Архив тегов | Rövşən lənkəranski

ATALAR VƏ OĞULLAR: CƏFƏR MEHDİ VƏ ƏLİSƏMİD KÜR

Əlisəmid.jpg

İndi bilmirəm necədir, qabaqlar gəlin-qayınana davalarında “murdarı təmizə qarıışdırır, təmizi murdara” qınağı tez-tez səslənərdi. Bunu ya gəlin qayınanadan deyirdi, ya qayınana gəlindən…

Azərbaycanının mənəvi-mədəni həyatının hansı sahəsiylə tanış olursan, “murdarın təmizə, təmizin murdara” qarışdığını düşünürsən. Təəssüf ki, siyasi həyat da belədir, ancaq siyasətlə işim yoxdur. Mənim mövzum ədəbiyyatdır. Daha konkret – poeziya.

Bir dəfə Folknerdən müasir rus ədəbiyyatı haqqında fikrini soruşublar, cavabında deyib: “Orda…yazıçılar olmalıdır…”.

Folknerdən bu cavaba görə xeyli incimişdilər. Ancaq Folkneri  sovet vaxtı başqa səbəbdən çap etmirdilər…

Düşünürəm ki, məndən inciməzlər və özümü Folknerə tay qoyduğumu da düşünməzlər – Azərbaycandan kənarda yaşadığım otuz beş ildən çox vaxt ərzində həmişə düşünmüşəm ki, “orda ədəbiyyat olmalıdır…” Mən 1981-ci ildən sonra yazılanları vaxtında oxuya bilməmişəm, boynuma alsam, oxumağa elə həvəsim də olmayıb. İnternetə qoşulduğun on ildən də azdır, Azərbaycanda yazılan şeirlərə isə yalnız son vaxtla, özü də uzun fasilələrlə baxıram. Və baxdıqca, Folkner demişkən, “orda” ədəbiyyatın olduğuna məndə şübhə yaranır…

Yəni əsl ədəbiyyatın, ciddi ədəbiyyatın.

Yəqin belə ədəbiyyat “orda” var, ancaq əsl, ciddi ədəbiyyat kimi üzə çıxanlar ya üzə çıxarılanlar adamı çaş-baş salır.

Əlisəmid Kürün adına İnternetdə bir neçə dəfə rast gəlsəm də, son günlərə qədər heç bir yazısını oxumamışdım. Təxminən bilirdim ki, Salyandan yaxşı tanıdığım mərhum Cəfər müəllimin oğludur. Cəfər Mehdiyev, Allah günahlarından keçsin, çox dolaşıq adam idi. Bir neçə il Salyandakı ədəbi birlikdə birgə iştirak etmişik. Səhv etmirəmsə, 1978-ci ildə”Qələbə” qəzetinin redaksiyasında gözlənilmədən dava düşdü. Deməliyəm ki, Cəfər müəllimlə başqa davalarımız da olub. Ancaq bu dava gözlənilməz və rüsvayçı idi. Mənim müzakirə üçün oxuduğum şeirdə belə bir misra vardı:

“Bu köhnə avtobus, tozlu avtobus….”

Şeir bitən kimi Cəfər müəllim yerindən sıçradı: “Tozlu? Köhnə? Sovet gerçəkliyinə böhtan atırsan? 30-cu illərdə səni əlli-ayaqlı…”

Adını çəkmədiyim bir nəfər də, deyək ki, F., qalxdı: “Xeyrulla, sən yolundan sarpmısan!”

Mən də qışqırırdım…

“Qələbə” KQB ilə bir binada yerləşirdi…

Şeir nəinki siyasi, hətta ictimai də deyildi. Eşq şeir idi. Yəni salonda oturan qəşəng bir qıza görə “tozlu, köhnə avtobus” müəllifin gözündə gəlin faytonuna dönürdü…

Bu davanın sağ şahidləri var. Məsələn, Nizami müəllim. Nizami Oruc…

Cəfər müəllim, Cəfər Mehdi ömrü boyu ictimai-siyasi şeirlər yazırdı. Bəlkə də dünyada ən mahsuldar yazan olub. Ancaq o vaxtlar qalın jurnalda bircə şeiri çıxmışdı: səhv etmirəmsə, 1976-cı ildə “Azərbaycan” jurnalı Cəfər Mehdinin Sovet İttifaqı Kommunust Partiyasının növbəti qurultayının açılmasına həsr olunmuş şeiri ilə açılırdı….(tavtalogiyaya görə üzrlü sayın)

