Архив тегов | Məmməd Araz

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VII

Məmməd Araz şeirləri

“BELƏ DÜNYANIN”

Diqqət! Bu şeir Mikayıl Müşfiqin xatirəsinə həsr olunub.

“Söz verdim, söz adlı dəfinə verə,

Tək bircə ölümsüz qərinə verə.

 Umdum nə verdi ki, küsdüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?»

Müraciət kimədir? Allaha? Müşfiqin xatirəsinə? “Ölümsüz bir qərinə”, yəni 33 il (niyə 33 il?) almaq istəyən söz verməz, məsələn, and verər.Bəndin son misrasından məlum olur ki, sözü dünyaya veribmiş. Müsəlmanlar! Siz bir şey umanda hara, niyə üz tutursunuz? Dünyadan istəyirsiniz? Dünya nədir?

Sonra ara qarışır, məzhəb itir.

“İtirib özündə özünü dünya,

Toyların, yasların özülü dünya…

Əlim ətəyindən üzülü dünya…

Mən belə dünyanın nəyindən küsüm?

Bu misralarda bir damcı da məna və məzmun yoxdur.

Necə yəni “dünya özünü itirib?” Bütün dünya? Hansısa hissəsi? “Toyun”, “yasın” özülü olur?  “Səbəb” nəzərdə tutulursa, de ki, səbəbi olur? Qafiyə olmur? Qafiyə xatirinə cəfəngiyat döşəmək və bunu Müşfiqin adıyla baölamaq ayıb deyil?

Məmməd Arazın əli dünyanın ətəyindən niyə üzülüb? Şeir 89-da yazılıb, şair kurortlar gəzir, özünə kürəkən, kürəkəninə karyera hazırlayır…

“Ömrünə vay salar, vaydan utanmaz»

Dünya utanmaz?

“Saç yolub-hay salar, haydan utanmaz»

Dünya saç yolub hay salır?

“Günəşdən utanmaz, aydan utanmaz»

Bəs bu nədir? Dünya günəşdən, aydan niyə utanmalıdır? Günəş, ay elə dünya deyil?

Heyf səndən Müşfiq!

Sonrasına baxın:

“Ayağı altına yastıq qoyanlar,

 Başının altına qumbara qoydu!

Nadanlar dünyanı qumara qoydu!

Ayağın altında yastıq – bunu necə başa düşək? Onlar qumbaranı kimi başının altına qoydular?

“Olsan öz haqqının köləsi belə,

 Əri öz içində, öləzi belə..”.

Bu şair, ədib mətni deyil, pul mənimsəmək üçün tərtib olunmuş aferist  sənədidir, səni sözlə, qafiyə ilə elə basdırır ki, çaşıb qalırsan…

Aha! Sevgi şeiri! Məmməd Araz sevgi şeiri yazırmış. Maraqlıdır, Aqil Abbasın qayınanasına yazıb, yoxsa ayrı arvada? 1989-cu ildə yazılıbsa, ayrı arvad olub. Azərbaycan şairinin kurortda, sanatoriyada arvadbazlıq eləməyi qanun idi… Təkcə kurortda yox. Nüsrət Kəsəmənliyə Ədəbiyyat institutunun yataqxanasında rus qızının necə yağlı şillə vurduğundan əvvəllər yazmışam…(https://xeyrulla.com/2018/12/10/nusr%C9%99t-k%C9%99s%C9%99m%C9%99ninin-gulm%C9%99li-seirl%C9%99ri-s%C9%99n-dem%C9%99-t%C9%99z%C9%99d%C9%99n-sevm%C9%99k-olarmis/)

Qayıaq sevgi şeirinə.

QAÇMA MƏNDƏN

“Məndən qaçma, quzu ceyran,

Məndən qaçmağa nə var ki?

