Архив тегов | Tərtər işi

ANARIN YUXUSUNA ƏZRAİLİN GƏLMƏKLİYİ

Dostu Elçinin dəfnindən ölümcül yorğun gələn Anar evə gələn kimi yatağına girir və yuxuya gedən kimi Əzraili divanın yanındakı kresloda oturub gözlərini ona dikdiyini görür. Əzraillə tanışlığı olmasa da, Anar onu görən kimi tanıyır: ölüm mələyi bir suyundan mərhum atası Rəsul Rzaya, bir suyundan mərhum Süleyman Rüstəmə oxşayırdı. Xüsusən burnunun yekəliyindən. Anar Əzraili görəndə ölməkdən çox, yerini islatmaqdan qorxdu. Qorxdu ki, ev adamları yenə divanı islatdığına görə onu danlayacalar. Ona görə qıçlarını bir-birinə keçirib bərk sıxdı  ki, qəza baş verməsin. Birdən Əzrail mərhum İsmayıl Osmanlının səsiylə danışdı.

— Hazırsan?

Anar özünü bilməzliyə qoydu.

-Hara hazıram?

Necə hara? Ölümün çatıb, gedirsən. Gec-tez hamının vaxtı çatır.

Məsələ burasındadır ki, cənab Əzrail, iki ildən sonra mənim doxsan illiyim olacaq. Mən bu ölkənin ən böyük yazıçısıyam, fəxriyəm, milli sərvətiyəm. Böyük təntənə olacaq. Türkün məsəli, vur-çatlasın… Öz iştirakım yaxşı olardı.

— Yox, indi ölsən, lap gözəl təntənə olar. Ölməsən, doxsan illiyində ölkənin doxsan faizi səni söyəcək… Ölsən, bəd əməllərinin bir hissəsini unudarlar.

— Sizə etiraz eləməyə cəsarətim çatmır, cənab Cəbrail. Ancaq bu ölkədə o qədər ölmək istəyən adam var ki. Bəlkə məndən qabaq onları aparasınız? Bilirsiniz bizim ölkədə nə qədər adam özünü öldürür?

— Hardan bilək? Ölkənizin düz-əməlli statistikası var ki? Ölkənizdə düz-əməlli nə var? Ölkəni yaman günə qoymusunuz.

— Mən eləməmişəm. Elçin baş nazirin müavini olub iyirmi il. Ondan soruşun.

— Soruşarıq. Yeri gəlmişkən, Elçin orda qırğın qayırır. Səni istəyir, deyir dostumu gətirin, deyir Anarsız qala bilmirəm.

— Elçin mənim dostum-zadım deyil. Mənim dostum yoxdur.

— Elçin ayrı cür deyir. Orda hamı düzünü deyir.

— Harda orda? Cənnətdə ya cəhənnəmdə?

— Elçin hələ etap gedir…

— Sizdə də etap var?

— Qabaq yox idi, indi var. Biz də sizdən öyrənirik. Azərbaycanın təcrübəsindən çox istifadə eləyirik. Tərtərdən sonra cəhənnəmdə əsl inqilabi dəyişikliklər oldu…

— Tərtərdən mənim xəbərim yoxdur, bilmirəm əsgərlərə neyləyiblər…

— Bizdə hamısını görəcəksən, biləcəksən. Dur görək!

Anar durmaq üçün dolaşmış qıçlarını aralamaq istəyəndə ayıldı. Əzrailin gəlişinin  yuxu olduğuna o qədər sevindi ki, divanı islatdığını da vecinə almadı…

 

Mirzə ƏLİL

06. 08. 2025, Samara

GƏDƏBİYYAT. CƏHƏNNƏMƏ İNANMIRAM, ANCAQ SÜLEYMANRÜSTƏMLƏRİN ELƏ BİR YERDƏ YANMAĞI ƏDALƏTLİ OLARDI…

Без названия (3)

Fikrət Qocanın gəncliyində yazdığı bir şeiri yadımda qalıb, səhv etmirəmsə, adı “Babalarım” idi.

“Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub.

Bəs bu namərdlər hardandır? –

Bax, bu mənə dərd olub”.

