur. Yaşıl olan yarpaqdır…

Sonra şair keçir ekologiyaya.

“Bir ağac əksəydi hərə həyatda,
Torpaq quraqlıqdan verməzdi xəbər,..”

Ağacı əkməklə iş bitir? Əgər quraq yerdirsə, gərək ora su çəkilə. Bu, heç. “Torpaq quraqlıqdan verməzdi xəbər,..” – bu, şeir dili deyil, bu dildə quldur millət vəkilləri, icra başçıları danşırlar.

“Çoxdan Abşeronun boz yaxasını
İlmələr bəzərdi, yaşıl ilmələr…”

Abşeronun boz yaxası…

 “Ağaclar əksəydik, nəhəng ağaclar,…”

Adi ağaclar yox, həhəng ağaclar…

İlham Əliyev bulvara baobab əkmişdi, Argentinadan 50 ya 60 min dollara alınmışdı. Baobab ömür eləmədi, dünyasını dəyişdi. Deyilənlərə görə, Lukaşenko qardaşı İlhama başsağlığı vermişdi…

Nəhəng ağacları şair niyə əkmək istəyir? Çünki nəhəng ağaclarAbşeronda əkilsə:

“Susub çəkilərdi qınına xəzri,
Kəsərdi hay-küyü gilavarın da…”

Vay-vaay… Təsəvvür edin ki, Bakıda nə xəzri, nə gilavar əsir. Bakı əhalisi tut kimi qırılardı. Havasızlıqdan. Sidik iyi ilə nəfəs almaqdan…

A kişi, sənin xəzri ilə nə işin var idi? Xəzri də şitil kimi nemətdir, bəlkə şitil kimi yaraşıqlı olmasa da…
Şeirin tərbiyəvi komponenti var. Deyir torpağı qorumaq lazımdır, çünki torpaq bizim anamızdır. Uşaqlıqda bu şeiri öyrənən məmurlar, deputatlar şairin tövsiyəsinə əməl edib dəniz salillərini hasara salıb göz bəbəyi kimi qoruyurlar. Otlaqları, örüş yerlərini, əkin sahələrini də özəlləşdirib qoruyurlar….Sərvəti qarışıq torpağın altını da qoruyurlar. Torpaq analarıdır… Sizin ananızı…


Sonra gözlənilmədən şair qoşma janrına keçir və “soruş” rədifli iki bənd əlavə edir. Bəlkə də bu bəndləri ayrı şeirindən götürüb.

 “Bir ipək çəməndə, bir göy talada
Sakitcə dincəlib gələndən soruş”.

Nəyi? Gələndən nəyi soruşaq? Mənim fikrimcə, burda gərək tamamlıq olaydı…

Güman edirəm ki, şair bu gözəl şeiri araq-vura-vura yazırmış, yəqin dördüncü ya beşinci stəkandan sonra elə hallanıb ki, keçib qoşmaya, saz çalıb oxuya-oxuya yazıb. Hallı olan adamın yadına tamamlıq düşür?

Mən isə Hüseyn Arifin bu gözəl şeiri haqqında yaza-yaza əfsanəvi Luçano Pavarottinin 1983-cü ildə Nyu Yorkda Lincoln Center-də verdiyi konsertin yazısına qulaq asırdım.

Sizə də tövsiyə edirəm.

X.X.

18. 05. 2024, Samara

HÜSEYN ARİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «ANALAR»

hqdefault

Azərbaycan xalqı toylarda ana haqqında “segaha” qulaq asmağı çox sevir. Bir vaxt “Ana ürəyi” adlı dastana oxunan “segah” kənd toylarının repertuarında hit idi. Xanəndə ananın ürəyini sevgilisinin buyruğu ilə oğulun necə çıxartığıbnı zəngulə vura-vura danışdıqca toydakılar hönkür-hönkür ağlayır, elə ağlaya-ağlaya ciblərindən sovetin əzik göy üçklüklərini çıxarıb xanəndənin qabağna atırdılar….

Ancaq analardan şən şeirlər də var imiş. Məsələn, Hüseyn Arifin 5-ci nifdə keçilən “Analar” şeiri. Çox gülməlidir.

 “Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar”.

“Bala dünyaya gələn gündən” analar nəyi ölçür və biçirlər? Körpənin boyunu? Özü də HEY! Yəni gecə-gündüz! Bu nə işdir?

“Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar”. 

Yəni təzə azad olmuş, yəni zahı qadın şeir deyir, mahnı oxuyur?

“Dözür hər əzaba o bilə-bilə…”

Şeir deyib mahnı oxuyan ananının nə əzabı? Nec yəni “bilə-bilə” dözür? Kim ona əzab verir? Əri? Qayınaansı? Bəlkə mahnı oxuyub şeir dediyinə görə?

“Yaşayır, sirrini salmadan dilə”.

Hansı sirri? Uşaq doğmağını gizlədir? Uşaq başqa kişidəndir? Sirri dilə salarlar ya gətirərlər?

Sonrası lap zəlzələdir:

“Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar”.

Ağı, yəni zəhər. Hüseyn Arif özü vuran olduğuna görə belə yazıb. Ancaq zəhər araq ya konyak deyil ki, içən onu qaldıra. Oxucunun başı burda çatlamalıdır: deməli, ana şərbət içməlidir, ancaq “qaldırıb zəhər içir”. Niyə? Niyə ana özünü öldürür? Bayaq mahnı oxuyub şeir demirdimi?

 “Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu…”

Fikir verin: yuxu – evdədir, dinclik – həyatda. Deməli, evdəki yaşayış həyat deyil. Hə?