Dərdimi qan, dərdimə yan…

“Dərdimi qan” – şair dili deyil, qəssab dilidir. Ancaq kurort eşqbazlığına yarayar…

“Ovçusuyam tələm yoxdur….”

Nəyin, kimin “ovçusuyam?

Əslində “Ovçuyam, tələm yoxdur”, olmalıdır,  ancaq gəraylı ölçüsünə heca çatmadığından yazır “ovçusuyam”, çünki oxucularını lox və debil sayır. Və elə də böyük səhv eləmir…

“Sözümə tən qələm yoxdur…»

Yenə Qoqolu yadımıza saldı. Klassik deyirdi: Mən bunu ai qələmlə yaza bilmərəm, mənə qızıl qələm verin…

“Nur zülmətsiz haçan oldu?”

Haçan oldu? Heç vaxt! Düzünü bilirsənsə, sən de. “Quzu ceyran”ı bu fəlsəfi-astronomik problemlər maraqlandırır?

Sonrasına baxın:

“Zülmətdən nur içən oldu!

Ürəyimdən qaçan oldu…

Sən-mən belə cəfəngiyat yazsaq, arvadlar, salyanlılar demişkən, başımıza ala verərlər. Bunun dalıyca göz yaşı da, ağız suyu da axıdırlar…

Ürəyimdən qaçan oldu…

Gör quzu ceyrana sonra nə deyir:

“Bağına tufan deyiləm,

Qaçsan da qovan deyiləm

Niyə qovmursan? Rus lətifəsinin qəhrəmanı deyirdi ki, tutmasam da, heç olmasa, qızınaram…

Sevgi şeiri bitdi…

Məmməd Araz Müşfiqin yaxasından əl çəkən kimi düşüb Mirzə Cəlilin üstünə.

“DÜNYA DÜZƏLMİR”. Epiqraf: “Böyük Mirzə Cəlilə”.

“Ömür də tükənir, söz də tükənir,

 Başımın altından yastıq da qaçır.

Qabağa qaçaraq deməliyəm ki, “Molla Nəsrəddin” jurnalı belə şeirlər alanda müəllifə məsləhət görürdü ki, özünü ya doxdura göstərsin ya da falçıya.

“Çölümdən yaz qaçır, yazlıq da qaçır,

 Dünya düzəlmir ki, düzəlmir, baba!

Yaz – bilirik. Yazlıq nədir? Yəqin Məmməd Araz kürəkəni Aqil Abbasla kiçil müəssisə açıbmış, yeno sözlər istehsal edirlərmiş…

“Baba” – bunu Mirzə Cəlilə deyir? Bu nə tərk-ədəblikdir? Mİrzə Cəlil naxçıvanlıdır, danabaş deyil!

Oxucu diqqətini cəmləşdirib ki, bu şeirdə Mirzə Cəlili görsün. Özünü də görməsə, arvadı Həmidə xanımı görsün. Ya da evlərindəki qulluqçunu – Həmidə xanım qulluqçusuz keçinməzdi… Ancaq görmürük. Məmməd Araz öz repertuarındadır: buludları əkir, selləri üyüdür…

“Kiminsə dünəni qəbirsiz qalıb,

Kotançı babası dəmirsiz qalıb,

Körükçü atası kömürsüz qalıb,

Xəmrəsi, urvası xəmirsiz qalıb

Dünya düzəlmir ki, düzəlmir, baba!

Hardan düzələr? “körükçü kömürsüz” qalıbsa.

“Xəmrəsi, urvası xəmirsiz qalıb…

Bunu başa düşmədim…

Cənab Məmməd Araz!  (sağlığına deyirəm). Mirzə Cəlil başda oturanlarla çaşqa-lojkalıq eləmirdi, onlardan ad, pul, orden, fəxri xiyabanda yer almırdı. Cəlil Məmmədquluzadə jurnalist və sənətkar idi, aferist qafiyəbaz yox – sənin Mirzə Cəlillə nə işin?

