
Ya kibrit dalınca, ya duz dalınca,
Qonşuya qulluğa gedən uşaq tək,
Gedir yurdu, evi tərk eləyərək,
Kimi ada doğru, kimi qazanca.
+
Ləngiyir, azırıq, dönmürük geri,
Soyuyur, qaralır ocaqda odun.
Duzsuz, şit yeyilir çörəyi yurdun,
Gedənin süfrədə boş qalır yeri.
+
Məşhur əsərində Mirzə Cəlilin,
Buz almağa gedən uşaq sayağı,
Dəli bir həvəsin olub dustağı,
Fərqinə varmırıq ayın və ilin.
+
Əziz birisinin yanır ciyəri,
Əridir günorta istisi buzu,
Çoxunun, çoxunun qaradır üzü,
Nə qüvvə, nə əzm dönməyə geri.
+
Süfrələr yığılıb, qaralıb ocaq,
Dağılıb ocağın başındakılar.
Şimal yayında da buz soyuğu var,
Ürəyin yanğısı soyumur ancaq…
26. 10. 2022, Samara