Əslində məni bu məqaləni yazmağa sövq edən Əlisəmid Kürün bir müsahibəsi oldu. Əlisəmid fəxrlə deyir ki, Rövşən Lənkəranskiyə şeir həsr edib, şeirdən bir parça hətta Rövşən Lənkıranski haqqındakı kitaba salınıb…

Burda kimin goru çatlasın? Ata Leninə şeir həsr edirdi, oğul oğruya…

Hə, qeyd edim ki, mərhum Cəfər müəllim Leninə minlərlə misra həsr edib…

Yeddi-səkkiz il qabaq Salyan qəbiristanlığında Cəfər Mehdinin qəbrini gördüm. Qəbirdaşına şeir yazılmışdı, şeir deyəndə ki, şeir iddialı mətn, çoxlu orfoqrafiqk səhvlərlə…

Təhsil Tanrısı bəlkə beləcə mərhumdan qisas alıb: özünüz fikirləşin, Leninə kilometrlərlə şeir həsr edən adam şagirdlərin başına zibildən başqa nə yeridə bilərdi?

Bir dəfə də Cəfər müəllimlə ciddi davamız 1982-ci ilin yayında olub. Mən o vaxt Moskvadan tətilə gəlmişdim. Dava Fərqanə Mehdiyevanın üstündə oldu…

(Cəmi bir il bundan qabaq təsadüfən bildim ki, Cəfər müəllimin aqressiv həmləsindən müdadfiə etdiyim Fərqanə ciddi ədəbiyyat məmuru olub…)

Və bəlkə də atası ilə şəxsi tanışlığım məni Əlisəmid Kürlə yaxından maraqlanmağa sövq etdi. Xeyli yazısını oxudum…

Yaxşı şeirlə pis şeiri, ümumiyyətlə şeiri şeir olmayan mətndən ayırmaq, əlbəttə, mümkündür. Çətini – bunu oxucuya anlatmaq, müəllifə sübut etməkdir. Yəni ədəbi tənqidçinin işi müstəntinqin işindən də çətindir – zövq standartlarını, sənətkarlıq meyarlarını əşyayi-dəlil kimi işlətmək mümkün deyil. Ona görə ədəbiyyatda – başqa millətlərin ədəbiyyatlarında da – sayı ordu tərtib edə biləcək insanlar şair, yazıçı adını daşıyırlar. Əlbəttə, musiqidə də istedadsız adamlar ad qazanırlar və çox irəli gedirlər də. Ancaq müxtəlif musiqi janrlarının sınaq baryerləri var. Məsələn, xanəndə iddiasında olan adam gərək “Çahargah”ın heç olmasa hisarına, müxalifinə qədər çıxa bilsin. Şeirdə belə baryerlər də yoxdur. Guya ağ şeir yazırlar deyə qafiyəsiz, ölçüsüz cümlələri alt-alta düzürlər ki, bu da şeirdir. Əlbəttə, belə müəlliflərlə danışmağın faydası yoxdur. Mübarizə oxucu uğrunda getməlidir. Oxucuya əsl şeiri şeir olmayan mətndən ayırmaqda kömək etmək lazımdır.
Əlisəmid Kür müsahibəsində (müsahibə götürən də deyəsən gənc şairdir, ağzının suyunu axıda-axıda «şairi» “əmi” çağırır…) deyir ki, yaxşı şeirləri altdan yuxarı oxumaq olmaz, ancaq yuxarıdan aşağı oxumaq olar.
Mən bu məsləhətlə Əlisəmidin “Yoxa çıxan Xan sarayı” oxuyuram
Bax gör
neylədilər,
neylədilər bu şəhərdə!?.
Uçurulan
Şah sarayı deyil,
dağılan xan mülkü deyil
bu şəhərdə…
Bir şeirin baş beyti itib,
Şah misrası yoxa çıxıb
İçərişəhərdə!
Və başa düşmürəm ki, bu yazı nəyə görə şeir adlanır və, məsələn, sarı və hörmətli Moderator.az saytında gedən informasiyadan nə ilə fərqlənir? Bəlkə burda ritm var? Yoxdur! Gözlənilməz metafora? Yoxdur! Orijinal dil? Yoxdur? Orijinal qafiyələr? Yoxdur! Bu yazını şeirə oxşadan yeganə cəhət cümlələrin parçalanması və alt-alta düzülməsidir.
Başqa bir yazı. Anaya həsr olunub.
“Hayana üz tutsam,
Hayana üz çevirsəm”
Əlbəttə, hələlik şeir misrası yoxdur, yuxarıdakı iki cümlə isə bir-birinin təkrarıdır.
“Qəlbimdə göyərən çiçək arzuya
Bir dəniz sevgisi içirə bilsəm…”
“Çiçək arzu” — əlbəttə, milyon dəfə işləndiyindən bayağıdır və metafora kimi primitivdir. Bu “çiçəyə” “dəniz sevgisi” içirmək isə fikir dolaşıqlığıdır – dəniz sevgisi dəniz suyu ilə assosiasiya doğurur, dəniz suyu isə şordur – onu çiçəyə necə içirdərsən?