“Baxsam «döz» deyənə, «döz» deyilənə

Ağzımdan qapılar öz halal tikəm,

Birinci misranı başa düşmədim. İkinci misradan onu başa düşdüm ki, tikəsini halal sayırmış. Dövlətin, yəni xalqın  hesabına ildə cəfəngiyat dolu iki-üç kitab nəşr etdirib ətək-ətək pul alan, kurortlar gəzən adam tikəsini halal sayır!

Aqil Abbasın da tikəsi haladır, bəs necə! Ancaq xalqın tikəsini zəhrmara döndərmisiniz…

X.X.

01. 06. 2024, Samara

Əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VI

66-CI SONET. TƏLƏT ƏYYUBOV VƏ MƏMMƏD ARAZ ƏLİBAYRAMLIDA

Bu günlərdə Şekspirin 66-cı sonetini tərcümə edərkən bu şeiri ilk dəfə azərbaycancaya çevirmiş mərhum Tələt Əyyubovun bir vaxt tələbəsi olduğum Əlibayramlı pedaqoji məktəbinə gəlişini xatırladım.

Bu gəliş yəqin 1969-cu ildə olub. Ay yadımda deyil Bəlkə də payız idi. Pedaqoji məktəbə hərdən tanınmış adamlar dəvət olunurdular. Tələt Əyyubov Məmməd Arazla gəlmişdi. Cavan şair Məmməd İbrahim “Araz” təxəllüsünü təzə-təzə götürmüşdü. Bu barədə ona sual verdilər. Dedi ki, onu Məmməd Rahimlə dəyişik salırdılar. “O da pərt olurdu, mən də”,  — bu sözlər dəqiq yadımdadır. Sonra Məmməd Araz şeirlərindən oxudu. Nobel mükafatı haqqında şeir ruh yüksəkliyi ilə qarşılandı. Şairin fikrincə, bu mükafat Azərbaycan neftinin, Azərbaycan millətinin qanı-təri bahasına yaranmışdır… Deməliyəm ki, Əlibayramlı pedaqoji məktəbinin tələbələri ucdantutma cahil idilər. Mən özüm orda oxuduğum dörd il ərzində oxumağı tamam yadırğadım və yarımvəhşiyə çevrildim… Demək istəyirəm ki, Nobel mükafatı barədə təsəvvürümüz yox idi. Şairlər gedəndən sonra hacıqabullu pedaqogika müəllimi, keçmiş raykom katibi Əli müəllim dedi ki, Nobel mükafatının Azərbaycan neftinə dəxli yoxdur, yəni bu Nobel o Nobeldən deyil…

Sonralar, kitaba, təhsilə qayıdandan sonra Məmməd Arazın da şeirlərini oxudum və gördüm ki, bu bu şair ədəbiyyatımızda ən çox süni şəkildə şişirdilmiş adlardan biridir. Onun bircə şeirini də bəyənmirəm. Sözlər var, qafiyələr var, şeir yoxdur… Qalacaq, qalacıq… Lər, lər, pəncərələr…(Bunu mən deməmişəm…)

İndi Tələt Əyyubov haqqında.

Səkkizincini qurtarana qədər kənd kitabxanasında nə vardısa, oxumuşdum, o cümlədən çoxlu pis kitabı. Kitabxanada Şekspir də vardı. Yekə, pəncərə boyda kitab, xeyli pyes, iki poema, səhv etmirəmsə, bütün sonetlər. Sonetlərin tərcüməçiləri yadımda deyil. Ancaq 66-cı soneti Tələt Əyyubovun çevirdiyini bilirdim. Və indi tərcüməçini şəxsən dörd-beş adddımlaqdan görməyim məni çox həyəcanlandırırdı… Tələt Əyyubov bir neçə şeirini oxuyandan sonra tərcümələrə keçdi və 66-cı soneti oxudu. Səsi indi də yadımdadır…