Bunu ona görə vurğulayıram ki, Azərbaycnın xalq şairi adını daşıyan adam Azərbaycan dilində düz-əməlli yaza bilmir.İndi bütün Azərbaycan belə yazır…

“Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar…”

Əgər seçim varsa, niyə “qəmin çoxunu” seçir? Uşaq doğan kimi qadın mazoxistə çevrilir?

 “Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış”

Başı, yəni saçı, ağardan qışdır? Qış – qocalıq mənasındadırsa, ananın, eləcə də atanın saçı qocalıqdan ağarır. Cəmi iki bənd qabaqda uşaq doğub, indi başına qar tökülür?

“Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar”.

Burda yəqin mətbəxdən söhbət gedir. Qaz pilətəsi ilə su kranı, əlbəttə, yaxın olur. Ancaq suyun soyuğundan ana necə keçir?

“Özüm də bilmirəm, Hüseyn, niyə 

Başımın tüstüsü çəkilir göyə?”

Analardan şeir yazan adamın başından niyə tüstü çıxır? Bəlkə, üzr istəyirəm, araqdandır? Azərbaycanda saf araq olmur, yəqin şairin içdiyi arağa benzin qatıblar, tüstü də ondandır.

“Torpaqmı anasız qalmasın deyə, 

Torpağın qoynuna köçür analar?”

Azərbaycan şairləri, xüsusən xalq şairləri, ordenli şairlər şeiri şah beytlə qurtarmalıydılr. Şeir “Kommunist” qəztində çıxan kimi görən  alqışlayırdı: “Səməd müəllim, nə demisən!” Rəsul müəllim, nə demisən!” “Hüseyn müəllim, nə demisən!” Ancaq diqqətlə oxuyanda görürsən ki, bu beytdə nökərlik ləyaqəti də yoxdur. “Torpaqmı anasız qalmasın deyə …” Yəni ana ölüb torpağın altına girir ki, torpağa ana olsun. Bəs bizim xalq şairlərimiz həmişə torpağın özünə ana demirdimi? Bəs atalar ölmürlər? Atalar niyə ölürlər? Torpaq atasız qalmasın?

Mən bu şeiri öyrənməli olan 5-ci sinif şagirdlərinin halına yanıram. Yəqin bu cəfəng mətni tədris edən müəllim ya müəllimə bir xaral arası və ya bir furalıq cəfəng söz danışıb onu tərifləyir.

Nə tərif, ay məllim? Bu mətndə nəinki şeirlik heç nə yoxdur, onun dili bərbaddır, belə mətnlərlə Azərbaycan dilinə yiyələnən insanın fikri də, fikrinin ifadəsi də dolaşıq olacaq.

Hüseyn Arif haqqında. Bu şair hələ mən uşaq və yeniyetmə olan vaxtlarda Hüseyn Hüseynzadə kimi tanınmışdı, kitabları da bu adla çıxırdı. Arif adında gənc oğlu qəzada həlak olandan sonra “Arif” təxəllüsünü götürür. Yaımdadır, keçən əsrin 70-ci illərində onun yekə bir kitabını almışdım. Onu nə qədər ələk-vələk elədimsə, bir yaxşı şeir tapa bilmədim və çox məyus oldum…. Onun “ Meşəbəyi” adlı bir gəraylısını aşıq melodiyası ilə Teymur Mustafayev oxuyandan sonra dəbə düşmüşdü və kənd toylarında hökmən “Meşəbəyi” sifariş verib düşürdülər ortalığa – sındır ki, sındırasan…  Poetik hünəri “Ağrın alım, meşəbəyi” səviyyəsində olan şair xüsusən oğlunun ölümündən sonra dərin, ya da dərin saydığı, hətta fəlsəfi mövzulara girişir. Gənc oğlunu faciəvi itirmiş atanın şeirlərinə kim tənqidi bir söz deyərdi? Qalın kitabları dalbadal çıxırdı, adlar, ordenlər…

Bu da onun irsi…

Ana haqqında şeir yazmaq istəyənə bəlkə də bir-iki aylıq kurs keçilməlidir. Şair ananın hamiləlik vaxtı, doğuşdan sonrakı vəziyyətini həkimlərdən öyrənməli, bir neçə imtahan, o cümlədən Cəfər Cabbarlının “Ana” şeirindən imtahan verməlidir…

Ya da “Ana” haqqında şeir yazmağa yarım əsrlik moratoriya qoyulmalıdır…

Ya da hər kəs öz anası haqqında yazmalıdır. Ana – müqəddəs deyil, ana — insandır, qadındır, anaların da hər cürü var. Gəlinə zülm edib onu intihar həddinə çatdıran qayınana da anadır. Rüşvətxor qadın həkimlər də, rüşvətxor qadın məmurlar da, hakimlər, prokurorlar, cəmiyyətin xeyli hissəsində dəhşət doğuran televiziya aparıcıları da anadırlar. Və onlarda heç bir müqəddəslik-zad yoxdur… Bəlkə cinayət məcəlləsinin beş-altı maddəsi onların həsrətindədir…Analara həsr edilən saysız-hesabsız sağlıqlar, təriflər, şeirlər nə ümumiyyətlə qadına və o cümlədən ana olan qadına əsl münasibəti əks etdirmir. Azərbaycanda az qala hər gün qadın başı kəsilir, o qadınların əksəriyyəti bir və ya bir neçə uşaq anasıdır. Və o başları kəsənlər isə atadırlar – ara şairlərinin toylarda oxunan şeirlərində müqəddəsliyə qaldırılan atalar…İnsanın cinsi, onun sosial statusu, ailə vəziyyəti, subaylığı və ya evliliyi onun xarakteri, əxlaqı haqqında heç nə demir. İnsanın əxlaqını, yaxşılığını ya pisliyini  onun davranışı, başqalarına münasibəti,gördüşü işlər müəyyən edir…

X.X.

04. 05. 2024, Samara