Sonra:
Qalsam yarı yolda
Əlimin içindən dərd göyərəcək
Ovcuma sıxılan barmaqlarımı
bir kimsə görməyəcək
Yadınıza salım ki, keçən əsrin 60-cı illərində Ələkbər Salahlıda əl göyərirdi, məsələn, Niyazinin ovcunda dirijor çubuğu. İkinci beytdə isə yenə fikir dolaşıqdır: barmaqlar sıxılanda yenə görünürlər, görünməyən ovucun içidir…
Əslində bu iradlar yazının poetik keyfiyyətinə aid deyil, çünki poeziya yoxdur. İradlar fikrin nizamına və nizamlı da ifadəsinə aiddir. Yəni Əlisəmid gəlişi gözəl – naşılar və cahillər üçün – sözlərlə şeir təsəvvürü yaratmağa çalışır…
Mən, əlbəttə, klassik şeirin tərəfdarıyam, sərt formalı şeirin tərəfdarıyam, ağ qafiyəsiz, formasız şeirlər həm də hər cür qrafomanlar, ədəbiyyat aferistləri üçün meydan yaradır. Əlbəttə, sərt forma özü-özlüyündə şeir yaratmır. Nəsiminin Cahangir Qəhrəmanov topladığı məcmuəsində, səhv etmirəmsə, təxminən 600 şeir var. Onlardan yalnız iyirmi-otuzu böyük şeirdir, yəni müəllifinin böyüklüyünü təstiq edən şeirdir. Digər tərəfdən, gözəl “formasız” şeirlər də olur, məsələn, Nazim Hikmətin şeirlərinin bir hissəsi. Formalı şeirin bir üstünlüyü var: müəllif ən azı sənətin əsaslarını öyrənib, ölçü-bizi bilir və s. Bizdə formasız şeir aferistlik və hətta şarlatanlıq üçün meydandır. Sovet vaxtı qılıncının dalı da, qabağı da kəsən şairlərimiz bir sözü bir misra kimi işlədib jurnallara 2 manata satırdılar – bir ətək pul idi! Rəhmətlik Rəsul Rza belə yazmırdımı? Şeirinin uzunluğu kilometr, yəni qaz vurub qazan doldururdular. Formasızlıq əslində çoxlu istedadlı şairlərin evini yıxdı, onları inkişafdan saxladı. İsa İsmayılzadə, Ələkbər Salahzadə kimi şairlər özlərini dağa-daşa vurmadılar, zəhmət bilməyən, xalturaya öyrəşən adamın isə istedadı açılmamış yaz qarı kimi əriyib gedir. Məni Azərbaycan poeziyasında ən çox həyəcanlandıran və hətta sirinliyi ilə ovsunlayan şeirin – “Bəzən haqq qazanır insan öləndə” – əsas bədii keyfiyyəti ağır düşüncəyə adekvat sərt forma deyilmi?
Yuxarıda Əlisəmidin Rövşən Lənkəranskiyə yazdığı şeirdən fəxrlə danışdığını dedim. Əlisəmid Kür Rəsul Rzanın da ölümünə şeir yazıb:
“Ölümünlə aldatdın bizi
aprelin birində — başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi…:”
Əlisəmid Kürü qaranəfəs, qan-tər içində, dilini bir qarış çıxararaq xalq şairinin cənazəsinin dalınca qaçdığını təsəvvür edursiniz? Və Rəsul Rza ölümüylə Əlisəmidi necə aldadıb? Ölməyəcəkmiş? Başqa gün öləcəkmiş?
Ölümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara”.
Qızara-qızara Fəxri xiyabana gələn ölümü necə təsəvvür edirsiniz?
Bu, şeirdir ya qapazvurdu səhnəsi?
Rövşən Lənkəranski ilə yanaşı Əlisəmidin daha bir qəhrəmanı var: Əbülfəz Elçibəy. Eıçibəyin ölümünə həsr olunan  şeirdəa dəlilər dəlixanada mərhum eks-prezidentə ehsan verirlər, ancaq dəlinin biri yemir.
