Архив тегов | Qənbər Rüstəmov

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 7. MƏLAHƏT VƏ QƏNBƏR

20230721_135628

Məlahətin qaçırılmağından haçan söz düşəndə məməm hökmən deməliydi ki, bu qəza ərəfəsində Əvəzin qızını son dəfə məhz o görüb. Deyirdi ki,  Əvəzin qızı Salyanın 2 nömrəli məktəbində sonuncu buraxılış imtahanını verib qayıdırmış. Bizim evin yanından keçəndə onunla salamlaşıb. “Əlində də gül var idi”, — bunu məməm xüsusi qeyd edirdi…

Əgər mərhum Əvəz kişi, yəni Məlahətin arası, qızını qaçırdanlardan milisə şikayət eləsəydi, məməmi yəqin ki, şahid qismində istintaqa cəlb edəcəkdilər. Tuta da bilərdilər… Rüşvətsiz əl çəkməzdilər… Deyərdilər ki, şər atırsan, bəlkə qız, əlində gül, elə özü Qənbərin görüşünə gedirmiş…Azərbaycan sovet milisi çox prinsipial idi… Yəqin məməm deyən gülü dəlil əşyası kimi hadisə yerində axtaracaqdlar. Hadisə yerində gül qalardı? Hadisə Bədəlov Şiralı ilə Hüseynov Qismətin evlərinin arasında olmuşdu. Məlahətin gülüni yəqin ki, ya Şiralının ya Qismətin qoyunları əlindən düşən kimi qapıb yemişdilər…

Həyat belədir də. Gülü əzizləyirik, əzizləyirik, sonra ya qoyuna, ya keçiyə qismət olur…

Məlahət məndən bir sinif yuxarıda oxuyub. Gözəl deyildi, ancaq adı kimi məlahətli idi. Kənd məktəbi o vaxt səkkizillik olduğundan, uşaqlar qalan iki sinfi Salyanda bitirirdilər. Yəqin ki, Məlahətin təhsilini davam etdirmək arzusu var imiş: institut olmasa da, texnikuma girib tibb bacısı, kitabxanaçı, ya ayrı peşə sahibi olmaq. Bəlkə elə instituta girərdi. Sonra sevdiyi oğlana gedərdi, şəhərə köçərdilər…On yeddi yaşlı məlahətli, sağlam, zirək qızın arzuları çox olmalıdır…

Bu arzuların hamısı Bədəlov Şiralı ilə Hüseynov Qismətin evlərinin aralığında puça çıxmışdı. Məlahət o aralıqdan keçən kimi yolun qırağında maşın saxlayıb söyüd kölgəsində dayanan üç zırpı kişi üstünə atılıb onu, Qaydayın “Qafqaz əsisi” filmində olduğu kimi, sürümüşdülər maşına sarı. “Qafqaz əsiri”ndəki Nina idmançıdır, dağa-daşa dırmaşır, ona görə fərsiz banditlər onun öhdəsindən gələ bilmirdilər. Məlahət idmançı deyildi, kənddə nə idmançı? Ancaq kənddə qadınların, qızların boynuna düşən ağır işlər onları öldürmürsə, alman filosofu deyən kimi, daha da bərkidir. Məlahəti oğurlayanların Əvəz kişinin bu qanışırin, məlahətli qızından tutarlı zərbələr yediyinə şübhəm yoxdur. Ancaq üç nəfərdən ikisini çıxsaq da, tək elə Məmmədnağıya  Məhəmməd Əlinin boksçu qızı da bata bilməzdi…

İndi oğurlayanların kimliyini deməliyəm: Qənbər, Məmmədnağı, Qəzənfər. Yəqin ki, Məlahət onun Qənbər üçün oğurlandığını dərhal başa düşmüşdü. Çünki Məmmədnağı çox yaşlı idi və çoxdan evli idi. Bəlkə Qəzənfər subay olardı, ancaq neçə ildən bəri evlənmək istəyən, ancaq elçilərinə “yox” deyilən Qənbər idi. Əlində gül, sinəsində milyon arzu buraxılış imtahanından gələn Məlahətin maşına basıldığı an düşdüyü vəziyyəti təsvvür etmək çətindir. Bəlkə təyyarədən tullanandan sonra paraşutu açılmayan və yerə çırpılıb məhv olacağını başa düşən insan o halda ola bilər…

Qənbər haqqında.

Qənbər rəhmətlik Alışır (yəni Əlişir) kişinin dördüncü oğludur. İsrafildən, Xasıdan və Ağadan sonra gəlir. Mənim qardaşım Adıgözəl Xası ilə bir idarədə çox işləyib. Xası haqqında eşitdiklərim onun haqqında yaxşı adam təsəvvürü yaradır. İsrafil kənddə az-az olurdu, fermada işləyir, elə orda da qalırdı. Ağa uzun müddət sovxozun kassiri olmuşdu, pulu, maşını var idi, gəncliyindən astmadan əziyyət çəkirdi. Sonra Beşdəliyə köçdü. Yəni Ağa haqqında da təsəvvürüm var. Beşdəlidə yaşayan vaxtlar, deyəsən, kassa daha da böyümüş, pul daha da çoxalmışdı. Bir dəfə bir kənd toyuna baxırdım. Bir oğlan uşağını oynatdılar. Yerdən xeyli adam durub oğlanı əhatəyə aldı və başına pul tökdü. Uşaq özü də ciblərindən  pul çıxarıb atırdı. Dedilər Ağanın oğludur.

