Архив тегов | Samara

MONUMENTAL ORİYENTİRLƏR ÖLKƏSİ

Rusiyda yenidənqurma dövrünün ilk və ən çoxsaylı mitinqlərindən biri 1988-ci ilin yayında o vaxt hələ Kuybışev adlanan Samarada keçirilib, əslində dalbadal iki mitinq oldu,  sovet ölkəsi üçün ekzotik bu tədbirlər eyniliyə varacaq qədər elə oxşardılar ki, onları bir tamaşanın baş məşqi və premyeri də adlandırmaq da olardı. Nə biri, nə diqəri, görünür ki, tamaşanı camaata sevdirmədi, çünki o meydan bir də elə mitinqlər görmədi.

Yeri gəlmişkən, o vaxt Kuybışein adını təkcə şəhər yox, həm də mitinqlərin keçirildiyi və Avropada ən böyük sayılan meydan da daşıyırdı. Özü də şəhərdən fərqli olaraq, indiyəcən daşıyır. Meydan müharibə vaxtı Stalin üçün tikilmiş bunkerin üstündədir. Stalin özü bir dəfə də bu unikal tikilidə olmayıb. Stalinçilər isə bunkerə çox gedirlər, hərçənd bunker ziyarətçilərinin çoxu, əlbəttə, stalinçi deyil…

Hər teatr tamaşında yaxud teatrallaşdırılmış tədbirdə qəhrəman olmalıdır. Birinci mitinqə vilayətin başçısı Muravyov gəlmişdi, kütlə onu fitə basıb danışmağa qoymadı. O da maşınına minib getdi və az sonra Qorbaçov tərəfindən işdən çıxarılıb, kadr seçimində möcüzələr göstərən Baş Katib yoldaş Muravyovu ondan da zəif bir yoldaşla əvəz elədi. Əslində camaatın kommunist rejimiylə heç bir barışmaz ziddiyyəti yox idi, söz azadlığından, demokratik seçkilərdən ötrü də heç kimin ürəyi axmırdı – bütün bunlar qərb hoqqalarıdır, qərbi sevməmək isə Rusiya camaatının çoxunda  çəkmək, içmək və burun qurdalamaq kimidir. Əlbəttə, ziyanlı vərdişlərdir, ancaq atmaq da çətindir…

Mitinqçilər istəyirdilər ki,  partiya rəhbərliyi mənzilləri ədalətlə bölsün, adamlar qazandıqları pula istədikləri şeyi ala bilsinlər və vilayət rəhbərliyinin bufetində olan kolbasadan şəhər mağazalarında da satılsın. Mitinqlər bəkə həm də ona görə təkrar olunmadı ki, tezliklə mağazalarda konservləşlirilmiş qıtığotundan başqa heç nə qalmadı. Ruslar bu bitkiyə “xren” deyirlər…

Bəlkə də uzaqgörən adamlar elə o mitinqlərin keçirildiyi saatlarda başa düşürdülər ki, Rusiya bir on-on beş ildən sonra yenə indiki ideoloji istiqamət, baxışlar sisteminə qayıdacaq. Başqa cür olsaydı, mitinq meydanın mərkəzi fiquru olan nəhəng və möhtəşəm tunc heykəlin götürülməsi tələbiylə başlanardı. Yəqin sizə çatdı ki, heykəl də Kuybışevindir və mən bu sətirləri yazdığım dəqiqələrdə öz yerindədir.  Məsələ burasındadır ki, sosializmlə, xüsusən sovet sosializmiylə azad fikirli adamlar arasında həm də barışmaz estetik , hətta linqvistik ziddiyyətlər var – totalitar rejimlər heç bir siyasi fəallığa qatılmayan bir çox sənətkarları məhz bu səbəbdən burunlayırlar. Rəsmilərin kütləvi hipnoz seanslarını xatırladan diskurslarını üzvi şəkildə qəbul edə bilməyən müəllif ya yazmaqdan qalır, ya da özü də istəmədən müxalifətə qoşulur – müxalifət xüsusən şərq tipli totalitar ya avtoritar rejimli ölkədə orijinal yaradıcılıq dilinin saxlanması və ifadəsi üçün yeganə mühitdir. Çexovun  əyalətdən qurtula bilməyən “üç bacı”larından biri ağrınır ki, tezliklə italyan dilini unudacaq. Şərq tipli avtoritar rejim informasiya texnologiyalarının ən imtiyazlı sahibi kimi onları tam əks istiqamətədə işlətməyə nail olur və  bütün elektron vasitələrindən fasiləsiz eşidilən və görülən rəsmi diskurs ölkəni, zəngin tarixi, siyasi, mədəni ənənələrinə baxmayaraq, bütün qapıları yeddi qıfıl dalında olan əyalətə çevrilir. Öz təcrübəmdən bilirəm ki, belə ölkəyə qısa müddətə gələndə də  yaxınlarla görüşün bütün əvəzsiz ləzzətini cəmi iki-üç gündən sonra başlayan ciddi tutmalar tamam korlayır – bu xəstəliyin adı klaustrofobiyadır…