ehsan yeməyən bir dəli
elə hey qışqırırdı:
— Sən neylədin,
nə oyun çıxartdın,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey…
“Nə oyun çıxartdın, ay Əbülfəz…” Bu müraciət formasından bilinir ki, ölən general de Qoll deyil… De Qoll, ədalətlə desək, İsgəndər Həmidov kimi adamları başına yığmazdı….
Başqa bir şeiri götürək:
“Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
Və darvazamızı fələk vurubdu….”
Oxudunuz? Hə düzdür, sonuncu misra “Mirsə Səfər” hekayəsindəndir, ancaq razılaşın ki, yuxarıdakı “misralarla” müqayisədə əsil şeir misrası elə Mirzə Səfərin şeiridi… Tarlar Şuşada döyüşə qalxıblar… Yəqin bu, Rəhim Qazıyevdən sonra olub…
Və boynuma alım ki, bu parça Əlisəmid Kürün deyil, Vaqif Cəbrayılzadə-Bayatlınındır. Və son otuz ildən də çox vaxt ərzində “Möhtəşəm” şair Vaqiv Bayatlının mətbuatda gedən şeirləri bu cür sayıqlamalar səviyyəsindərdir.
Əlbəttə, mən bu sözləri ona görə yaza bilirəm ki, Azərbaycandan uzaqdayam, Azərbaycanda belə yazmağa qorxardım, çünki Vaqif Bayatlının fanatları məni bəlkə də Əlisəmid Kürün öz diliylə desək, “yortardılar”. Bizim çoxumuzda şübhə yoxdur ki, siyasətə odla-alovla, səmimi, təmiz məramlarla gəlmiş insanlar illər keçəndən sonra ya qatı bürokrata çevrilirlər ya da bundan da pis olurlar: rüşvətxor, xəzinəyaran və s. Yəni adam həyat şərtləriylə, öz təbiətinin ibtidai instinklərinə uyğun dəyişir. Zeynəb Xanlarovanın bir vaxt necə gözəl müğənni olduğunu köhnə yazılarına qulaq asıb bilmək olar.. İlk gəncliyində hətta mərhum İlhamə Quliyeva da yaxşı müğənni olub. Sonra səsləri dəyişir, özləri dəyişir, özlərinə tələbləri dəyişir və bütün bunlar tam deqradasiya ilə nəticələnir. Gözəl bəstəkar Oqtay Kazımovun “Həyat sən nə qəribəsin” kimi neçə mahnısı var? Və bütün yaradıcılıq sahələrində təxminən eyni şey. Ona görə də Vaqif Bayatılının tam deqradasiyası təəccüb yox, yalnız təəssüf doğurmalıdır. Vaqif yaxşı şeirlərini yetmişinci illərin sonlarında  yazıb. Sonra öz-özünü məliküşşüara elan edəndən sonra ona elə gəlib ki, onun hər tərpənişi, hər sayıqlaması, hətta burun qurdalaması və corablarının iyi də poeziya faktıdır. Bunun üçün Vaqifin ən birinci “fanatı”, onun şeirlərin şələ-şələ, qarşısında heç bir tələb qoymamış çap edən Əkrəm Əylisli də günahkardır. Aşağı səviyyəli, demoralizə olmuş ədəbi tənqid də. Əslində onun faktik yoxluğu.
Niyə mən Əlisəmiddən Vaqif Bayatlıya keçdim? Çünki son on illərdə sənət standartlarını, əslində standartsızlığı, səviyyəsizliyi yaradan Vaqif Bayatlı, Ramiz Rövşən kimi müəlliflər olublar. İyirmi-iyirmi beş yaşlarında qazandıqları uğuru renta kimi yeyirlər və antiədəbiyyat, antimədəniyyət onların hesabına əsl ədəbiyyatı, əsl mədəniyyəti basıb əzir…