Yəni Alışır kişinin üç böyük oğlunun hər birinin haqqında nə isə demək mümkündürsə, Qənbərə, necə deyərlər, sözüm yoxdur. Mənə elə gəlir ki, mən onun səsini də heç vaxt eşitməmişəm. Sovxoz maşınını sürürdü. Pambıq vaxtı maşını məktəbin yanında saxlayır, bir qıraqda durub uşaqların minməyini gözləyirdi. Vəssalam…

Xası həmişə yarızarafat, yarıgerçək deyirmiş ki, üç qardaşın, yəni İsrafilin, Xasının, Ağanın, pasportlarında təvəllüdləri 1934-dür. Bu, doğrudan da beləydi. Ancaq niyə görə belə olduğunu, belə çıxır ki, Xası özü də bilmirmiş. Ancaq əkiz olmadıqlarına şübhə yoxdur. Qənbərin isə yalnız onun özünə məxsus, qanuni təvəllüdü var idi: 1937. Mən müəllim işləyəndə müxtəlif seçkilər keçirilərkən seçki məntəqəsi məktəbdə yerləşdüyi üçün seçicilərin dəhlizdən asılan siyahılarına çox baxardım. Kimin hansı yaşda, kimin kiminlə yaşıd olduğunu, nə vaxt oxduğunu, haçan əsgər getdiyini bilmək maraqlı idi. Mən məktəbdə 1972-ci ildən işləmişəm, o vaxt artıq üç il idi ki, Qənbərlə Məlahət ər-arvad idilər. Seçki siyahılarında adları yanaşı olardı. Təvəllüdləri 1937 və 1952…

Əlbəttə, məsələ yaş fərqində deyil. Məsələ ondadır ki, gündüz günorta vaxtı üç kişi hələ attestat almağa macal tapmamış, nikaha yaşı düşməyən, ürəyində illərdən bəri bəslənən arzuları, planları olan qızı maşına basıb aparırlar ki, onlardan birinə arvad olsun. Bunu işğalçı ordunun əsgərləri, yadellilər eləmir, öz kəndinin adamı eləyir. Bu qız sevmədiyi, haqqında heç vaxt düşünmədiyi adamla tənlik həll eləməyəcək, inşa yazmayacaq, o bu adamla bir yasdığıa baş qoymalıdır…

Məsələ həm də ondadır ki, o vaxt otuz iki yaşı olan Qənbəri ata-anası çoxdan evləndirməyə çalışırdı. Bikə xala günüsü Böyükxanım xalanı yanına salıb çox qapılara elçiliyə getsə də, ona qız verən olmamışdı. İndi birdən bu Qənbər elə bil ki, onu saymamış, bəyənməmiş, bir növ alçaltmış insanların hamısından acığını çıxmaq üçün kəndin ən gözəlgəlim qızını zorla qaçırdır…

Kim onu bu fikrə salmışdı? Məmmədnağı? Qəzənfər? Məmmədnağı – çətin ki. Qəzənfər – ola bilər.

Kənddə heç kimin şübhəsi yox idi ki, Əvəz kişi tezliklə qızını aparıldığı yerdən tapıb gətirəcək evinə.

Məlahətin yeri bilindi. Məlahətin dalınca getdilər. Ancaq Məlahət evlərinə qayıtmadı, Qənbərə getməyə razılıq verdi. Yəni “olan olub…”

İnanmaq olmurdu…

Qadın cinsindəki adaptivlik qabiliyyəti heç bir kişidə yoxdur. Tezliklə, ən azı üzdə, Məlahət Qənbərlə mehriban yaşadı ki, elə bil doğulandan ona deyikli imiş… Məlahət təhsildə, peşədə, karyerada göstərə biləcəyi hünərləri ailə içində göstərdi, tezliklə Alışır tayfasının qeyri-formal lideri oldu. Onunla hesablaşırdılar. Kənd arvadlarının içində də Məlahətin yeri yüksək idi. Mən Rusiyadan gələndə məməmin başına yığılan arvadlar söhbət içində Məlahətdən tez-tez sitat gətirirdilər: Məlahət elə dedi, Məlahət belə dedi. Məlahət əməlli-başlı klassik olmuşdu…

Bəlkə elə belə yaxşı imiş? Axı Məlahət dədəsinin evinə qayıda bilərdi, şikayət eləsəydilər, zorçuların üçünü də basardılar dama. Nə gizlədim, Məmmədnağı ilə, Qənbərlə işim yoxdur, ancaq Qəzənfərin beş-altı il türmədə yatmağını istərdim. Bu istəyimin səbəbini izah etməyə çalışaram…

X.X.

26. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 6. ƏZİZƏ VƏ AĞALAR