Mən klaustrofobiyaya yaxın halı Samaradakı birinci mitinqdə yaşamışam. Yayın qızmarında çoxminli kütlənin içində xeyli dayanandan sonra sinirlər gərilir,  düşünürsən ki, sənə hər tərəfdən pərçim olmuş tər, pivə, kilkə,  kerosini xatırladan ucuz dezodarant  qoxulu adamların əhatəsindən heç vaxt çıxa bilməyəcəksən. Gözümün qabağına gətirirdim ki, heykəl Kuybışev qəfildən postamentindən qopur və tonluq çəkmələrlə başlayır camaatı əzməyə…

Əlbəttə, kütləvi mitinqlərin psixoloji və sanitar-gigiyenk narahatlığı tək-tək tutulanların türmə işgəncələrinə baxanda heç nədir…

Kuybışevin heykəlini indi bütün başqa heykəllər kimi qar basıb. Ancaq cənab Putinin son mətbuat konfransında dominant olan antiliberal ritorikanı eşitdikcə, mən Avropanın ən böyük meydanında  quncları bir neçə metr, hər tayı bir neçə sentner çəkmələrlə təpik döydüyünü təsəvvür edirdim. Putin diskursuyla ilhamlanan təpiklərin altındakı bunkerdə Stalin ruhu da oyana bilərdi — əgər indiyəcən yatmışdısa…

Sanki yalnız metallurq fəhlələrin “yaradıcılıq” fantaziyası və səyi ilə yaranmış heykəl antiestrtikadır və onun saxlanması ideoloji  nişan və oriyentirdir.

Meydanı eybəcərləşdirən heykəli götürmək təklifləri olan kimi, rəhbərlər tarix və mədəniyyət qoruyucuları maskasını taxır, şəhərin keçmişini qorumağın vacibliyindən danışırlar ki, bu da riyakarlıqdır. Həmin rəhbərlər şəhərin əsl keçmişini heç hərracda da yox, kabinet xəlvətində çoxdan satıblar. Samaranın siması olan ağac memarlığı nümunələri ya sökülüb, ya da – sahibləri inad edəndə — yandırılıb, yerində tortabənzər varlı evləri tikilib. Parkları, sahili, idman sarayını  satanlar III Aleksandrın dağıdılmış heykəlinin postamentinə calanmış Lenin heykəlinə, Kuybışevin öz adını daşıyan meydandakı abidəsinə dəymirlər. Elita bununla camaata deyir ki, hə, biz varlıyıq, biz şəxsi təyyarələrlə Kurşevillərə uçuruq, ancaq biz sizdənik, ətimiz ətinizdən, qanımız qanınızdandır. Məbədlər bərpa olunub, heykəllər saxlanılıb, rusların özünün dediyi kimi, canavarlar da toxdur, qoyunlar da salamatdır…

Azərbaycanda heykəlləri söküb-dağıdanların o vaxt ağlına da gəlməzdi ki, tezliklə qayıdacaq köhnə hakimiyyətə necə xidmət ğöstərir. Bilmirəm, indi bir nəfərə qoyulan heykəllərə yer açanlara sağ ol deyildimi…

16.02.08. Samara

 

Azadlıq qəzeti

 

SAMARADA MART SƏHƏRİ

Martın sonu. Həyatdan

Ötürdük bir qışı da.

