Архив тегов | Milli Məclis

AY RUŞAYLO BƏY, BƏYƏNDİN?

 

Əgər yanınızda desələr ki, adam qocalanda arsız olur, utanmaz olur, inanmayın. Götürək elə məni, yaşımın dibi yoxdur, ancaq utananda elə utanıram ki, az qalıram yerə girəm. Qocalığımı nəzərə alsaq, deməliyəm ki, ölüb yerə girəm…Məsələn, Azərbaycan parlamentinə seçkilər keçiriləndə elə utanır, elə qızarırdım ki, saqqalım olmasaydı, milislər məni kefli bilib tutardılar. Eybimi saqqal örtür, vallah. Bəli, mən çox təşvişdəydim, çox təlaşdaydım,  Rusiyada yaşasaq da, azərbaycanlıyıq dana, vallah, hərdən-hərdən qeyrət adamı boğur… Mənim əsas qorxduğum şey bu idi ki, birdən ordakı seçkiləri rus müşahidəçiləri bəyənməz. Adamdır da, birdən bəyənmədi. Rüsvay olardıq, vallah. Ermənilərin seçkilərinin Rusiya müşahidəçilərinin başçısı Ruşaylo cənabları elə bəyənmişdi ki, Moskvaya qayıdandan bir ay sonra da ağız-burnunu yalayırdı. İndi vura, bizim süçkiləri bəyənməyə. Onda biz ermənilərin yanında başıaşağı olardıq, vallah, onlar bizə rişxənd edib gülərdilər. Şükür allaha ki, Ruşaylo bəy Azərbaycan seçkilərindən çox razı qalıb, prezuidentə deyib ki, sağ ol, İlham bəyz, indiyəcən mən delə kef çəkməmişdim. İlham bəy də deyib ki, halal xoşun olsun, ay Ruşaylo bəy, əsil keflər hələ qabaqdadır, bu məclis əvvəlki məclislərdən deyil, əsil məclisdir, ailəvi məclisdir, gələn seçkiləri gözləmə, ürəyin istəyəndə gəl, kefin açılsın…

Bəh-bəh, eşidib xeyli cavanlaşdım. Ancaq qulağıma çatan bəzi sözlər məni yaman pərt elədi. Müxalifətçilər deyiblər ki, guya Ruşaylo bəy Bakıya gələndə özüylə bir təyyarə saz dəyənək gətiribmiş və onlar elə həmin dəyənəklərlə döyülüblər. Sübut üçün hətta bədənlərinin göyərən, qaralan yerlərini amerikalı müşahidəçilərə göstəriblər. Deyilənə görə, şalvarlarını çıxaranlar da olub… A zalım uşağı, müxalifətçi olanda adam abrını-həyasını itirməz ki. Vallah, mən xəcalətdən elə hala düşdüm ki, üstümə həkim çağırdılar…

Axı nə dəyənək davasıdır bui? A qırışmallar, nə bilirsiniz ki, sizə dəyən rus dəyənəyidir? Dəyənək dəyənəyə oxşayar dana…

 

Mirzə Əlil

dekabr 2005

“Ocaq” qəzeti

DƏLİ YIĞINCAĞI VƏ “BƏLİ” YIĞINCAĞI

Dekabr ayının yeddisində uşaqların anasıyla şirin-şirin söhbət elədiyim yerdə çox bərk bir zəng gəldi. Bildim ki, Şirvan bəyin zəngidir, maşallah, yaman bərk zəng vurmağı var. Telefonu götürüb dedim ki, “bəli”. Mən həmişə əvvəlcə “bəli” deyirəm, sonra salamlaşıram. Şirvan bəy də “bəli” deyib başladı ki, bəs Mirzə, bayramın mübarək olsun. Dedim Şirvan bəy, qurban bayramını deyirsənsə, bir az tələsmisən. Özü də ətsiz nə təbrik? Dedi ki, Mərzə, darıxma, ətini göndərəcəm, ancaq bu təbrik ayrı təbrikdir, mən səni Azərbaycan parlamentinin yaranmasının doxsan illiyi münasibətiylə təbrik edirəm. Bütün müsəlman şərqində bu parlament birincidir. Özü də demokratrik parlament olub bizim babalarımızın yaratdığı du parlament… Şirvan bəy telefonla çox danışdı bu parlamentdən, mən də hərdənbir “bəli” dedim, ancaq bircə onu başa düşdüm ki, bu bayramın əti olmayacaq, yenə allah qurban bayramına bərəkət versin.