İllər keçdi, Fikrət Qoca özü də qocalıb “baba” oldu, özü də namərdin xalisindən. Namərd kimdir? Mərd olmayan adam. Pataloji məddaha, yaltağa çevrilmiş, rəhbərliyin dalını yalamağa sovet pionerinin andındakı kimi “həmişə hazıram” deyən adam mərddirmi? Yox, namərddir.

Babalar haqqında  şeir yazmış Fikrət Qoca namərdlərin hardan əmələ gəldiyini bilməliydi. Üzv olduğu və gəncliyindən ciddi mövqe tutduğu Yazıçılar İttifafaqı, məhdud istisnalar olmaqla, namərdlər, oğraşlar yuvası deyildimi? Yarandığı gündən bu İt Tifaqının üzvləri axur başında əlverişli yer tutmağa çalışaraq bir-birlərindən donos yazmayıblarmı, bir-birlərini sürgünə, ölümə göndərməyiblərmi? Hansı alçaqlıq, hansı rəzalət yoxdur ki, Azərbaycan sovet yazıçıları eləməsinlər?

Azərbaycan ədəbiyyatına toxunulmaz klassik, millətə isə mənəvi atalardan biri təyin edilmiş Rəsul Rza Stalinin sosializm inkişaf etdikcə sinfi mübarizə kəskinləşir” tezisinə cavab kimi “Bolşevik yazı” şeirini yazır

“Düşmənlik olmamaqçın, qızışmalı düşmənlik…”

Ay lotu!

Və rəsulrzalar, səmədvurğunlar düşmənçiliyi qızışdırır, qələm yoldaşlarını gedər-gəlməzə göndərirdilər.

“Mübarizə bu gün də var yarın da.

Mən də onun ən ön sıralarında…”

Belə atadan törəyən Anar Yazıçılar ittifaqının oğraşxanaya çevrilmə prosesini təkmilləşdirib başa çatdırıbsa, niyə təəccüblənməliyik?

Bütün sovet dövründə Azərbaycanda bütün mədəniyyət proyektləti, ideoloji fəalliyyəti insan mənəviyyatını pozmağa, onu prinsipsiz, əqidəsiz kütlə vahidinə çevirməyə yönəlmiş hakimiyyətə qarşı çıxan olubmu?

Susanlarla, başını aşağı salıb bir tiə çörəyini qazananlarla işimiz yoxdur. Ancaq fəal oğraşların, yalana doğru, pisə yaxşı deyən və buna xalqın uşağını-böyüyünü inandıranların cinayəti gərək ifşa oluna. Bizdə isə onlar yenə də klassikdirlər və xalqa mənəvi atadırlar.

V. Panovanın «Seryoja” hekayəsində Petya dayı 5 yaşlı Seryojanı çağırıb ona “konfet” verir. Uşq kağızı açıb görür ki, içi boşdur (pustışka). Və deyir:

— Petya dayı, sən axmaqsan?

Mən Süleyman Rüstəmlə görüşsəydim soruşardım:

— Sən niyə belə alçaqsan?

Keçən əsrin 70-ci illərində “Azərbaycana gəlsin” şeirini yazan adam fövqəladə alçaq olmalıydı.

“Vətənimin seyrinə çağırıram elləri,

“Cənnət görmək istəyən Azərbaycana gəlsin!”

70-ci illərdə Bakı avtovağzalı mərkəzdə, hardasa İnşaatçılar prospektində ya da ona yaxın yüksəklikdə, Spartak stadionunun və “Azərbaycan” mehmanxanasının yaxınlığında yerləşirdi. Vağzalın qabağında sıra ilə tualetlər var idi. Tualet deyəndə ki, yan divarlırı olan qapısız deşik. Və o tualetə gedənin gərək rezin çəkmələri olaydı ya da topuğunacan sidiyə batacağını nəzərə alaydı. Yaxındakı “Azərbaycan” mehmanxanasında isə pasportun arasına qırmzı sovet onluğu qoymadan yer almaq mümkün deyildi.

“Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri…”

Süleyman Rüstəmin Bakıda yaxşı mənzili, üstəlik bağ evi vardı, deputat və xalq şairi kimi səfərləri zamanı bahalı mehmanxanalrda qalırdı. Yaxşı, cəhənnəmə qalıb, gora qalıb. Ancaq bu sidik iyi verən quldurxanını niyə tərifləyirdi? Ona Tərtər qurbanları kimi işgəncə verirdilər, bel sapı soxurdular ki, gərək bunu yazasan? Ya alçaqlığından, namərdliyindən, tamahından?
“Qanımızda dövr edən sədaqətdir, sədaqət…”

Baxın, diqqətlə oxuyun. Sədaqət (iki dəfə sədaqət) qanda necə dövr edər və bunu necə başa düşməli? Kimə sadaqət? Arvada, ərə sədaqət? Kim hakimiyyət başındadırsa, ona sədaqət?

“Günəşdən də parlaqdır gözümdən bu həqiqət.”

Hansı həqiqət? Hansı?! Ay kommunst lotu, günəşi də murdarlamısan…

“Dostuna, qardaşına təmənnasız məhəbbət…”

“Dosta, qardaşa təmənnasız məhəbbət” nədir? Başqa millətlərdə qardaşı təmənnalı sevirlər?


“Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir…”

Gözəllik gözəllərdən gəlir…Bu ifadəni yazan dəlidir ya milləti dəli sayır?

“Dostluğun-qardaşın təməlləri” nədir? Bunu izah edə bilən var? Müəllim buna cəfəngiyyat demirsə, əksinə, tərifləyib uşaqların başına yerləşdirməyə çalışırsa, o müəllimin vicdan və əxlaqı yoxdur…

“Könüllərin nıüqəddəs əməllərindən gəlir…”

Könüldə duyğu, hiss olar. Könüldə — əməl? Yəni iş? Könüllərin hansı əməlləri vətənə gözəlliklər gətirir?

“Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!”

Deyək ki, fransız, ingilis 70-ci illərdə gəldi Azərbaycana. Qocasında-gəncində hansı şöhrəti görəcəkdi? İngilis ya fransız görəcəkdi ki, sentyabrın birindən uşaqları basırlar pambığa, bütün birinci rübü uşaqlar pambıq tarlalarında DDT uda-uda, zəhərlənə-zəhərlənə pambıq yığırlar. Yəni 1-ci katib Heydər Əliyev 11-12 yaşlı uşaqların əməyini amnsızcasına istismar edirdi…Mağazalar boş, yaxşı nə varsa, əl altından satılır, adamlar bazarlığa Tiflisə, Yerevana gedirlər…

Yox, bu Süleyman Rüstəm gərək cəhənnəmdə yana…

“Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi konüllərin sazında…”

Baxın. Bu lotu fəsilləri sayır. Yay yoxdur, yaz iki dəfədir. Çünki baharın yerində yay olsa, heca əskik olur. Bu abırsızlıq Azərbaycan şairlərinin əksəriyyətinə xasdır.
“Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!”

Başqa xalqlar dünən ə addımlayır? Bu “mərd oğullar və qızlar” hər seçkidə 100 faiz partiyanın vahid namizədinə səs verirdilər!

“Zavalsızdır ömürlük qoynundakı bağça, bağ…”

Yalançının lap…Azərbaycanı qoynundakı bağların, məsələn, üzüm bağlarının, gecə-gündüz zəhmətini çəkirdilər, kükürd aparatı bellərini yara eləyirdi…

“Al bayraqlar altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!”

Bilirsiniz bu al bayraqlar nədir? 1969-cu ildə Əliyev 1-ci katib təyin olunandan sonra Moskva Azərbaycana hər il sosializm yarışının qalibi kimi qırmızı bayraq verirdi. Mağazalar boş, yemək-içmək qıt, ancaq ilin axırında Heydər Əliyev bayrağı Moskvadan alır, Azərbaycanda vurçatlasın qururdu. Zeynəb, İslam, Arif, Lütfiyar İmanov, Rəşid Behbudov.. daha kimi deyim… hamısı… Xoruz buraxa-buraxa bayrağın şərəfinə oxuyur, Brejnevə Azərbaycana göstərdiyi atalıq ayyğısıa görə təşəkkür edirdilər…

Millətlərin, hətta böyük millətlərin tarixində rüsvayçılıq dövrləri olur. Ancaq bu rüsvayçılıq dövrü ilə qürurlanmaq millətin xəstə olduğunu göstərir. Səmədvurğunlar, rəsulrzalar, süleymanrüstəmlərin nəinki toxunulmaz qalmağı, onların indi də uşaqlarımız üçün müəllimlik, atalıq statuslarının qorunmağı millətimizin çox ciddi xəstəlik yaşadığına sübutdur.

