DƏLİLİK

“Не дай мне Бог сойти с ума…»

                                      А.С. Пушкин

 

Güllə qabağına gedə bilsə də,

Puşkin dəlilikdən qorxub nədənsə.

Axı dəlilikdə qorxmalı nə var? –

Dalınca bir həkim, bir də sanitar,

Gəlib aparalar. Vurub iynəni,

Atalar bir dəmir yatağa səni.

Zaman sonubitməz gecəyə dönə,

Oyada sanitar… əlində iynə.

Yanına gələni tanımayasan,

Fikir çəkməyəsən, gələn olmasa.

Sözünün başına ip atmayalar,
Açıb ayıbını ağartmayalar.

Qarışa ağzının-burnunun suyu,

Gözünün yaşına, yuyan olmaya.

Qarnına nə getsə, doyura səni,

Yumruğu sığaldan ayırmayasan.

Başına buz kimi su əndərələr,

Çırpalar, özündən gedənə qədər,

Gedə ayılınca acığın, kinin,

Sevəsən cəlladı qardaşın kimi…

Nə ölüm qorxuda, xəstəlik nə də,

Sanitar Allahın, qüdrət iynədə.

Küçəyə atalar, dondura şaxta —

Elə biləsən ki, hamı bu halda…

Keçilməz, aşılmaz olsa hasar da,

Sarıyıb yatağa bağlasalar da,

Dərmandan ayıldın – yenə azadsan,

Ağılın quludur həmişə insan.

Yeganə sərvətdir ağıl, itəndə,

Nə axtaran olur, ağlayan nə də…

 

03-11.04.2015 Samara

Оставьте комментарий