Ancaq iz yox həyətdə,

Fəsil dəyişimindən.

 

Ağaclar donub qalıb,

Həyat əlaməti yox.

Ağardan budaqları

Qarmı belə ya qırov?

 

Səkilərin buzuna,

Külüng çalır dalandar.

Doğrudanmı yazdı bu,

Yoxsa təqvim aldadır?

 

Əllərimdə iynəsi –

Şaxta yenə qovğada.

Üfürürəm – nəfəsim,

Dumanlanır havada.

 

Qar yerişi ləngidir,

Gözdən getmir yuxu da.

Büdrəyirəm. Döngədə

Odur, kimsə yıxıldı.

 

Qucub çuqun qapağı,

İki pişik qızınır.

Sevgi çağı – yaz çağı,

Soyuqlarsa uzanır.

Qışsayağı hava sərt,

 

Bəli, bura şimaldır.

Burda qışdır həqiqət,

Burda yaz ehtimaldır…

21-29 mart 1993, Samara

SORUŞMAQ AYIB OLMASIN, HARA GEDİRİK?

     

İvan Bunin Tostoy haqqında xatirələrində qrafla ilk görüşünü illər keçəndən sonra çox məzəli təsvir edir. Atası bir vaxtlar qafqazda Tolstoyla döyüşmüş gənc yazıçl özünü təqdim edir, Tolstoy mərhum cəbhə yoldaşı barədə bir neçə kəlmə xoş söz deyir. Bundan sonra yaranan gərgin sükutdan çıxmaq üçün Bunin deyir ki, hə, ayıqlar, yəni içməyənlər cəmiyyəti yaranıb, adamlar yığışırlar… Tolstoy onun sözünü kəsib deyir ki, deməli yığışırlar ki, içməsinlər? Sonra kinayə ilə əlavə edir: indi ki yığışırlar, daha oturub içsinlər də…

Niyə yığışırıq, niyə təşkilatlanırıq? Elə Rusiyanın özündə  müxtəlif adlı təşkilatların sayı gün-gündən artır, hamısı dı sanballı adlarla, telefonlarla, qəzetlərlə, möhürlərlə. Bu möhürləri sapa düzsən, bizim bütün məşədilərin təsbehindən uzun olar…

Samara vilayətində bir şəhər var, adı Çapayevskdir. Orda yaşayan zirək bir soydaşımız hərdən-hərdən Samara azərbaycanlıları cəmiyyətinin tədbirlərinə gəlir və şikayətlənirdi ki, “xalqı bir yerə yığa bilmir”. O, beləcə də deyirdi: ”Bu xalqı birləşdirmək lazımdır, ancaq bu xalq birləşmək istəmir”. “Xalqı”, yəni Çapayevskidə yaşayan azərbaycanlıları bir yerə yığmaqda zirək soydaşımızın məqsədi təşkilat yaradıb…  Bir dəfə onun çıxışını kəsib soruşdum: ”Bu xalqı yığmaqda məqsədiniz nədir? Yoxsa müharibəyə gedirik? Gediriksə  —  kimlə?” Soydaşımız əvvəl özünü avamlığa qoymaq istədi, guya mən zarafat edirəm. Birləşmək elə birləşməkdir də, yəni millət bir yerdə olmalıdır, bunu ancaq erməni agenti istəməz…