X.X.

10. 05. 2024, Samara

ÖLKƏM

Kənar qalıb bu ölkə Tanrının nəzərindən,
Səma kitablarına  düşməyib yəqin adı,

Yoxdur ondan xəbəri bəlkə mələklərin də,
Deyəsən ərazidə İblisdir at oynadan.

+

Ölkə də unudubdur varlığını Tanrının,

İblis valisindədir hakimiyyət, ixtiyar.

Əzilən, alçaldılan axıdılsa da qanı,

Ayaqlarına İblis valisinin yıxılar.

+

Poqonlu, dəyənəkli İblis hampazorları,

Sındırır, süründürür, vurur ölümünə də.

İblis valisininsə kefi kökdür, həzz alır,

Üstələyər bəlkə  o, Yozef Menqeleni də.

29.12. 2022, Samara

ƏFSANƏVİ ELMAR ALLAHVERDİYEVİN YEREVANDA PAŞİNYANA GÜLLƏ ATMAQLIĞI

Allah sənə rəhmət eləsin, Vasili Makarıç!

XURAL TV Studiyasında Əvəz Zeynallı və Elmar Allahverdiyev

— Sayın dinleyicilər, bu gün qonağımız əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyevdir. Elmar paşa bu gün bizə sensasion bir olay danışmağa kararlıdır. Elmar paşa, xoş gördük sizi.

— Sağ olasan, Əvəz məllim. Dədə, bu iş belə olufdu. Bir dəfə əlahəzrət prezidentimiz, Ali baş komandan çağırdı məni yanına. Dedi ki, Elmar, saa bir tapşırığım var. Dedi bu Paşinyan oğrac Şuşada yallı gedəndən mənim iştahım küsüb, yeyif-içə bilmirəm, arvadla tez-tez dalaşıram. Sən gərək gedib onu öldürəsən. Eliyə bilsən, sənə medal verəjəm, beş min manat da dollar.

Dedim cənab prezident, mənim bu canım saa qurbandır. Tapşırığını yerinə yetirməsəm mən heç kişi dəyiləm. Bunu diyəndə prezident məni qujaxlyıb öpdü.

Ordan məni apardılar baş qərargaha. Dedilər ki, səni Bayrakdarla atajıyıx Yerevana. Sənə də kağız-kuğuz verəjiyik ki, guya sən akademik Aqanbeqyansan, Moskvadan Putinin tapşırığıyla gəlmisən Paşinyanla görüşməyə.

— Elmar paşa, men çaşqınlıq haletiunde bulunuram. Məgər akademik Aqanbeqyan çoxdan ölmədimi?

— Əvəz bəy, ölən ata Aqanbeqyandır. Oğlu var, o da akademikdir. Mənə dedilər ki, mən Auanbeqyana elə oxşuyıram ki, elə bil əkiz qardaşıyam.

— Beləmi, efendim? Pek iyi, devam edin.

— Bəli, məni Bayrakdara qoyub uçurtdular, Yerevan yaxınlığında paraşutla tullandım. Əyin-başımı, qəssumumu, qalstuxumu səliqəyə salıb getdim birbaş Paşinyanın sarayının qabağına. Kağızları portfeldən çıxarıf göstərdim, erməni voyenni dığalar hamısı qabağımda farağat durdu. Dedilər Paşinyan Yerevanda yoxdur, yenə Qarabağa gedib, bu gejəni qal oteldə, sabah gələjək.

Məni apardılar Yerevanın beşulduz otelinə. Hamı əlimə-ayağıma keçir, hamı qulluğumda, dolma gətirirlər, lavaş gətirirlər, konyak gətirirlər. Sonra iki xanım da gətirdilər ki, deyirsən hər ikisi Kardaşyandır.

