Архив тегов | Qulu Əsgərov

RÜBABƏ MURADOVA SALYANDA: SAÇLARI TOPUĞUNA DƏYİRDİ…

Rübabə Muradova

“Xeyrulla muəllim, mən sizə deyim ki, Rubabanın çox uzun saçları vardı”, — Sabir müəllim bunu deyib divandan qalxır, otağın ortasında uzun boyunu əyərək bir əlini topuğuna çatdırmaöa çalışırdı. “Vot, do syuda doxodili, ya vam toçno qovoryu”.

Beləcə azərbaycancadan ruscaya keçərək Sabir müəllim mənə uşaq vaxtı gördüyü Rübabə Muradovanı təsvir edirdi. Əgər Rübabənin Salyana İrandan 1946-cı ildə gəldiyini nəzərə alsaq, müğənni gözəlliyi, xüsusən topuğuna dəyn saçları ilə doqquz yaşlı Sabir Talışinskini sarsıtmışdı…

Rübabə Muradovanın Vikipediyadakı bioqrafiyası əməlli-başlı detektiv əhvalatdır. Rusca Vikipediyada yazılıb ki, Rübabə molla ailəsində anadan olub və 1946-cı ildə  Əlibayramlı şəhərinə gəlib. Azərbaycanca Vikipediya atası haqqında və ailənin Şimala haçan və hara gəldiyindən heç nə demir. Ancaq onun guya az müddətdə Sabirabad dövlət teatrında işlədiyi yazılıb.

1946-cı ildə Sabirabadda Dövlət teatrı olub?

Mənin müəllim yoldaşım Sabir Talışinski görkəmli veneroloq Rüstəm Talışinski və əməkdar göz həkimi Klavdiya Fleqontovna Şarovanın oğlu idi. 70-ci illərin əvvəllərindən mən bu ailəyə gedib-gəlirdim və doktor Şarova hər bazar günü məni gözləyir, getməyəndə danlayırdı… Doktor Şarova ilə dostluğumuz bu nadir insan ölənəcən davam elədi…

Həm doktor, həm də oğlu Rübabə Muradovanı Salyanda yaxşı xatırlayırdılar. Necə də xatırlamasınlar? Rübabənin atası göz xəstəxanasının baş həkimi olan doktor Şarovanın yanında feldşer işləmişdi ki, bu özü də bir mini-detektivdir. Sabir müəllim deyirdi ki, gənc Rübabə Salyan küçələrində əri ilə görünürdü, ərinin adı Boris, özü də blond idi…

İndi atasından. Rübabənin ailəsi Salyana gələndən sonra atası yerli məmurlara iş üçün müraciət edir və deyir ki, göz həkimidir, ancaq İrandan qaçanda sənədlərini götürə bilməyib. Doktor Şarovadan xahiş ediblər ki, kişini imtahan eləsin. Klavdiya Fleqontovna yoxlayanda görüb ki, bu adam gözə dərman tökməkdən başqa heç nə bilmir. Mühaciri incitməmək üçün ona xəstəxanada iş veriblər. Gözə dərman tökürmüş…

Doktor Şarovanın dediyinə görə, salyanlılar Xəlil kişiyə sataşırlarmış. “Öz aramızdır, sən yaxşı həkimsən, ya Şarova?” Xəlil kişi də dramatik pauzadan sonra deyirmiş: “ Şarova professordur, mən doxturam…”

Sabirabadda teatrın olmağı ağla batan deyil, ancaq müharibədən sonrakı illərdə Salyanda doğrudan da teatr olub. Əfsanəvi müğənnimiz Qulu Əsgərov sənət yoluna o teatrdan çıxıb. Bakılı aktyor Ələkbər Səfərli arvadı ilə Salyan teatrında işləməyə gəlib və həmişəlik orda qalıb. Rübabə Muradova da Salyan teatrında çalışıb – müddətini deyə bilmirəm.

Əlibayramlıda Rübabə Muradovanın qardaşı və kiçik bacısı olurdu – mən orda oxuyan vaxtlar. Müğənninin qardaşı çörək dükanında işləyirdi.

