Doyunca gəzməmiş, şirin yeməmiş,
Bahalı paltarlar alıb geyməmiş.
Sevgili əlinə əli dəyməmiş,
Ölür cəbhələrdə kənd uşaqları.
Yığırlar bığ yeri qaralan kimi,
Quzunu anadan qoparan kimi,
Qurbanlıq yerinə aparan kimi –
Ölür cəbhələrdə kənd uşaqları.
Gəzir harınların harın balası,
Nə pula pul deyir, nə insan sayır.
Kasıbın boynunda vətən qovğası, —
Ölür cəbhələrdə kənd uşaqları.
Qapalı tabutda qayıdıb gələr,
Üçüncü dərəcə medallı əsgər.
İndi məzarıdır əbədi səngər, —
Ölür cəbhələrdə kənd uşaqları.
Milləti talayıb satan kefində,
İsti ağuşlarda yatan kefində.
Nə öıkə? Nə Vətən? Vətən kefində!
Ölür ara yerdə kənd uşaqları…
07.04. 2016
Samara