— Paşam, bəlkə o xanımlar elə Kardaşyan bacılarıymış?

— Ola bilər. Mənnən ingiliscə danışırdılar. Mən də işlərni görüb buraxdım.

— Eləmi, paşam?

— Bə nəə? İşlərini görməsəydim, başa düşərdilər mən Aqanbeqyan deyiləm, əfsanəvi Azərbaycan kəşfiyyatçısıyam.

Nə başını ağrıdım, dədə, savax olcax məni apardılar Paşinyanın yanına, saldılar onun kavinetinə, bizi tək qoydular. Çünki Putunun adından yazılmıışdı biz gərək təkbətək söhbət eliyək. Paşinyan məni qujaxlamax, öpüb-yalamax…Dedim, kirvə, otur yerində söhbətimizi eliyək, mən bura mazaxlaşmağa gəlməmişəm. Kirvə oturan kimi pistoleti çıxartdım…

— Paşam, pistoleti nece keçirdiniz saraya?

— Dədə, mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Pistolet mənim dalımdaydı.

— Dal cinbinizdemi?

— Yox, dalımda. Yəni soxmuşdum dalıma… Ayıb olmasın…

— Anladın sizi, paşam. İyi, iyi, pek iyi!

— Hə, dədə, pistoleti çıxarıb tuşladım bu oğraca. Birini atdım, yıxılmadı, ikisini atdım, üçünü atdım… Hamısını atdım, dədə. Anjax bu oğrac yıxılmır.

— Elemi, paşam? Ben bunu anlamıyorum! Kafama girmiyor!

—  Dədə, niyə anlamıyorsun? Sən demə pistoletə boş güllələri qoyublar Bakıda.

— Kim qoyub, efendim? Belə bir işmi olar?

— Dədə, xainlər eliyif bunu, xainlər. Baş qərargahda xain olub, pistoletimə boş güllələri doldurub… İstədim bu oğracı əllərimlə boğam. Əlimi bu murdara bulamaq istəmədim. Tüfürüb çıxdım ordan…

— Paşam, ordan necə çıxa bildiniz? Mən heyrətdə bulunuram!

— Dədə, niyə bulunursan? Mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Ancaq necə çıxmağım sirrdir. Hərbi sirr. Cənab prezidentimizə söz vermişəm ki, Yerevanı almayınca bu sirri heç kimə aşmıyım.

— Prezident beş min manat dolları verdimi?

— Çox verdi, dədə. On min verdi. Ancaq indiyəjən xajalat çəkirəm ki, o oğrajı öldürə bilmədim.

— Elmar paşa, pistoletinə boş güllə qoyanı tapdılarmı?

— Axtarırlar, Əvəz bəy. Tafajaxlar. Onun üzünə tüfürməsəm kişi deyiləm, cinsi azlığam, Əvəz bəy…

Mirzə Əlil

14.01. 2022

BÖYÜK SABİRDƏN SABİR RÜSTƏMXANLIYA: «QEYRƏTİN OLMUR-OLMASIN…»

İlham Əliyevin 60 yaşı tamam oldu və onu həqiqətən sevənlərlə bərabər güzəranını, xoş gününü, mövqeyini, vəzifəsini, gələcəyini Əliyevdən asılı bilən hər kəs onu təbrik edir. Sevənlər qalsın, bu asılılar saysızdır. Hər brinin təbriki gedir Adminstrasiyaya, orda yəqin bir yerə toplayırlar, sonra bəlkə kitaba salacaqlar, prezident də, əlbəttə, başını ağrıdıb onları oxuyan deyil.  Ancaq təbrik göndərənlərin hər biri istəyir ki, cənab Əliyev onun təbrikindən xəbər tutsun. Bəlkə bir il hazırlaşıb, bəlkə iki-üç il. Gecələr yatmayıb, yediyi boğazından keçməyib, bəlkə hətta stressdən  müvəqqəti  ya birdəfəlik kişiliyini itirənlər olub. Hər biri başqalarının ağlına gəlməyən bir təbrik, bir alqış, bir arzu kəşf etməyə çalışıb.

Sabir Rüstəmxanlı kəşf edib. Deyib ki, İlham Əliyev gərək Azərbaycan kimi xırda bir ölkəni yox, Hindistanı idarə edə.

