Şəkil bağışlayar, şəkil alardıq,
Kağız şəkil vaxtı, əlli il qabaq.
Bəzən arxasında yazı olardı:
“Baxıb xatırlama, xatırlayıb bax…”
+
Elə şəkillərdən mən də alardım,
Şəkil göndərərdim mən də yazaraq.
Qəriblikdə əvvəl xatırlayardım,
Sonra şəkillərə baxardım ancaq.
+
Dönə-dönə köçdüm, sonra da yandım…
Nə vardısa, getdi, elə candı sağ,
Bir də xeyli şəkil… onlara indi,
Baxmaq həm ağırdır, həm xatırlamaq…
25.04. 2025, Samara
