Архив тегов | saytların bağlanması

MÖHTƏRƏM PREZİDENT ƏLİYEVƏ CASUSLUQLA BAĞLI MƏKTUB

Möhtərəm prezident İlham Əliyev! Sizə miskin və həqir Mirzə Əlildən salam olsun!

Azərbaycan ordusunda casusların tutulduğunu eşidib çox məyus oldum. Yəni casusların tutulmağına yox, birdən məni səhv başa düşərsiniz. Mənim məyusluğum belə gözəl orduda, Sizin ali baş komandan olduğunuz orduda bəzi hərbçilərin casusluq etməyindədir. O ki qaldı tutulmaqlarına, buna çox sevinirəm, tutulanlardan birinin məhkməsiz-zadsız öldürülməyinə isə həddindən artıq şadam. Belə satqınlara görə möhtərəm hakimləri vacib işlərdən yayındaırmaq olmzaz Hakimlərimizin də vacib işləri o qədərdir ki! Hələ nə qədər sayt, qəzet, radio bağlamaq lazımdır! 

Bu casusluq əhvalatını eşidəndə məyus olsam da, təəccüblənmədim. Mən elə bilirdim ki, əsgərlər və zabitlər arasında vətəni satmağa hazır insanlar çoxdur. Çünki bu insanlar vətənin qədrini bilmirlər. Çünki bu hərbçilərin çoxu kəndçi-küdçü ailəsindəndir, kasıb-kusub ailəsindəndir. Kəndçi-küdçü, kasıb-kusub vətən qədri nə bilir? Vətənin qədrini Mədət Quliyev, Kəmaləddin Heydərov, Arif  Paşayev, Ramil Usubov, Zakir Qaralov kimi adamlar bilərlər. Ona görə də orduya belə adamların uşaqları getməlidirlər. Vətəni Leyla Əliyevadan kim artıq sevə bilər? Ona görə də siz neft fondunun pullarını Leylaya tapşıdığınız kimi, vətənin müdafiəsini də ona tapşırmalısınız. Qoy getsin otursun Tərtərdə, görüm onun gözünün qabağında kim Vətəni ermənilərə sata bilər. Götürək Nərgiz Paşayevanı. Həftə səkkiz mən doqquz Londondadır. Yəqin bezib Londondan. Bəlkə elə London və londonlular da ondan beziblər. Getsin Nərgiz Paşayeva otursun Marquşavanda səngərdə, bir köpəkoğlu da casusluq edə bilmıəsin. Kəmaləddin Heydərovun oğlanları cəbhə bölgəsində əsgərlik eləsələr, siz ordu sarıdan arxayın olardınız. Mənim fikrimcə, bütün Azərbaycan ordusunu buraxmaq, onu yenidən, məmur, oliqarx balalarından yığmaq lazımdır. Gör Azərbaycanda nə qədər rayon var və nə qədər rayon başçıları, onların müavinləri var. Onların uşaqlarından bir diviziya yığılsa, ermənilər şalvarlarına işəyərlər. Nazirlərin, onlarının müavinlərnin övladlarından, qohumlarından böyük briqada yığmaq olar. Ordu komandanlığını isə Mehriban xanıma vermək lazımdır. Çünki ən etibarlı adam odur. İndi ki, siz neft fondunu, bu fonddakı pulları etibar edib Mehriban xanıma vermisiniz, ordunu da ona etibar etmək olar. Qoy gedib otursun Tərtərdə ya Horadizdə. Oralarda gözəl hava var, xanımın rəngi açılar, həm də sərhədlərimizdən, yəni torpaqlarımızın olub-qalanından arxayın olardıq.

Möhtərəm prezident! Kasıb-kusubdan ordu olmaz! Biri elə mən. Nə gizlədim, əslim salyanlıdır, cavan olsaydım və məni orduya aparsaydılar, vətəni bir baş nəşəyə satardım…

Zat-aliləri! Bilirəm ki, siz yazılan bütün məktubları diqqətlə oxuyursunuz. Mənim də məktubumu oxuyacağınıza şübhəm yoxdur. Məsləhətimi nəzərə alıb ordunu yenidən qursanız, tezliklə işqala son qoyular.

Hörmətlə

Mirzə ƏLİL