Rübabə Muradova ölümündən bir az əvvəl – dəqiq vaxtını, təəssüf ki, deyə bilmərəm – Salyanda olmuşdu. Onu doktor Şarovanın yaşadığı bina ilə qonşu ikimərtəbəyə qız toyuna gətirmişdilər. Toy axşam həyətdəki çadırda olmalıydı. Şənliyin başlanmağına bir neçə saat qalmış Rübabə xanım ona yemək çəkiləndə konyak istəyir. “Arxayın olun, içki mənə təsir eləmir”, — deyir. Bir də görürlər ki, müğənni elə oturduğu yerdə yuxuya gedib.Toy başlananacan nə qədər çalışırlarsa, ayılda bilmirlər. Tələsik bir oxuyan tapıb toyu yola verirlər…

Rübabə xanım, nəhayət, ayılanda üzrxahlıq edir. Toy sahibi ona danışdıqları qonorarın yarısını uzadıb deyir ki, sən toyda oxumamısan, bu yarısı bəsindir. Rübabə Muradova pulu alıb cırır və deyir ki, mən bu qədər pulaBakıda ayaqqabımı sildirirəm…

Bu, detektiv deyil, adi əhvalatdır. Həm də doğru əhvalatdır…

12. 09. 2023, Samara

ZEYNƏB XANLAROVA. KİŞİ QIZI

 

Yəqin ki, səksəninci illərin sonlarıydı, məzunuyyətdən qayıdanda Bakıdan “Leyli və Məcnun” operasını aldım, üç böyük valdan ibarət bir albom idi. 60-cı illərdə bu operanın Axundov adına teatrda 600-cü tamaşası oldu, tamaşa birbaşa translyasiya edilirdi. Bizim kəndin bütün musiqisevənləri qonşumuz Ərəstunun evinə yığışmşdı. Operanın ilk iki pərdəsində Məcnunu Arif Babayev oynayırdı (əslində oxuyurdu). Üçüncü pərdədən onu Qulu Əsgərov əvəz etdi. Camaat səhəri gün danışırdı ki, guya gənc Arif Babayev rolun öhdəsindən gələ bilməyib, fasilədə gedib Qulunu maşına mindirib gətiriblər… Bizim Ərəbqardaşbəyli kəndində o vaxtlar cəmi iki ya üç evdə televizor vardı, telefon heç yox idi, ancaq Bakıda o vaxtın məşhur artistlərinə aid söhbət və qeybətlər ildırım surətiylə gəlib ora çatırdı… Yəni ki, mən bu valı almamışdan qabaq Arif Babayevin Məcnun rolunda oxusunu canlı eşitmişdim, bir növ dadı damağımda qalmışdl. Hərçənd yetmişinci illərdə, xüsusən bu onilliyin sonlarında Azərbaycan televiziyasında musiqi verilişlərinin səviyyəsi çox aşağı düşmüşdü, əh hörmətli müğənnilər fonoqramla oxuyurdular, canlı oxuyanda da utanmaz-utanmaz “xoruz buraxırdılar”. Yəni ki, bir növ Heydər Əliyev xalq musiqi sahəsində estetikanı dinməzcə ləğv eləmişdi. Pambıqçıların, tütünçülərin, taxılçıların qondarma qələbələrindən sonra tarlalarda Aərbaycan incəsənət ustalarının iştirakıyla konsertlər keçirilirdi və tədricən Azərbaycan müqənniləri çöldə necə oxuyurdularsa, elə televiziyada da, teatrda da elə oxumağa başladılar…

O vaxt Kuybışev adlanan  Samaraya gəlib çıxan kimi çaydan, çörəkdən qabaq “Leyli və Məcnun”un vallarını oxutdum və halım çox pərişan oldu,. Yəni ki, bu pərişanlıq qəhrəmanların faciəli taleyindən deildi, xalq artistləri Arif Babayevlə Zeynəb Xanlarovanın açıq-aşkar xaric oxumağından idi…O vallara daha qulaq asmadım və sonralar bir yataqxanadan başqa yataqxanaya köçəndə onları zibil qutusuna atdım…

Əslində Zeynəb Xanlarova üç dəfə xalq artistidir: Azərbaycan, Ermənistan, SSRİ xalq artisti. Hərçənd bir vaxt Zeynəb xanımın nəinki Azərbaycanın xalq artisti adını alacağı, hətta onun yetmişinci illərin əvvəllərində onun adına qoyulmuş qadağanın götürüləcəyi də şübhəliydi…

İndi bunu xatırlayanlar, əlbəttə azdır, o dövrün adamları ölüb-gedirlər, mənim kimi qalan tək-tükdür… Təssüf ki, dəqiq tarixini deyə bilmərəm, yəqin ki, yetmişinci illərin əvvələriydi. Birdən Zeynəb Xanlarova yoxa çıxdı. O vaxtlar Azərbaycan musiqisi Aərbaycan televiziyasıyla həftədə bir dəfə verilərdi, o da cəmi on beş-iyirmi dəqiqə. Yəni ki, Zeynəb Xanlarovaya nə isə olduğunu camaat əvvəlcə radiodan başa düşdü, çünki radio ilə hər gün kənd zəhmətkeşləri üçün konsert verilərdi və Zeynəb xanım da az qala hər gün efirdə səslənirdi. Və birdən-birə onun yoxa çıxması hamını məəttəl qoydu. Əvvəl şaiyə yayıdı ki, Zeynəb ağır xəstədir, bu gün-sabah ölər. (ardı var)