Архив тегов | Sabir Rüstəmxanlı

SABİR ALMAZOV

    sabir_almazov                            

Ötən əsrin 70-ci illərin ortalarında universitetə yay sessiyasına gedəndə yazdığım yekə bir tənqidi məqaləni də götürdüm və elə sessiyanın birinci günü macal tapıb “Ədəbiyyat və incəsənət” qəzetinə getdim. Orda mənə dedilər ki, bu cür yazılara Sabir Almazov baxır. Mənə Sabir Almazovu nişan verdilər. Səhv etmirəmsə, orta boylu, arıq, üzü təmiz qırxılmış təxminən qırx yaşlı bir adamdı. Mənə dedi ki, bu otaqda hay-küy var, çıxaq. Çıxdıq – ya aralıq bir otağa, ya da dəhlizə. Köhnə bir divan vardı, özü də oturdu, mənə də yer göstərib dedi ki, oxu. Mən də başladım oxumağa. Yenə də hay-küy kəsilmədiyindən mən ucadan oxuyurdum. Sabir Almazov da ağzını marçıldadırdı, hərdən deyəsən “bəh-bəh” də deyirdi. Bəlkə də məni lağa qoyurmuş, deyə bilmərəm, o vaxt belə düşünmürdüm. Ancaq sonralar eşitmişdim ki, məsələn, “Ulduz” jurnalına şeir gətirən bir qadını stolun üstünə çıxarıblar, deyiblər ki, elə belə durduğun yerdə oxu, o qadın da qolunu-qıçını ata-ata oxuyurmuş…

Sabir Almazov ağzını marçıldada-marçıldada mənim uzun məqaləmə qulaq asdı, dedi ki, iki gündən sonra gəl, deyərəm sənə qərarımızı. İki gündən sonra gəldim, dedi ki, hələ qərar qəbul olunmayıb, ancaq qərar müsbət olacaq, çünki məqalə yaxşı məqalədir, Belinski, Dobrolyubov və s. Getdim, yenə gəldim. 30 günlük sessiya da əriyib qurtarmaqda. Növbəti dəfə gələndə dedi “dördüncü gün gəl”. Dördüncü gün gəldim, otağa çatmamış məni bur arvad saxladı, dedi ki, hara gedirsən. Dedim Sabir Almazovun yanına. Dedi bala, niyə ürəyimizi qana dödərirsən, Sabir Almazov ölüb…

Bunu eşidəndə az qaldım mən də ayaq üstdə öləm. Xəcalətdən…

İndi baxıram İnternetə, Sabir Almazovdan bircə səhifə məlumat var, yerliləri qoyublar. 1976-cı ildə ölüb. 39 yaşında…

Görəsən məni niyə get-gələ salırmış? Elə bilirmiş bu oyun min il çəkəcək?

Bəlkə öləcəyini bilirmiş və ölümqabağı mənimlə məzələnirmiş?

İndiyəcən bu əhvalat başımdan çıxmır…

Sabir Almazov şöbənin əməkdaşı idi, müdir Sabir Rüstəmxanlı idi, otağa girənlərə eynəyinin altından əfi ilan kimi baxırdı, yəni yaxın gəlmə, çalaram…

Belə-belə işlər. Öləcəyimiz günü bilmirik…

24.05. 2013 Samara

SABİR RÜSTƏMXANLI, “CÜCƏLƏRİM”, SƏƏDİ ƏL MALEH…

(S. Rüstəmxanlının “Azadlıq” radiosunun saytındakı məqaləsinə şərh)

1983-cü ilin payızında Frunze (indi Bişkek) şəhərində keçirilən Asiya və Afrika ölkələri gənc yazıçılarının beynəlxalq müşavirəsində iraqlı yazıçı və tərcüməçi Ədəbiyyat institununun tələbəsi, yaxın dostim Səədi əl Maleh də iştirak etmişdi. Qayıdandan sonra dedi ki, “sənin həmvətəninlə tanış olmuşam. Sabir Rüstəmxanlıyla”. Səədi Frunzedə tanış olduğu yazıçıların, o cümlədən Çingiz Aytmatovun, səsini o vaxt tək-tük adamda olan Şarp maqnitofonuna yazmışdı. Sabir Rüstəmxanlının səsi asudə vaxt, yeyib-içəndə yaızılmışdı, “Yazıçı” nəşriyyatının baş redaktoru beynəlxalq dostları üçün “Cücələrim” mahnısını oxuyurdu. Səədi dedi ki, Sabir Rüstəmxanlı ona Bakıya getmək üçün rəsmi dəvət göndərəcək. Onu da deyim ki, Səədi Anarın hekayələrini ərəbcə çap etdirmişdi və bundan sonra da Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsiylə məşğul olmaq fikrindəydi. Mən ona dedim ki, Rüstəmxanlı dəvət-zad göndərməyəcək. Səədi buna çox təəccübləndi və səbəbini soruşdu. Dedim birinci ona görə ki, Rüstəmxanlı azərbaycanlıdır və biz azərbaycanlılar verdiyimiz vədlərə çox vaxt əməl eləmirirk. İkincisi, sən Rüstəmxanlı üçün mənfəətli deyilsən, o, böyük vəzifəli məmurdur, sən, istedadlı və perspektivli olsan da, tələbəsən…

Səədi mənə inanmadı. Bir neçə ay da Rüstəmxanlıdan dəvət gözlədi…

Sabir Rüstəmxanlı “Ədəbiyyat və incəsənət” qəzetində işləyən vaxt mən özüm onunla toqquşmuşam, məni ölkədən getmək fikrinə  salan ilk səbəblərdən biri onun imzasıyla aldığım məktub olub…

Kim harda basdırılır… Nə fərqi var?

Sabir Əhmədovun dəfninə qala bilməyib, çünki Uqandaya gedirmiş… Əlbəttə, Sabir Rüstəmxanlı Uqandaya getməsəymiş, nəinki Uqanda, hətta bütün Afrika qitəsi dağılarmış…

Qoqolun sözləri bir az dəyişik halda dilə gəlir: bu dünyada yaşamaq dəhşətdir, cənablar…

23.03.13 Samara