Архив тегов | sosializm yarışı

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «BİLMƏK OLMUR FƏHLƏ KİMDİ, USTA KİM, BU EŞQƏ, SEVGİYƏ TƏKƏRLƏR GÜLÜR…»

Əliağa Vahid

Vahidin gülməli şeirlərindən biri də “Zərbəçilər”dir. Şeir, güman etmək olar ki, keçən əsrin iyirminci illərinin sonunda yazılıb. “Zərbəçilik” hərəkatı SSRİ-də 1920-ci illərin ortalarında yaradılmışı.

“Zərbəçi”  — kalkadır, yəni rusca “udarnik” sözünü yamsılama yolu ilə yaradılmış sözdür. Yüksək əmək məhsuldarlığı göstərən, planı vaxtından əvvəl və normadan artıq yerinə yetirənlərə “zırbəçi” adı verilir, onlar üstündə Leninin və Stalinin təsviri olan döş nişanı ilə təltif olunurdular. Zərbəçilik hərəkatı sosialist yarışının bir forması idi.

Azərbaycanın da öz zərbəçiləri olub. Və bu zərbəçilər çox vaxt süni şəkildə, nümunə üçün yaradılıb. Məsələn, kənd təsərrüfatının ilk zərbəçilərindən sayılan Bəsti Bağrova və ya Qüdrət Səmədovun guya bir gündə 400 kq-dan artıq pambıq topladıqları iddia edilirdi. Bu qədər pambığı əllə yığmaq heç cür mümkün deyildi. Bu cür əldəqayırma qəhrəmanlar tezliklə yüksək vəzifələrə, deputatlığa təyin olunurdular.

Güman etmək olar ki, Əliağa Vahidə partiya rəhbərliyindən zərbəçi fəhlələrə şeir yazmaq tapşırığı verilib və yəqin ki, yaxşı avans da alıb. Bu avansa Vahid o qədər vurub ki, zavoda gedib sexə, fəhlələrin işinə baxmağa da  halı olmayıb. Zərbəçini, onun əməyini, iş yerini gözəlləri təsvir edən kimi təsvir edib: qarə zülf, zülfdə şanə, qarə göz… (Bir qəzəldə alə(!) göz” deyir, çünki “xəyalə” ilə qafiyə olmalıdır).

Vahidin zavod haqqında bildiyi yalnız zavodun fit çalmağı olub. Bunu Bakıda yaşayan hər kəs bilirdi, çünki zavodlar iş növbəsinin başlandığını bildirmək üçün tükürpədən fit çalırdılar.

“Bu gün fitlər gün doğmadan səsləndi.”

Yəqin zavod o gün fitini tez çalıb ki, Vahidi xumarlıqdan oyatsın, şeirin vaxtı keçirmiş…

“Dəniz coşa gəldi, göllər tərpəndi.”

Təsəvvür edirsiniz zavodun fiti nə həngamə törədir? İsrafil şeypurunun da buna gücü çatmaz…

“Təkərlər oxudu, zindan can dedi”.

Aha! Təkərlər! Hansı təkərlər? Avtomobil təkəri? Sexdı nə təkər? Bəlkə dəzgahların çarxları? Onda bəs zindan nədir? Vahid zavoddan yazır ya dəmirçixanadan?

“Qəlbimə zəhmətdən bir fərəh endi.”

İnanan daşa dönsün! Zavod fiti Vahidi fərəhləndirə? Qoy oturmuşuq…

“Anlar keçir, dəqiqələr yürüyür…

Kürələr ağzından atəş püskürür.”

Bəlkə metallurgiya sexidir?

“Seçmək olmaz usta kimdi, fəhlə kim

Bu sevgiyə, eşqə təkərlər gülür.”

Bu iki misradan nə başa düşürsünüz? Sevgi, eşq kimlə kim arasındadır? Fəhlə ilə usta arasında? Təkərlər buna gülür?

Sonra yəqin təkərlər özünə gəlib işinə davam edir.

Təkərlər fırlanır, zindan hayqırır,

Zərbəçi qolları düşməni sıxır… “

Düşmən hardan peyda oldu? Zindanda gizlənibmiş?

“Qabarlı əllərdən, gülər üzlərdən

Bir an keçir yeni bir alət çıxır.”

Ay rəhmətliyin oğlu, deyək ki, əllərdən alət çıxar. Bəs üzlərdən alət necə çıxar? O zəhrmarı az içəydin də…

Şeirin sonundan məlum olur ki, Vahid zavod sexini yox, haçansa uzaqdan-uzağa gördüyü dəmirçixananı təsvir edir.

Çəkicini bərk vur, zərbəçi yoldaş,

Əks-səda versin sənə dağü daş.

Vahid elə izafətlər yaradır ki, oxuyanın gözü kəlləsinə çıxır: “Dağü-daş”! A kişi,  dağ və daş niyə yazmırdın?

“Sosializm tarixinə yazılır sənin

Çəkdiyin zəhmətin, qan-tərin, qardaş!”

Qan-tər necə yazılar?

Hanı o sosializm tarixi?

Hardadırsa, Əliağa Vahidin də adı orda olmalıdır…

Mirzə ƏLİL

  1. 07. 2024, Samara