Yəni Sabir Rüstəmxanlı demək istəyir ki, İlham Əliyev – Messidir, gəlib Keşlə komandasında oynayır…

Bu Sabir Rüstəmxanlının abrı-həyası yoxdr. Onun adını eşidəndə əsl Sabirin “Olmur – olmasın” şeiri yadıma düşür. Ata ilə oğulun deyişməsi. Yəni “qeyrətin olmur –olmasın”. Yəni Sabir Rüstəmxanlı elə bil ki, ailə tərbiyəsi əvəzinə valideynindən belə tövsiylər alıb: Əyil, sürün, tərif de, yala, sabunlu-sabunsuz gir – “qeyrətin olmur-olmasın…”

Hindistan…

Hidistan ölkə deyil, siilizasiyasır, ən qədim, zəngin sizulizasiyalardan biri…

Böyük Britaniyanin tərkbindən çıxandan dünyanın ən böyük demokratiyasına çevrilir. Aşağı palatası iki ildn bir təzələnən, hökuməti tam nəzarətində saxlayan parlamenti, anqlo-sakson məhkəmə sistemi var. Mətbuat üzərində dövlət monopoliyası və nəzarəti yoxdur. Yerli özünüidarəetmə hələ iyirminc əsrin əvvəllərində yaranıb. 1933-cü idə pançayatlar azad, birbaşa seçkilərlə formalaşır. 28 federal ştatdan hər birinin azad seçkilərlə formalaşan qanunvericilik orqanı var,

Belə dövlətin başında azərbaycanlını təsəvvür edirsiniz?

Bir ayın içində Hindistan olar zoğal dəyənəkli Xudayar bəyin rəhbərlik etdiyi böyük bir Danabaş.

Bir ayın içində azad mətbuatın işi iflic olar, qəzetlər, televiziya kanalları maliyyəsiz qalıb bağlanar, qalanlarını hökumət özünə tabe edər ya da hampazorluqla  bağlayar.

Ştatların özünüidarəsi bir aya məhv olar, ştatlara Azərbaycanda olduğu kimi ofisinantlar, mal oğruları, Sədərək banditləri, prokuror qardaşları, hakim bacanaqları, gömrük qudaları rəhbər təyin olunarlar.

Partiyalar darmadağı edilər, ölkə əhalisinin yarıdan çoxu “antimilli ünsür” elan olunar…

Hindistan yüksək elektron avadanlığı, kosmik texnika, dərmanlar, avtomobillər istehsalı əvəzinə Belarus traktorları istehsal edər… Bütün iqtisadiyyat da bir neçə ailənin əlində…

Ölkənin mədəniyyəti də altı aya- bir ilə tənəzzüklə uğrayar, Rabindranat Taqor kimi yazıçıların əvəzinə Sabir Rüstəmxanlı kimi götöpənlər meydana çıxar.

Hind okeanının sahillərini prezidentin qudurtduğu adamlar hasara alarlar…

Və tezliklə Hindistanın axırı çatar…

Sabir Rüstəmxanlı kimi barbarlar öz güzəranı xətrinə  nəinki Hindistanı, hətta dünyanın qalan yarısnı da məhv etməyə hazırdırlar. Keşlə miqyaslı, Keşlə təfəkkürlü arvadlar və kişilər o qədər harınlayıblar, o qədər qızışıblar ki, Hindistana rəhbər təyin edirlər…“Yaxşı ki, Allah dəvəyə qanad verməyib” məsəli burda yerindədir… Hərçənd bu «qanadsız dəvələr»in kiçik ölkəmizin iqtisadiyyatı qalsın, millətin əxlaqına, mənəviyyatına vurduğu ziyan hədsizdir.

Tərtərdə minlərlə hərbçini ermənilərə satılmaqda günahlandrıb öldürüblər, əlil ediblər, həyatlarını korlayıblar.

Millətin şərəfini, ləyaqətini, gələcəyini, ümidini satanlar isə oturublar qondarma parlamentdə, boyunlarını yoğunladırlar… 

“Qeyrətin olmur – olmasın…”

Mirzə Əlil

26.12. 2021, Samara