Çapayevli (yoxsa çapaeyvçi?) haqqında az-çox məlumat olduğundan bilirdim ki, o nə kitabxana, nə bazar günü məktəbi, nə etnik-bədii kollektiv yaradandır. Məqsədi sədr olmaq, qoltuğuna qovluq ya əlinə portfel alıb şəhər idarələrinə  güzəştli gediş hüququ qazanmaq və şübhəli “millət rəhbəri” statusundan istifadə edib özünün və yaxın adamlarının əsasən alverlə bağlı məsələlərini həll etməkdir. Təşkilat, Samara cəmiyyəti ona rəsmi filial statusu verməsə də, yarandı, yəni əslində təşkilat-zad yaranmadı, o zirək adam sadəcə təşkilat sədri elan olundu və təzə aldığı portfelə bir şələ kağız doldurub başladı idarələri gəzməyə. Deyilənlərə görə, o adamda  “o gün olmaz ki, mənə işləri düşməsin, salaram palçığa, ayaqlaram” deyən Xudayar bəy ədaları var və narazıdır ki, bütün Çapayevsk azərbaycanlıları, xüsusən ona heç vaxt işi düşməyənlər, “rəhbərə” tabe olmaq istəmirlər…

Aşağılarda bu tipli “təşkilatların” yaradılmağı ilə paralel başqa bir canfəşanlılıq müşahidə olunur: Moskvadan federal statuslu təşkilatların bölgələrdəki irili-xırdalı bütün azərbaycanlı cəmiyyətləri nəzarət altına almaq, komandanlıq eləmək və həm də əksəriyyəti yalnız kağız üzərində olan birliklərin sayı hesabina sanballı görünmək. Əslində, Azərbaycanda müasir siyasi rejim modelinə əsaslanan kvazi dövlət qurumu yaradılır. “Samara vilayəti azərbaycanlıları Liqası”nın  sədri əməkdaşlığa, birgə işə açıq və hazır adamdır, dönə-dönə Moskvaya, Peterburqa və Bakıya Ümumrusiya Azərbaycan Konqresinin iclas və qurultaylarına gedib, özünün xeyli şəxsi vəsaiti hesabına başa gələn bu səfərlərdən aldığı əsas təəssür isə məyusluq olub – Konqres rəhbərliyi çoxdan içtimai təşkilatdan çox nazirliyi, rəhbərlər isə ictimai xadimlərdən çox isti yer tapmış bürokratları xatırladır. Konqresin bir neçə dəfə Samaraya gəlmiş nümayəndələrinin yeganə məqsədi Samara azərbaycanlılarını üzvlük haqqı verməklə Konqres üzvlüyünə cəlb etmək, öz qəzetlərinə abunə yazdırmaq olub. Öz xırdaca qəzetlərini çıxarmağa zülmlə vəsait yığan samaralılar rəhbərliyində dollar milyardçıları olan təşkilatın qəzetinə pul verməyə məcbur olublar!

Samarada çoxlu azərbaycanlının çalışdığı tərəvəz bazasına qanlı hücumdan sonra Samaraya gələn Azərros nümayəndəsi bizi lap məəttəl qoydu. O, sovet vaxtı kolxoza təhkimçi kimi gəlmiş raykom işçisini xatırladırdı. Xeyli səylə ona başa saldıq ki, biz kolxoz deyilik,  hüquqları Rusiya Konstitusiyası ilə qorunan azad vətəndaşlarıq. Suyu süzülə-süzülə yola düşəndə dedi ki, heç olmasa bizim Moskvada yaratdığımız … domino federasiyasının filialını burda açın. “Düzdür, sədrimiz ermənidir, ancaq federasiyanı biz azərbaycanlılar yaratmışıq,”- deyə əlavə etdi…

Bir neçə gün əvvəl Şirvan Mürvət  oğluna İnternetlə özünü “Ümumdünya Azərbaycan Gənclər Konqresinin sədri” kimi təqdim edən Rəşad Xasayoğludan məktub gəlib. Bir səhifəlik məktubda, rusların dediyi kimi, o qədər duman var ki, “sədr”in nə istədiyini başa düşmək çox çətindir. Şübhəsiz ki, cavan da olsa, aləmin bicidir. Əvvəl yazır ki, “”dünyada vahid təşkilatımız yoxdur”, sonra yazır ki,  artıq Ümumdünya gənclər Konqresi Bakıda təsis oklunub.

