Hamıya məlumdur ki, hər millətin vacib bir xüsusiyyəri olur. Azərbaycanlıda bu, gördüyü işə qəmbərqulu qoymaqdır. Bir adamın azərbaycanlı olub-olmadığını bilmək istəyirsinizə, baxın onun gördüyü işə: qəmbərqulusu varsa, azərbaycanlıdır, yoxdursa, zatında iş var, and içib özünü öldürsə də, inanmayın.
Bu latın əlifbası ki, var, onu dünyanın çox xalqları işlədir, heç kim də qələt eləyib bu əlifbaya əlavə bir işarə də salmayıb. Azərbaycanlı isə öz qəmbərqulusunu latın əlifbasına da qoydu, yəni olmayan “ə” hərfini pərçim eləyib saldı bura ki, erməni özü də baxanda əlifbanın azərbaycanlıya məxsus olduğuna şübhə eləməsin.
Düzü mən əvvəllər bu hərfdən utanıb xəcalət çəkirdim, fikirləşirdim ki, şoğərib hərfə baxıb ingilis bizi qınayar, alman bizi qınayar. İndi-indi başa düşürəm ki, millətimiz elə bu hərfin üstündə dayanıb durub. Məsələn, bizim ən dəyərli soyadlarımız elə “ə” hərfiylə başlayıt: Əhmədov, Əzimov… Bəh-bəh… Başqa bir misal. Götürək dəstəkləmək sözünü. “Ə” hərfi olmasa, bu söz əlimizdən, yəıni dilimidən çıxar. Onda a qardaş, a gözünə dönüm sənin, bəs biz prezidenti, baş naziri, məhkəməni, prokuroru, gömrükçünü, mollanı, hacını, bir sözlə, bütün nəcib və qeyrətli kişilərimizi necə dəstəklərik? Onda gərək hamısına qulp qoyaydıq. Vallah, aləm qarışardı bir-birinə, böyük-kiçiklik qalmazdı, it yiyəsini tanımazdı. Allah bu “Ə” hərfinə bərəkət versin, onu əlifbamızdan əskik eləməsin.
Elə deyilmi, qağa? Bəs niyə mısmıqığını sallayıb gözünü döyürsən, ə?
Mirzə ƏLİL
Avqust 2005, “Ocaq” qəzeti