Və indiyəcən 66-cı sonetin ilk misraları Tələt Əyyubivun səsi ilə qulağımda səslənir… Sonralar bildim ki, Tələt Əyyubovun tərcüməsinin Şekspirə az dəxli var, çünki Tələt Əyyubov əslində dilini bilmədiyi  Şekspiri yox, Samuil Marşakı ruscadan çevirib…

Şekspir sonetlərinin ölçüsü yambik pentametrdir. Hər misrada 10 heca var. Bu hecalar ikiliklər təşkil edir – vurğusuz və vurğulu hecanın cütü. Cəmi beş ikilik olduğundan pentametr deyilir. Bu ölçüyə bizdə ən çox onbirhecalı şeir yaxındır. Uzun ölçü – ondördhecalı – götürməklə tərcüməçi, əlbəttə, öz işini asanlaşdırır. Məsələn, Süleyman Rüstəm “Sirlər xəzinəsini” belə çevirib və ona görə misralarda çoxlu artıq sözlər var.

Şam şəhərində xeyli qoca bir kişi vardı,

Pəri kimi, cin kimi camaatdan qaçardı…

İndi artıq sözləri ataq:

Bir qoca yaşardı Şam şəhərində

Cin tək insanlardan o çəkinərdi…

Yəni təxminən belə. Dilimiz ingilis dili kimi zəngin və işlənmiş deyil, ancaq elə aciz saymaq da olmaz. Çalışanda fövqəladə nəticələr alınır…

Mən də əvvəllər elə güman edirdim ki, Şekspir qısa ölçü ilə dilimizdə alınmaz, çoxlu itki olar. 8-9 soneti əruzla çevirmişdim. 66-cı soneti axıra saxlamaq fikrindəydim. Yaşımı nəzərə alıb özümü tələsdirdim və bu günlərdə soneti heca ilə, onbirliklə çevirdim. Alındı, dilimizlə fəxr elədim!

Qayıdaq Tələt Əyyubova. Şekspir sonetlərində misraların sayı 14-dür (üç sonetdən başqa). Çarpaz qafiyəli üç dördlük və yekun beyt. Tələt Əyyubov soneti məsnəvi kimi tərcümə edir. Bu, əlbəttə, sonet deyil. Həm də orijinalı bilməməyi də əlavə qüsurlar yaradır. Onun tərcüməsində şeir belə bitir:

Hər tərəfdə rəzalət baş qaldırır, yüksəlir,

Ancaq səni atmağa, əziz dost, heyfim gəlir.

Orujinal belədir:

Tired with all these, from these would I be gone,
Save that, to die, I leave my love alone.

Mənim tərcüməm:

Üzülüb bunlardan gedərdim, nə qəm,

 Sevdiyim tək qalar fəqət mən ölsəm. 

Yəni təkrar edirəm ki, Tələt Əyyubov Şekspiri yox, Marşakı tərcümə edir. Marşakda yekun beyt belədir:

Все мерзостно, что вижу вокруг…
Но как тебя покинуть, милый друг!

Bütün bunlara baxmayaraq, Tələt Əyyubovun tərcüməsinin xeyli şübhəsiz ləyaqəti də var. Sonetin ruhu hiss olunur, ingilis dram monoloquna xas pafos da var. Mən İnternetdə Tələt Əyyubiv haqqında heç bir məlumat tapmayıb çox məyus oldum…

Allah sənə rəhmət eləsin, Tələt müəllim!

Mən bu qeydlərimlə bağlı İnternetdə 66-cı sonetin Azərbaycan dilinə başqa tərcüməlrini axtardım. Tapdığınm iki tərcümə, biri türkcədən, ürəyimə yatmadı…

Dünyanın axırı deyl. Şekspirin də sonu yoxdur. Həmişə qüvvəni, bacarığını sınamaq olar…Şekspir meydanında…

12-13.12.2017

Samara