Birincisi: A zalım balası, biz başa düşmədik: var ya yoxdur?

İkincisi: Oğlan, niyə bəs Şirvan Mürvət oğluna Konqresiniz təsis olunandan sonra yazırsan? Bəlkə əvvəl yazıb məsləhət eləyəydin? İctimai təşkilatların nə olduğunu demokratiyanın vətəni Londonun özündə öyrənmiş cənab Kərimov bəlkə heç razılığını verməyəcəkdi? İndi bəs sən nə istəyirsən? Burda sənin filialını yaradaq? Bəlkə hələ hamılıqla pioner andına oxşayan and da içək: ”Son damla qanıma qədər Rəşad Xasayoğlunun işi uğrunda….”

Bəlkə Xasayoğlunun yox? Bəlkə bu Konqres başqa gənc üçün yaradılır?

Kağızı oxumağa başlayanda deyirdim bəlkə axırına yaxın müharibədən də bir şey yazar, bəlkə cavanları yığıb Ağdamı almağa getmək istəyirlər. Yox, qırışmal nə müharibədən, nə də Ağdamdan yazır.

Ağdam torpağı bunlara qənim olsun…

                                                                 21-22.02.08, Samara

 «Azadlıq» qəzetində çıxıb.

 

 

 
 

 

ANA DİLİ… BƏS BALA DİLİ?

   

“Bu şaxtalardan təngə gəldik. Çıxıb gedəsən Azərbaycana… Ora qışda da istidir…”

Bu qış, əlbəttə, ora da isti deyil, ancaq Samaraya baxanda, əlbəttə, istidir – indi küçədə şaxta iyirmi dərəcədən çoxdur. On iki yaşlı dünya gözəli Məsmədə astma var, bərk soyuqlarda əziyyəti artır, ancaq dərsi buraxmır. Bacısı Sevillə o, “Samara vilayəti azərbaycanlılarının Liqası” nəzdindəki bazar günü məktəbinin ən “qocaman” şagirdləridirlər. Ataları, Xanlar törəməsi Rövşən Musayev, həmişə vaxt tapır ki, iki qızını Azərbaycan dili dərsinə, böyük qızını isə ara verməyən idman yarışlarına aparsın – Stella qaçışla məşğul olur. Atası Məsməyə Naxçıvanın duz şaxtalarından danışıb. Indi Məsmə üçün hələlik görmədiyi Naxçıvan “möcüzələr ölkəsi”dir…

Məktəbin işlədiyi üç ildən artıq vaxtda şagirdlərin sayı on nəfərdən çox olmur. Samara şəhərində təkcə rəsmi məlumatlara görə on beş mindən çox azərbaycanlının yaşadığını nəzərə alanda yeganə mümkün nəticəyə gəlirsən ki, soydaşlarımız öz uşaqlarının ana dilini öyrənmələrində maraqlı deyillər. Və nəinki maraqlı deyillər, hətta fəal şəkildə əleyhinədirlər də. Bu, mürəkkəb məsələdir, qismən tarixi məsələdir və bu tarixin özü isə qismən xəstəlik tarixidir.

