Архив тегов | Məmməd İsmayıl şeirləri

MƏN ÜZÜMÜ TUTURAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ, ELZA SEYİDCAHANA: «İÇİNİN İÇİ» NƏDİR?

Şair Məmməd İsmayıl ölüb.

Mən hələ Azərbaycanda yaşayan vaxtlar, yəni ən azı qırx beş -əlli il əvvəl Məmməd İsmayılın şeirlərii oxumuşdum, hətta bir kitabçasını almışdım da. Bəyənirdimmi? Yox. Əlbəttə, mən demirəm ki, Məmməd İsmayıl yaxşı şair olmayıb. Mən deyirəm ki, onun şeirləri mənim xoşuma gəlməyib. İndi görürəm ki, Azərbaycanda Məmməd İsmayılın şeirlərini bəyənməyən adam yox imiş. Bütün millət Məmməd İsmayıl poeziyasının vurğunu imiş. Cəmil Həsənli (Bəkir Nəbiyevin varisi) Məmməd İsmayıl barədə xatirələrini yazıb. Mərhum qəbrə qoyulmamış Cəmil müəllim xatirələrini xalqa təqdim edib. Yəqin Məmməd İsmayıl sağ ikən yazırmış, professor hadisəyə əsaslı hazırlaşıb. Bizim tayımız deyil, alim adamdır, bilir ki, hamı gec-tez öləcək…

Məmməd İsmayıldan yazanların hər biri, əlbəttə, onun şeirlərindən sitat gətirir. Mən də bu sitatları acgözlüklə oxuyuram. İstəyirəm başa düşəm ki, problem nədədir. Bəlkə problem şeirdə deyil, məndədir. Yəni Allah mənə verməyib. Yəni Allah məni sənət, poeziya duyumundan mağmın eləyib. Yəni mən bir növ intellektual və ya estetik əliləm. Yəqin Azərbaycanda olsaydım, hökumət mənə əlillik kəsərdi. Azərbaycanın çox yaxşı hökuməti var…

Məmməd İsmayılın qürbətlə, vətənlə bağlı şeirlərini sitatlayanlar çoxdur.Bu mənim üçün çox maraqlıdır. Çünki mən özüm də qürbətdə yaşayıram. Əlbəttə, mənim qürbətim Məmməd İsmayılın qürbətinə tay olmaz: Rusiya hara, Türkiyə hara… Mən Türkiyə qürbətinə bir həftə dözməzdim, bilmirəm Məmməd İsmayılı necə dözüb. Yəni şeirlə başını qarışdırıb….

İndi mən bu sitatları oxuyuram ki, Məmməd İsmayılla özüm arasındakı bu anlaşılmazlığı aradan qaldırım, yəni imana gəlim, qoşulum gözəl millətimə, mən də olum on milyondan biri. Lap axırıncısı da olsam…

Şeirə baxaq:

“…Gedərsən, məchula yol gedər gedən…”

Başa düşdünüz? Mən – yox. Yəqin Türkiyə qürbətinə məchul deyir. Rusiya qürbəti məchul-zad deyil. Yüz faiz məlumdur…

“Qürbət, bir açılmaz sirdən başlayar.”

Başa düşdünüz? Mən – yox. Adam qürbətə gedirsə, burda nə sirr? Məsələn, Cəmil Həsənli gedir Britaniyaya, ABŞ-a. Gedir ki, arxivdə işləsin. Bu yaxınlarda London arxivində Bəxtiyar Vahabzadənin bir ərizəsini tapıb. Bəxtiyar müəllim ərz edir ki, ona Kürdəmir ezamiyyəti versinlər… Yox, bu, gülməli məsələdir, qalsım sonraya. İndi ümumxalq matəmidir. Ciddi şeylərdən danışaq.

“Burnunun ucunu göynədən vətən

Yadına düşdüyü yerdən başlayar.”

Deyək ki, Vətən mənim yadıma düşüb Kalmıkiyanı keçəndə. Ya Volqoqradda. Ya elə burda, Samarada. Vətən — başlayacaq? Yaxşı, əvvəl burun göynəyir, sonra vətən yada düşür və ya əvvəl vətən yada düşür, sonra andıra qalmış burun göynəməyə başlayır? (Qoqol yadınızdadır? Bir alman burnunu kəsib atmaq istəyirdi. Ülgüclə, deyirdi təngə gətirib  burnu onu)…

Dalına (şeirin dalına) baxaq.

“Gedərsən, vətənin qalar vətəndə”

Vətən vətəndə qalar? Bunu başa düşən varsa, ürəyimizi üzməsin, desin. Mən bütün yapçılara, ASAN xidmətə, sərhəd və gömrük xidmətinə müraciət edirəm: “vətən vətəndə qalar” nə deməkdir? Yəni Kür Kürdə qalar, Xəzər Xəzərdə qalar, Binəqədi Binəqədidə qalar?

“İçinin içində köz vətən olar.”

Yenə millətə, Qafqaz müzəlmanları idarəsinə. Şəxsən Allahşükür Paşazadəyə və Elza Seyidcana müraciət edirəm: için içi nədir? Burda ayıb bir şey yoxdur ki? Bunu uşaqlar oxuya bilərdmi?

Müsibətdir, vallah…

“Dərdinə, sərinə vətənsən   sən də…”

Mən üzümü tuturam naxçıvanlı akademiklərə, çünki başqa akademiklərə etibar elmirəm: dərd, sər həmcins üzv ola bilərmi? Dərd – dərddir, ağrıdır, “sər” isə “baş”dır, “dərd-sər” baş bəlası, baş ağrısıdır, bu fars izafətini iki yerə ayırıb həmcins üzv kimi sadalamaq cahillikdir, Milli Məclisdəki 200-dən çox başın hamısına and olsun!

“Qürbətdə sənə də söz, vətən olar.

Özü heç, sözünü unutma, vətən”

Bu beytdə aləm qarışıb. Bilmirsən mübtəda hardadır, xitab hardadır, “öz” kimdir, “söz” kimindir, kin nəyi unutmamalıdır…

Yox, bir ləzgi lətifəsində deyildiyi kimi, “bigenmedim”…

Allah rəhmət eləsin şairi.

Allah bu canfəşanlıq eləyənlərin dilinə, ağzına möhür vursun, barmaqlarını iki-üç günlük iflic eləsin ki, bu cəfəngiyatı aləmə yaymasınlar, özləri diqqətlə oxusunlar….

 

Mirzə Əlil

20. 08. 2025, Samara