YÜZ İLİN QIŞIDIR ELƏ BİL GEDƏN…

Yüz ilin qışıdır elə bil gedən,

Elə bil əriyir yüz ilin qarı.

Sanki fəsil deyil, əsrdir gedən,

Bədəndə yorğunluq, ürəkdə ağrı.

 

Yer çılpaq, səmada tanış boz örpək,

Yüz illik qatlardan cücərir çəmən.

Yarpağı, çiçəyi görməyə gərək,

Yüz ilin səbrini basıb dözəsən.

 

Oyatmır ürəkdə təntənə, bayram,

Qürbətin növbəti fəsildönümü.

Bu qara sulardır yalnız ayıran,

Keçən günlərimdən gələn günümü.

 

                                mart – 05 aprel 1997, Samara

 

Оставьте комментарий