Biz burda Azərbaycandakı rus məktəblərinin məzunlarından və Bakının rus dilli məhəllələrinin törəmələrindən danışmırıq, belələrinin Samaranın Azərbaycan diasporunda xüsusi çəkisi də çox azdır. Samara azərbaycanlıları əsasən kəndlilərdir, yaşı qırx və qırxdan çox olanlar ruscanı Sovet ordusunda, əgər əsgərlik çəkiblərsə, öyrəniblər – bu, əlbəttə, kişilərə aiddir. Son on beş ildə gələnlərin ruscası məktəbdə öyrəndikləridir — əgər keçiblərsə. Ancaq ümumilikdə, nadir istisnalarla, azərbaycanlıların  ruscası, demək olar ki, qrammatik normalar tanımır, leksika cəhətdən çox bəsitdir. Burda hətta otuz il və daha artıq yaşayan soydaşlarımız az-çox ciddi bir fikri ifadə etmək istəyəndə aləmi qarışdırırlar bir-birinə. Bəzən aqressiv hücumlara məruz qalan, incidilən azərbaycanlı savadlı şəkildə milisə ifadə verə bilmir, televiziya jurnalistlərinə dərdini danışanda əcayib nitqi ilə özünə qarşı tamaşıçıda mərhəmətdən çox gülüş doğurur.

Həmin bu azərbaycanlı uşağı dil açan gündən onunla rusca danışır. Bu, bir növ özünmüdafiənin zəruri həddinin aşılmasıdır. Soydaşımız dili pis bildiyinə görə çəkdiyi çətinliklərdən, ünvanına eşitdiyi tənbehlərdən, qınaqlardan, kinayələrdən özü üçün kompleks yaradıb. Onun incikliyi indi öz ana dilinə də ünvanlanır və o nəinki istəyir uşağı ruscanı ruslar kimi bilsin, o həm də istəyir ki, uşağı Azərbaycan dilini, elə bil hər kəlməsinə lənət, qarğış hopmuş bu dili bilməsin…

Hər bir xəstəlik müalicə olunmayanda şiddətlənir: soydaşımız hərdən-hərdən ailəsiylə vətənə gedəndə qohum-qonşunun yanında öyünür ki, uşaqları azərbaycanca bilmirlər. Sübüt üçün uşaqları çağırır və onlarla bir neçə kəlmə rusca danışır. Rus dilli uşaqlar indi soydaşımız üçün status göstəricisidir, ona elə gəlir ki, qohum-qonşudan bir neçə pillə yuxarı qalxıb…

Uşaqlar bir az böyüyəndən sonra valideynlərinin ruscası onlarda gülüş  doğurur – ailə əslində bir-birinin dilini anlamayan iki hissəyə bölünür ki, bu da traqikomik sitüasiya yaradır…

Rus dilini, əlbəttə, azərbaycanlıların öyrənməyi yaxşı olardı, ancaq sovet dövründən bu dilin Azərbaycanda tədrisi fəlakət vəziyyətində olub. On illərlə Axundov adına institut rus dilini bilməyən məzunlara diplom verib məktəblərə göndərməklə xəstəliyi nəinki xroniki, hətta bəlkə də, dil müəllimi hazırlayan məktəblərin korrupsiya ocağı olduğunu nəzərə alsaq, sağalmaz edib.

Son vaxtlar Azərbaycanda dillə bağlı müzakirələr zamanı rus dilinin vacib müdafiəsi qəfildən Azərbaycan dilinə qarşı hücuma çevrilir. Səhv etmirəmsə, Oktay Ataxan adlı müəllif elə ucuz alıb getdi ki, axırda dedi rus məktəbləri olmasaydı, Azərbaycanın nə elmi, nə mədəniyyəti olardı. Bu iddiada irqçilik elementi olduğu şübhəsizdir — bu məni heç təəccübləndirmir, rus məktəblərinin məzunlarından belə şovinist-irqçi bəyanatları hələ sovet dövründə çox eşitmişəm. Elm barədə, savadsızlığıma görə, bir söz deyə bilmərəm, o ki qaldı mədəniyyətə… Səhv eləmirəmsə, gözəl nasir Əkrəm Əylisli Azərbaycan məktəbində oxuyub. Eləcə də gözəl şairlər Ramiz Rövşən və Vaqif Cəbrayılzadə. Mən hələ Molla Pənah Vaqifi demirəm…

Başqa bir Vaqif, Səmədoğlu, deyir ki, ingilis lordları ona Dostoyezskini, Puşkini orijinalda oxuya bildiyinə görə həsəd aparırlar…

