Memleketim, memleketim, memleketim,
ne kasketim kaldı senin ora işi
ne yollarını taşımış ayakkabım…
Nazim HİKMƏT
Papağı çatanda çovğun apardı,
Yoldaca dağıldı ayaqqabılar.
Vətən! Saç ağardı, saqqal ağardı,
Üstümdə, içimdə indi nəyin var?
Büküb gətirmədim yaylığa torpaq,
Gətirmədim çiçək, ot qurusu da.
Əziz bir şeyin var, vətənim, ancaq,
Həmişə hardayam, ordadır o da.
O nə satılandır, nə bağışlanan,
Xərclənən, əyinə geyilən deyil.
Nəsildən nəsilə keçər, daşınar,
Köhnələn, aşınan, yeyilən deyil.
Azərbaycan dilim! Səni daşıyan
Mənəmmi? Aparan məni ya sənsən?
Torpaq götürmədim ayrılan zaman,
Yaylıq arasına sığışmaz Vətən.
Səni sərhədlərdən keçirərəm mən,
Azərbaycan dilim, qaçaq mal kimi!
Qürbət torpağında şeir cücərdən,
Qəribin tükənməz sərvəti, mülkü.
21.04. 2015 Samara