Sonra ha çalışdımsa, uşaqların anasıyla nə danışdığımı yadıma sala bilmədim. Kefim pozuldu. Oturub fikirləşdim ki, yaxşı, əgər bu belə vacib bayramdırsa, Bakıda niyə top-tüfəng atmırlar, parad düzəltmirlər, atəşfəşanlıq qurmurlar. Bütün gecəni elə fikirləşə-fikirləşə yerimdə qurcuxdum. Sizdən yaxşı olmasın, yaxşı bir naxçıvanlı dostum var, səhəri gün onu tapdım, dedim ki, bəs məsələ bu yerdədir, Azərbaycan parlamentinin doxsan illik bayramıdır. Naxçıvanlı dostum dedi ki, “bəli” və daha heç nə demədi. Dedim bəs ayrı sözün yoxdur? Dedi ki, nə sözüm olacaq, ay Mirzə, ağzında parlament deyirsən. Görmürsən Azərbaycan parlamentində hamı “bəli” deyir? Dedim a kişi, o birinci parlamentdə hamı “bəli” demirmiş, “bəli” deyən də varmış, “xeyr” deyən də varmış. Dedi ki, Mirzə, o, parlament deyilmiş, dəli yığıncağı imiş. Parlament odur ki, prezident nə əmr eləsə, deputatlar bir ağızdan deyələr “bəli”.

Naxçıvanlının bu sözü məni yaman götürdü. Düzü, əvvəl istədim güləm. Ancaq Sumqayıt əhvalatını yadıma salıb qorxdum. Yerin də qulağı var, burda gülərsən, çatar Əliyevin qulağına. Yəni Sumqayıt başçısı Vaqif Əliyevin qulağına…

Günlərin bir günü beş-altı sumqayıtlı uşaq şəhər bağında gəzdikləri yerdə qəlblərinə şeytan girər, başlayarlar gülməyə. Bu Vaqif Əliyev kolun dalında oturubmuş, ya nədir,  çıxıb Ərəbzəngi kimi uşaqların qabağını kəsib ki, qırışmallar, nəyə gülürsünüz? Uşaqların matı-qutu çəkilib, deyiblər ki, elə özümüz güldük. Əliyev cənabları deyib ki, ləvənd uşaqları, siz özbaşınasız ki, kefiniz gələndə güləsiniz? Niyə gülürdünüz? Uşaqların içində bir diribaşı varmış, o yana baxıb, bu yana baxıb, bir quş görüb, deyib ki, bəs o quşa gülürdük. Əliyev cənabları uşaq göstərən tərəfə baxıb görüb ki, quş oturub düz mərhum öndərimizin başında. Yəni öndərin öz başında yox, heykəlinin başında. Əvvəlcə başçının nitqi tutulub, açılanda şivən salıb polisləri yığıb töküb ora, deyib ki, bu qırılmışları aparın basın dama, bunlar qudurublar, bunların ataları dövləti yıxmaq istəyir…

Hə, o vaxtdan uşaqlar özləri damdan buraxılsalar da, ataları polisə, icra başçısının yanına gedib-gəlirlər. Deyilənə görə, onlardan  o qədər pul istəyirlər ki, bundan sonra bütün ömürləri boyu nəinki özlərinin və uşaqlarının, hətta nəvələrinin də dodağı qaçmayacaq…

Bunu naxçıvanlı dostuma danışmadım, fikirləşdim ayrı şey deyim, ürəyi açılsın. Düzü, hey istəyirəm bu naxçıvanlıların qılığına girim, girə bilmirəm. Dedim xəbərin var, Azərbaycanda prezidentlik ömürlük olur. Dedi ki, “bəli”. Dedim ki, “bəlin” şirin, ancaq de görüm bu, yaxşıdır ya pisdir. Dedi ki, Mirzə, niyə mənə yava-yava suallar verirsən. Lap yaxşıdır. Elə yerlər var ki, orda prezidentlər öləndən sonra da ölkəni idarə edirlər. Dedim a kişi, elə şey olmaz. Naxçıvanlı dostum elə qeyzləndi ki, gözləri qanla doldu və qışqıra-qışqıra dedi: “A Mirzə, yalan deyirəmsə, heç bu iqtisadi böhrandan salamat çıxmayım”.

Mən də dedim ki, “bəli…

 

Mirzə Əlil

23.12.08 Samara