Ah bu yazıq lordlar! Bir vaxt onlar bizim başqa bir şairimizə həsəd aparırdılar ki, onun, ingilis lordları kimi iki yox, düz iyirmi altı babası var…

Hamısı da rus dilli bolşevik komissarı…

13.02.08 Samara

BİZİM ADAM

Azərbaycanlalıların görüşdən sonra vidalaşmağının bəzən görüşün özündən çox çəkdiyi yaxşı məlumdur. Şirvan Kərimovla, Samara azərbaycanlılarının cəmiyyət sədriylə, demək olar ki, həmişə belə vidalaşırıq – dönə-dənə sağollaşırıq, mən maşının qapısını açıb düşmək istəyəndə hansımızınsa yadına vacib söz düşür və yenə qayıdıb otururam yerimdə. Şirvan Mürvət oğlunun çox sevdiyi “Dikkens” adlı yarızirzəmi rahat pab (biz orda kekslə çay içirik) çoxdan bağlanıb, şəhərin küçələrindən maşınlar çəkilib –səhər ertə yaranıb axşam saat səkkizə-doqquza qədər davam edən tıxac yada qorxunc yuxu kimi düşür…

Yeri gəlmişkən, bu pabda yaxşı musiqi oxudurlar, məsələn, Lui Armstronqun yazılarını. İki zalın birində Dikkensin otuz cildliyi qoyulub, hərçənd kiminsə burda oturub “Pikvik klubu”nu ya “Devid Kopperfildi” oxuyacağını təsəvvür etmək çətin olsa da, böyük inğilisin, Qorkinin diliylə desək, “insana sevgi elmini yaxşı mənimsəmiş” yazıçının ruhuyla heç olmasa bu şəkildə təmas xoşdur…

Növbəti dəfə sağollaşıb qapını açmaq istəyəndə ğördüyüm məni çaşdırır: Novo-Sadovaya çüçəsinin hər iki istiqamətində heybəti və nizamı ilə ilk baxışdan hərbi texnikanı xatırladan yük maşınları sıralanıb. Bir az ləng də olsa, Şirvan müəllimlə elə eyni vaxtda başa düşürük: bunlar qar daşıyan maşınlardır. Qarın şəhərdən çıxarılması əsasən gecədən xeyli keçmiş, xüsusən köhnə Samaranın dar küçələrinə sığmayan avtomobil axını bir neçə saatlığa tükənəndən sonra başlanır. Novo-Sadovaya şəhərin bəlkə də ən uzun küçəsidir, deyərsən ki, sonuncusunun harda dayandığı bilinməyən  maşınların sayı mindən çoxdur. Ancaq bu, aldadıcı təsəvvürdür, şəhərin bu qədər maşını yoxdur. Təxminən il yarım bundan əvvələcən ixtisaslaşdırılmış avtomobil müəssisəsində elə təxminən minə qədər maşın olub. İndi maışnlar da yoxdur, müəssisə də.

Yerlimizi nə bilmişdiniz?!

Keçmiş mer, on ilə yaxın şəhərin ağası olmuş və 2006-cı ildə növbəti seçkiləri uduzmuş Georgi Limanski, indiki rəsmilərin dediyinə görə, məğlubiyyətdən bir az əvvəl həmin o müəssisəni satıb və indi şəhəri az qala xirtdəyinəcən basmış qarı təmizləyib daşımağa cəmi yüzdən bir az artıq maşın var. Ancaq mərkəzi küçələr və onlar da qismən təmizlənir. Bütün günü qarda çobalayan maşınlar görürsən, bir az canfəşanlıq edəndən sonra onlar qumda batan kimi batırlar. Çoxmərtəbələrin bir neçə gün daşınmayan zibilləri dolu konteynerlərin yanında qalaqlanır və guya yaranışların alisi olan insanların yaşadığı binaların həcmli karikaturasına çevrilir.

