Архив тегов | Ukrayna müharibəsi haqqında şeir

«YENƏ DƏ FOLKNERİ OXUYURAM MƏN…»

Dron həmləsi var şəhərə indi,

İnternet kəsilib gecə yarıdan.

Nə vaxtdan bəridir havada dron,

Yağış, dolu kimi gözləniləndir.

 +

Zərbə hədəfləri qalırsa yenə,

Çox elə kasıb da deyilmiş şəhər,
Ölkə indi bilir var imiş nələr,
Haçan yas tutacaq itirdiyinə?

 +

Donub televizor, sönüb telefon,
Radio almaqsa plandır hələ.

İndi telefona yüklənilənlər,
Çatır harayıma gələndə dron.

 +

Yenə də Folkneri oxuyuram mən.

Az qala əlli il qabaq olan tək:

Yanır Kür qırağı, oturmuşam tək,

“Novıy mir”sə  düşmür tərli əlimdən.

 +

Rus dilinə gözəl çevirmişdilər,

“Absalom, Absalom” adlı əsəri.

Mən onun sehriylə o vaxtdan bəri,
İngilis dilinin düşdüm eşqinə…

 +

Başımın üstündın uçar şığıyıb,
Səpməyə gedirdi pambığa zəhər,
Çəkilmir burnumdan indiyə qədər,
Təyyarənin səsi, zəhərin iyi…

 +

Mühasirədəyik daim elə bil,

Səngərdə elə bil günümüz keçir,
Gah təyyarə uçur, dron gah uçur.
Uilyam Folknersə yenilən deyil…

24.10. 2025, Samara

«EŞŞƏKARISININ UÇUŞU»

(«POLYOT ŞMELYA»)

Qəribə rekordlar dünyada çoxdur,
Onların ayrıca bir kitabı var,

Nə vaxtdan Rimski-Korsakovu da,
Çalıb yeni-yeni rekord vururlar.

 + 

“Arı uçuşu”nu səkkiz ya doqquz,
Saniyəyə biri deyirlər çalıb.

2000 bhm olub tempi düz,
Birinci yerdədir amerikalı.

 +

Çalınır nonstop və antraktsız.

İndi Rusiyada xırda bu əsər,

Gecı-gündüz dinər, vaxtlı ya vaxtsız,
Əgər yata bilsən, yuxuna girər.

 +

Rimski-Korsakov sanki himn idi.

Putinin Kiyevə həmləsinə də,
Tempi bir neçə min bhm idi,
Rekordsuz, uğursuz qayıtdı hərçənd.

 +

Uçur qoşun-qoşun eşşəkarısı,
Tutur vızıltısı şəhəri, çölü,
Arzular ölkənin bəlkə yarısı,
Çalına tezliklə “Sonalar gölü”.

 +

Bu himnlə gedir cəbhəyə əsgər,

200 nömrəli yük olub dönür.

Yox ölənə yanıb ağı deyənlər,
Arı vızıltısı nonstop dinir.

 +

Tutub aparırlar gündüz, həm gecə,

Dolu avtozaklar anbaan gedir
İyirmi ildir ki, ölkədə təkcə,

Eşşəkarısının səsi leqaldır.

 

26. 04. 2023, Samara