Bir anlığa təsəvvür edək ki, İlham Əliyevin qızı ya oğlu ölümlə nəticələnən avtomobil qəzası törədib. Əlbəttə, prezidentin uşağı türməyə salınmayacaqdı və hadisə ört-basdır ediləcəkdi. Ancaq bütün müxalifət dayanmadan qıyya çəkəcək, özünü yırtacaqdı ki, prezidentin uşaqları qudurub camaatı qırır. Nazir uşağı, icra başçısının uşağı törədən qəza da müxalifət tərəfindən belə qarşılanacaq.
Eləsə bəs niyə müxalifətçinin qızının qəza törədib adam öldürməyi az qala milli qəhrəmanlıq aktına çevrilir? Qız uşağının türməyə düşməsi – fövqəladə haldır, buraxıblar – yaxşı. Ancaq bu, ölənin qanını onun vicdanından təmizləmir. Ölənin oğlu öz atasının qanını müxalifətçi qudurğanına bağışlaya bilər, hətta anasını da qurban edə bilər, ancaq bu özü də törənən hadisədən cinayət tərkibini çıxarmır.
Məsələ, əlbəttə, qızın türmədə qalıb-qalmamağından getmir. Məsələ hadisəyə münasibətdən gedir. “Nigar gənc və gözəl xadimdir” – bu, Müsavat qəzetinin hadisə törənəndən sonra Nigar xanıma verdiyi xasiyyətnamədir. Gənc və gözəl! Xadimin gözəlliyi də vacib imiş və “gözəl” xadimlərin qəza tərədib adam öldürməyində pis heç nə yoxmuş…
Bu hadisəyə münasibət müxalifət sayılan zümrənin iç üzünü açır və göstərir ki, bu zümrədəki adamların çoxu iqtidardan heç də yazşı deyil, bunlar da hakimiyyət başına gəlsələr, öz adamlarının cinayətlərini ört-basdır edəcəklər, özləri cinayət törədəcəklər, adam oğurlatdıracaqlar. Yəni iqtidarda olan tayfaçılıq, traybalizm eynilə müxalifətdə də var.
Bir sıra aqressiv, utanmaz və sırtıq adamların fəaliyyəti əslində bütün müxalifəti hörmətdən salır. Yəni ki, bu əxlaqsız adamların səyi nəticəsində İlqar Məmmədov kimi qüdrətli siyasətçi ilə atasının balası gözəlçə Nigar xanımın həbsləri eyniləşir və təbii kimi, kütlədə bunun hər ikisinə ya biganə ya da neqativ münasibət yaranır.
Demokratik ölkələrdə, xüsusən ABŞda, sənədsiz maşın sürməyin özü türmə ilə nəticələnə bilər. Hələ adam öldürmək bir yana – bu halda uzun illər həbs cəzası kəsilə bilər. Əgər amerikalıları nümunə sayırsınızsa, amerikalılar kimi olun. Ola bilmirsiniz, çünki tayfa instinktləriylə yaşayırsınız…
Nigar xanımın verdiyi müsahibələri oxuyursan, görürsən ki, bu qızın intellekti beşinci sinif şagirdi səviyyəsindədir. Yəqin ki, Müsavat qəzeti gözəl xadim deyəndə üz gözəlliyini nəzərdə tutur. Azərbaycanda da rəhbər ataların uşaqları həmişə gözəl olurlar…
GÖZZZƏL MİLLƏT…
04.03. 2013