Архив тегов | merlərin həbsi

KOMEDİYANIN SONU: ƏRDOĞAN XALQA «VIZQURT» DEDİ…

Bu Türkiyədə nə çox şəhər var imiş! Sağ olsun Ərdoğan. Türkiyəni dünyaya tanıdır, özü də ətraflı tanıdır. Mən indi azından əlli-altımış türk şəhərinin adını bilirəm. Bunlar merlərini Ərdoğanın həbs etdirdiyi şəhərlərdir. Vallah, sağ olsun Rəcəb, merləri tutmsaydı, o şəhərləri kim tanıyardı? Gündə on-on beş şəhərin adı dünyaya yayılır, yəni on-on beş mer tutulur. İosif Brodskinin bir şeirində deyldiyi ki, tutulan merlərdən bir şəhər salmaq olardı…

Bilmirəm niyə Avropada, ABŞ-da, Kanadada Ərdoğanın təcrübəsindən istifadə edib şəhərlərini tanıtmırlar. Mən, məsələn, neçə fransız şəhəri tanıyıram? Üç ya dörd. Ancaq Fransada yüzlərlə irili-xırdalı şəhər var. Sabah Makron başlasa onların merlərini tutub dama salmağa, bütün dünya o şəhərləri tanıyar. Bəlkə Fransaya gedən turistlərin sayı da artar. Yəni Fransa büdcəsinə xeyli əlavə pul gələr.Ancaq tutmur. Səkkiz ildir prezidentdir, bir mer də tutmayıb. Niyə tutmayıb? Yaxşı fikirləşəndə görürsən ki, Makron bir meri də tuta bilməz. Makron nəinki meri, hətta ən kiçik şəhərin meriasınıın süpürgəçisini də tuta bilməz. Çünki Fransada prezidentin hər hansı vətəndaşı həbs etdirmək səlahiyyəti yoxdur. Çünki Fransada qanun var, hüquq-mühafizə orqanlarına nəzarət edən parlament var, iqtidardan asılı olmayan məhkəmə var. Yox, Makron meri heç cür tuta bilməz. Birdən polisə, hakimə bir möcüzə ilə təzyiq göstərib lap kiçik bir şəhərin merini tutdursa, bütün Fransa qalxar ayağa. Vallah, o mer buraxılmayanca şəhərlərdə qarət olunmayan mağaza, yandırılmayan maşın qalmaz. Bəli fransızlar qızğın xalqdır. Ancaq qızğın xalqlar çoxdur. Biz də elə az-çox qızğınıq. Ancaq fransızlarda demokratik azadlıalar tələbatı hava, su, çörək tələbatı səviyyəsindədir. Bizdə bu tələbat yoxdur. Fransızlarda şəxsi ləyaqət hissi var. Bizdə isə… Var? Neçə nəfərdə? Niyə xalq bu rəzalətə dözür?

Hanı Türkiyənin boz qurdları? Görünmürlər. Ağacqurdu, meyvəqurdu, bağırsaq qurd kimi dərinlərə çəkilib özlərini göstərmirlər. Ərdoğan türklərə göstərdi ki, onlar necə qurddurlar, hansı qurddandırlar. Bir diktator xalqı qurd eşənəyinə çevirdi. Xalqa “vızqurt” dedi…

Bizdə də sovet hakimiyyəti dağılanda nə qədər insan qurd cildinə girmək istədi. Dünənki pionerlər, komsomolçular, kommunistlər oldular bozqurd, özqurd, qozqurd… Dörd il meydanda ulaşma oldu. Müharibə başlayan kimi bu bozqurdların, qozqurdların çoxu qaçıb özünü bir deşiyə soxdu, ermənilərin qabağına kəndlərin quzu kimi sütül uşaqları çıxdılar… Deşiyə girməyən qozqurdlar vəzifə tutdular, pula, mala daraşdılar…

Əlbəttə, mən Türkiyədə cəsur, lap canavar kimi qorxusuz, vuruşqan insanların olduğunu inkar eləmirəm. Ancaq canavarlar demokratiya qurmurlar. Canavarlar dəstəyə yığılır, dəstə başçısına tabe olurlar. Çeçenlərdən canavar millət yoxdur. Adını çətinliklə yazan Ramzanın qabağında ikiqatdırlar. Çünki cəsurluq, döyüşkənlik ayrı, şəxsi ləyaqət hissi, şəxsi azadlıqlar tələbatı ayrı. Bu ikincilər bizdə yoxdur. Türkiyədə şəxsi ləyaqət hisssi genetik səviyyədə  olan insanların da yəqin nəsli kəsilib – yəni qanıyla, geniylə türk yox, yunan, romalı, yəni avropalı olan insanların tumu artıq itib. İndiki türklərlə Atatürk heç bir reform keçirə bilməzdi. İndiki türklər avropalı qarışığı olmayan ya da cüzi olan türklərdir. Ona görə Ərdoğzn onlara “vızqurt” deyə bilir…

Və bütün bunlara görə haçan kimin adında, soyadında, təxəllüsündə “qurd” görürəm, gözümün qabağına almaqurdu ya soxulcan gəlir. Özümlə bacara bilmirəm. Çox istəyirəm ki, gözümün qabağına canavar gəlsin, gəlmir ki, gəlmir…

Mirzə Əlil

18. 07. 2025, Samara