25.09. 2017, Samara

MİRZƏ ƏLİLİN RÖVŞƏN LƏNKƏRANSKİ HAQQINDA XATİRƏLƏRİ

Məni tanıyanlar elə bilirlər ki, məni haçansa KAMAZ vurub – gözümün biri yox, qolumun biri əyri, qıçımın biri axsaq, qabırğalarımda neçəsi çatışmır… Düzü, mənə də elə indiyəcən soruşana deyirdim ki, məni KAMAZ vurub, özü də iki dəfə. Ancaq indi gərək dorusunu deyəm. Bədənimdəki bütün xəsarətlər Azərbaycanın görkəmli şəxsiyyəti Rövşən Lənkəranskinin yadigarıdır…

Günlərin bir günü girdim burda yaxşı restoranların birinə, quş südünəcən sifariş elədim. Restoran bağlanana yaxın ofosianr yaxınlaşıb dedi ki, zəhmət olmasa, hesabı verin. Mən də dedim ki, zəhmət-zad deyil, ancaq pulum yoxdur. Ofisiant çox təəccüb elədi, getdi, çox çəkmədi ki, bir dəstə idmançıyla qayıtdı. Üzümü tutub idmançılara dedim ki, siz, əlbəttə, məni tanımırsınız, ancaq mənim bir qohumum var, onu tanımalısınız. Mən Rövşən Lənkəranskinin qohumuyam.

Bunu eşisən kimi idmançıların biri yapışdı mənim xirtdəyimdən, yeyib ağırlaşdığıma baxmayaraq, boyu bərabəri qaldırb dedi ki, biz Lənkəranski-zad tanımırıq, hesabı ver…

Pul vardı ki verəm?

Gözümün birini onda itirdim… Hələ bir həftə məni əsir saxlayıb qab yudurtdular…

Bundan xeyli keçəndən sonra qərara gəldim yenə Rövşən Lənkəranskinin adını sınayam. Bir xanım keçirdi… Xanım nə xanım… Dedim ay xanım, ya canım… Dedi heç güzgüdə özünə baxmısan? Dedim, xanım, evdə kasıblıqdır, güzgüm yoxdur, üzümü də əzbərdən qırxıram. Dedim xanım, mən Rövşən Lənkəranskinin qohumuyam, uşaqlıqda bir-birimizə oxşayırdıq, sən mənə baxanda gözünün qabağına gətir bizim liderimizi…

Xanımın çantasında elektroşoker varmış. Mənə bir kef verdi ki… Yəqin özü də kef çəkirdi, çünki yoldan keçənlər məni xanımın əlindən ala bilmirdilər…

Onda qolum da, qıçım da şikəst oldu…

Bir dəfə polislərə dedim ki, Lənkəranskiylə dost-doğma xaloğluyam… Dediyimi gördüm, yekə bir iti qısqırtdılar üstümə… Qarnın o vaxtdan yırtıq-yırtıqdır…

İndi deməyim nədir? Eşitmişəm ki, Azərbaycanda Rövşən Lənkəranski adına fond yaradılır. İstəyirəm o fonddan mənə bir pensiya kəssinlər. Axı mən o kişinin adıyla hərəkət eləmişəm…

İndi də onun ucbatından qalmışam hərəkətsiz…

22.08.2016

 

EHTİYAT AVTORİTETİN YARAŞIĞIDIR

MEHRİBAN XANIM: A kişi, hardasan, səhərdən ürəyimi-göbəyimi yemişəm.

İLHAM BƏY: Harda olacam, ay arvad, prezident vəzifəsini icra edirdim.

MEHRBAN XANIM: Ay kişi, televizor dedi bu Röşəndi-kimdi, Masallınski, onu öldürüblər Türkiyədə.

İLHAM BƏY: Masallinski yox, Lənkəranski.

MEHRİBAN XANIM: Lənkəranski? Hə, bu Lənkəranskini öldürüblər. Ürəyim düşdü, dedim biirdən səni də…

İLHAM BƏY: Arvad, ağzını xeyirliyə aç. Məni niyə öldürürlər? Lənkəranski avtortet idi, ona görə vurdular.

MEHRİBAN XANIM: Ay kişi, sən həmişə özün demisən ki, sən avtoritetsən?

İLHAM BƏY: Arvad, mən ayrı cür avtoritetəm, Lənkəranski kimi avtoritet deyiləm.

MEHRİBAN XANIM: A kişi, bəs sən axı necə avtoritetsən?

İLHAM BƏY: Mən böyük avtoritetəm, mən regional avtoritetəm.

MEHRİBAN XANIM: Yenə özündən muğayat ol. Maşınla gedəndə uzan dal oturacağa. Bu Bakıda o qədər pis-pis adamlar var, onlar regional avtoritet-zad qanmırlar, göterərlər daşı, çırparlar maşına…

18.08.16