XEYRULLA XƏYAL
Hərdən-hərdən, iki-üç ildən bir, əlyazmalarımı açıb gözdən keçirirəm. İldən-ilə onların sayı azalır – çap olunduqlarına görə yox, onlar çap olunmurlar. Mən əlyazmalarımı cırıram. Qalanlarında onları hələlik bu aqibətdən qoruyan şübhəsiz və bəlkə də yeganə ləyaqət qədimlikdir. Onlar çoxdan yazılıblar. O qədər çoxdan ki, müəllifin özüm olduğunu düşünəndə dəhşətə gəlirəm. Yəni, ruslar demişkən, mahnı oxunub qurtarıb. Ancaq kim oxudu o mahnını, haçan oxudu…
Bu yaxınlarda “Yol söhbəti” adlı hekayəm keçdi əlimə. Az qala otuz il əvvəl yazılıb. Bir iyirmi beş il əvvəl də makinada çap olunub. Sap-sarı olmuş kağızdan hüzn yağır, həm də təkcə hüzn yox – yoluxmaq da olar, allahın o qədər dərdi var ki, biri elə bu kağız sarılığında gəlib adamı tapar…
Yadıma düşür ki, hekayədəki adam uydurma deyil, onun adı Paşa idi və bu Paşa kişi bəlkə iyirmi ildir ölüb…
Mən Paşa kişiylə danışanda onun olardı… Yəqin mənim indiki yaşımdan az olardı yaşı. Sarışın ucaboy adamdı. Sağ əlinin kürən tük basmış barmaqlarına yaşı döyülmüşdü. Mənim əyri-üyrü ğöy rəqəmlərə baxdığımı görüb dedi ki, bu tarix əslində öz yaşı deyil, müharibə vaxtı tanışlıqla yaşını iki il azaldıblar ki, cəbhəyə getməsin, elə o vaxtlar da yalançı yaşını döydürüb barmaqlarına…
O bunu istintaqda olan kimi danişırdı – ciddi, qaraqabaq, qayğılı. Həm də bir az kinayəli: sən olsaydın, gedərdin?
Paşa kişi, eşitdiyimə görə, vərəmdən ölüb…
İndi barmaqlar üstünə doğüm tarixini döydürmək, deyəsən, dəb deyil. Bir vaxt nadanlıqdan bunu eləyənlərin barmaqlarındakı rəqəmləri daş-qaşlı üzüklər gizlədir. Əslində Rusiya azərbaycanlılarının çoxu üçün gizlədiləsi doğum tarixi deyil.
Azərbaycan diasporunun onurğa sütunu 30-45yaşlılardır, qadınlar üçün bu, Balzak yaşıdır- arxada sevgilər, sarsıntılar, məyusluqlar, öndə — təlaşlar, istəklər, ümidlər…
Bizim söhbətin mövzusu kişilərdir.
“Sonra gəldim Samaraya…” Bunu söhdət elədiyim azərbaycanlıların çoxu deyir. Sonraya qədər olan – səksəninci illərdir. Sonra – doxsan birdir, doxsan ikidir, doxsan üçdür. Doxsan üçdə gələnlərin biri mənə dedi ki, doxsan ikidə Azarbaycanda futbol oynayırmış. Təəccübümün hüdudu yox idi. “Müharibənini qızğın vaxtı?” “Hə, çempionat gedirdi də. Futbolçular azad olunmuşdular çağırışdan…” “Bəs sonra?” “Nə sonra? Sonra gəldim Rusiyaya…”
Doxsan üçüncü ilin payızında mən məzuniyyətdən qayıdırdım, Salyan-Bakı yolu Qubadlıdan, Zəngilandan gələn qaçqın maşınları ilə tutulmuşdu. Başa düşürdüm ki, indi Vətəndən getmək – rəzillikdir. Ancaq düşüb qalmağa da qüdrətim çatmırdı – kuzovlardakı paltar-palaz üstündə oturan arvad-uşağın sarsılb əyilmiş üzləri, künclərə bağlanmış xəstəhal, öz ifrazatlarına bulaşmış mal-qoyun, yolu kəsib qaçqınların Bakıya axınını saxlamağa çalışan əsgər və polis dəstələri, kənddə olduğum vaxt hər gün saatlarla iclas keçirən ölkə rəhbərinin qulaqlarımdan getməyən səsi məni öz rəzilliyimdən də artıq dəhşətə gətirirdi…
Bakı- Rostov qatarı cavan kişilərlə dolu idi. Mən doğum tariximi, Rusiya vətəndaşlığımı barmaqlarıma, alnıma yazıb camaata göstərməyə hazır idim. Sənə bir söz deyən yoxdur, ancaq elə gəlir ki, hamı səni qınayır…
Söhbət elədiyim azərbaycanlıların hamısında səngər, barıt qoxusu, güllə yarasından iz, qəlpə qalığı axtarıram. Baş əymək, üz sürtmək, üzr istəmək üçün.
Sonra…
Bu sonra ilə antibioqrafiya başlanır.
Əlbəttə, Paşa kişi olub. Vərəmdən ölməyi də düzdür.
Olubmu? Düzdürmü?
O Paşa elə mən özüm deyiləmmi? O hekayədəki söhbəti elə mən öz-özümlə eləmimişəmmi?
Rusiyada uğurlu azərbaycanlının mənzilində başqa vacib şeylərlə yanaşi peyk antennası var. O bu antenna ilə Azərbaycan telekallarının verilişlərinə baxır. Doğma vətəndə camaatın elliklə muğamat oxumağı,elliklə ziyarətə getməyi, jurnalistlərin dama basılmağı, milli öndərə yeni heykəllər qoyulmağı ona pozitiv emociyalar verir.
“Bu gün-sabah prezidentimiz torpaqlarımızı alacaq,”- azerbaycanlı kafesində o, bir soydaşına deyir. Soydaşının da antennası var. “Hə, baxıram hər gün. Dünən yaman danışırdı. Alacaq…”
Güman etmək olar ki, onlar bir vaqonda gəliblər. Bəlkə də bir təyyarədə. O vaxt futbol oynayırdılarsa, təyyarələr niyə uçmayaydı?
Biz burda kişilərdən danışdıq. Ancaq kişinin də həyatında əvvəl və sonra olur…
Bəzən yaran elə göynəyir ki, əlinə keçəni qapıb basmaq istəyirsən.
Bu yazı da elə həmin “ələ keçəndir” və sonra yaradılmış və yaradılmaqda olan dəyərli milli ədəbiyyata heç dəxli yoxdur.
11.02.08 Samara