Deyirlər Georgi Sergeyeviç indi Dikkensin vətənindədir. Hətta federal qəzetlərin də bəzisi yazır ki, Limanski axtarışdadır. Bəzisi də yazır ki, axtarışda-zadda deyil, öz kefindədir.

Bir dəfə Azərbaycanda bir nəfər zirək adam mənə dedi: ”Sizin nmeriniz axı yerlimizdir.” Dedim ki, hə, bilirəm, yerlimizdir. Zirək adamı cavabım, yəni bu cavabın sevinsiz-zadsız verilməyi  deyəsən pərt eləmişdi. Fikrindəkini gözlərindən oxuyurdum: Yerlin orda merdir, bəs sən niyə bu gündəsən? Heç olmasa qaş-qabağın açılsın. Zarafat deyil, Yardımlı balası o boyda şəhərin ağasıdır!

Georgi Limanski doğrudan da yerlimizdir – o, Yardımlının Diman kəndində sərhədçi ailəsində anadan olub. Ona heykəl qoymaq fikrinə düşənlər üçün əlavə edirəm – 1950-ci ildə, hərçənd Azərbaycanda bütün heykəllər bir adama qoyulur…

Və mən başa düşürəm ki, müqəddəs milli ənənələr var – yerlini, xüsusən yurddan kənarda, başkəsən, anaşa satan olsa da sevməlisən.

Georgi Limanski tipik rus koorrupsioneri deyildi, onda Azərbaycan korrupsionerinə məxsus miqyaslar və fantaziyalar vardı. O, samaralıların ən böyük gəzinti və istirahət yeri və həm də təbiət qoruğu olan Zaqorodnı parkı da, Volqa sahilindəki mərkəzi abad çimərliyin bir hissəsini də satmışdı.

Limanskinin üçüncü dəfə seçilməyinə Kreml -təəccüblənməyin — böyük qüvvələr səfərbər eləmişdi. Putinin ən yaxşı telejurnalistləri Samaraya gəlib yerli kanallarda onu təmizə çıxarırdılar.

Seçkilərdə Samara camaatı əslində Kremlə, Putinə qalib qəldi.

Ancaq samaralıların bu qələbəsi Pirr qələbəsinə də çevrilə bilər. Kreml bəhanə axtarır ki, Rusiyada qalmış sonuncu azad seçkiləri – mer seçkilərini də ləğv eləsin.

2006-ci il oktyabr seçkiləri açıq leqal siyasi həyatdan uzaq olan azərbayçanlı icmasının az-çox mütəşəkkil iştirak etdiyi son seçkilər idi. Bəzilərinin, azının, əlbəttə, Limanskiylə işləri vardı, bəzilərini isə o azlar səfərbər eləmişdi.

Rusiyada yaşayan azərbaycanlıların demokratik prosedurlara qatıldığını və vətənə qayıdacağı təqdirdə ictimai həyata sağlam ruh gətirə biləcəyini düşünənlər, təəssüf ki, yanılırlar. Birincisi, bu prosedurlar Rusiyanın özündə Putinin daha yaxşı tətbiqə layiq olan səyləriylə yoxa çıxmaqdadır. İkincisi, bizə tayfaçılıq vərdişləri demokratik prosedurlardan daha doğma və anlaşıqlıdır. Şəhərdəki bu qış fəlakətinə görə soydaşlarımız, əlbəttə, Limanskini qınamırlar. Ümumiyyətlə heç kimi qınamırlar. Bu təbii fəlakətdən çəıxarılan yeganə nəticə budur ki, “qışınki cipdir.”

O ki qaldı indiki merə…

Sobakeviç deyirdi ki, şəhərdə bir nəfər abırlı adam varsa, o da prokurordur. Və əlavə edirdi ki, düzünə qalsa, o da donuzun biridir…

Yeri gəlmişkən, Samara şəhərinin prokuroru azərbaycanlıdır…

14.02.08 Samara

 

Anna AXMATOVA REKVİYEM

Anna AXMATOVA REKVİYEM.