Архив тегов | kənd əhalisi

AZƏRBAYCAN ORDUSU YA KƏNDLİ ORDUSU?

Azərbaycan əhalisinin tərkibi haqqında İnternetdəki son dolğun məlumat 2013-cü ilin iyul ayına aiddir. Beləliklə, bu məlumata inansaq, iki il yarım əvvəl Azərbaycanda şəhər əhalisi 53, 1%, kənd əhalisi 46, 9 % təşkil edib. Yəqin ki, ötən müddət ərzində bu nisbət çox dəyişməz, dəyişiklik də şəhər əhalisinin xeyrinə olar.

Göründüyü kimi, şəhər əhalisi kənd əhalisindən xeyli çoxdur. Orduya çağırış Konsitusiya norması olduğuna görə, suravi heyətdə də nisbət təxminən belə olmalıdır. Ancaq itkilərə baxsaq, görərik ki, cəbhədə ölənlərin az qala yüz faizi kənlilərdir.

Bu vəziyyət necə yaranıb? Bu vəziyyəti kim yaradıb? Mən mütəxəssis deyiləm, öz mülahizəmi deyirəm: belə vəziyyəti ancaq korrupsiya yarada bilər, başqa heç nə yox.

Müdafiə nazirindən çox yaxşı sözlər yazırlar. Ancaq Zakir Həsənovun vaxtında bu məsələdə heç nə dəyişməyib. Yenə səngərlərə kənd uşaqlarını yığırlar.

İndi müasir silahlardan istifadə, müsir döyüş taktikaları əsgərdən yüksək hazırlıq tələb edir, yüksək vətənpərvərlik, qeyrət kifayət deyil. Dövlət rəhbərliyi özü etiraf edir ki, kənd məktəblərinin məzunlarının mühüm hissəsinin bilik səviyyəsi aşağıdır. Onda bəs necə olur ki, məktəbi “üç”lə qurtarmış kənd uşaqlarının əlinə  iki-üçü ay hazırlıqdan sonra müasir silah verib qoyurlar düşmənlə üz-üzə?

Hanı İnternetdə “bla-bla-bla” eləyən rusdilli zirək oğlanlar?

Əgər ordunun əsas komplektləşdirmə prinsipi korrupsiyadırsa, onun lap xırda qələbəsi çox böyük itkilər bahasına başa gələcək. Biz kənd uşaqlarının meyitlərini ayaq altına döşəıyib yüksəkliyi yalnız adında olan təpəyə dırmanırıq. Bu, düzdürmü?

Niyə şəhər uşaqları əsgərlikdən qaçırlar? Niyə pulu olan əsgərlikdən qaça bilr? Niyə nəinki ölkə, hətta rayon səviyyəsində rəhbərlərin uşaqları cəbhədə deyillər? Cəbhədə deyillərsə, bəs hardadırlar?

Yaxşı, ölkə uğrunda döyüşmək kəndli balalarının alnına yazılıbsa, niyə heç olmasa rayon mərkəzlərində Rusiyadakı kadet məktəbləri kimi hərbi məktəblər açılmır? Axı kənd uşaqlarının orduya hazırlıqlı gəlməsi onların ilk döyüşdəcə tələf olmaq ehtimalını azaldardı.

Mən istərdim ki, mənim həmvətənlərim Qarabağ ətrafındkı döyüşləri futbol oyunu kimi izləməsinlər. Uşaqlarımız qırılırlar…

Mən məktəbli olanda, bəlkə 11-12 yaşım olardı, Ukrayna yazıçısı Oles Qonçarın “İnsan və silah” romanını azərbaycanca oxumuşam. İlk döyüşdəcə öldürülmüş on səkkiz yaşlı əsgərin cəsədinə, yanına düşmüş əlinə baxan müəllif “bu  əlin heç vaxt qadın sinəsinə dəymədiyini” düşünür… (mən yaddaşla yazıram).

Bax, belə.

Və fikirləşməyin ki, iqtisadiyyatda, maarifdə, səhiyyədə yarıtmayan rəhbərlik müdafiədə yarıda bilər.

Bilməz!

“Əli heç vaxt qadın sinəsinə dəyməmiş” qanına qəltan olan gənclərimizi düşünün!

05.04.2016

Samara