Cəbhədə sütül kənd uşaqları qırıldığı bir vaxtda Bakı böyük bir sirkə çevrilib.
Bir yanda bir neçə min gənc çıxıb küçəyə, tuturlar, tutulmurlar, deyirlər buraxın gedək erməniləri mələdək.
Milli bayraqlarla örtülmüş avtomobillərin yürüşü. (Əslində Bakıda avtomobillərin hərəkəti elə həmişə yürüşdür, bşqa bir şey fikirləşə bilərdilər…)
Prezident dəstə göndərib Əli Kərimlinin evini daşa basdırır. Əli Kərimli də yazır ki, o bəzi-bəzi adamlar kimi birinci Qarabağ müharibəsi vaxtı dəri gödəkçə alıb-satmayıb, ermənilərlə əlbəyaxa vuruşub… Ancaq demir ki, onun özünün, müavinlərinin, katiblərinin, süpürgəçilərinin uşaqları cəbhədədirlər ya yox…
Bunlar hamısı, əlbəttə, dolaşıq məsələdir, müzakirə təşəbbüsü sürüşkən yola çıxarar. Rusların sözü var, deyir bilmirsən onun papağını oğurlayıblar, ya o, papaq oğurlayıb…
Bircə şey aydındır: şəhid cənazələri Bakının Fəvvarələr meydanına, Neftçilər prospektiinə (indiki Bakını tanımıram, orda daha hansı yaxşı yerlər var?) gətirilmir. Meyidlər Lənkəranın, Masallının, Cəlilabadın, Salyanın, Neftçalaın, Beyləqanın, Şamaxının kəndlərinə gətirilir.
Ön mövqedə, “ölüm” mövqeyində ancaq kənd uşaqları yerləşdirilirsə, bu, təsadüfi ola bilməz. Bu o deməkdir ki, təhlükəsiz ya xeyli təhlükəsiz yerə düşənlər məsələni pulla həll ediblər. Ya da “adamları” var ki, bu özü də pul kimi bir şeydir. Mən hələ ordudan tamam yayınanları demirəm. Buna lap çox pul ya çox yekə adam lazımdır. Əgər belə olmasaydı, hökmən döyüşlərdə nazir balalarının, prokurorların, rayon rəhbərlərinin, böyük işadamlarının uşaqları da olardı. Məlum olur ki, yoxdur. Məlum olur ki, güllə qabağına kasıb kənd uşaqlarını göndərirlər. Bu, açıq-aydındır.
Əlbəttə, kənddə hamı kasıb deyil. Ancaq mən özüm də kəndliyəm, yaxşı bilirəm ki, kəndlilərin çoxu uşağına pula qıymır, uşağının təhsilinə də pul xərcləmək istəmir. Ayağı yer tutandan muzdur kimi işlədirlər, on səkkiz yaşı çatan kimi də yazıq uşaq gedir əsgərliyə. Şəhər uşağının papası-maması onu əsgər getməyə qoymur, getsə də, “yaxşı” yerə düzəldir, kənd uşağının atası pulundan keçmir. Əslində uşağın xırda yaşından qazandığı pulu da onun özünə xərcləmək istəmirlər. Bəzi daşürək atalar uşaq şəhid gələndən sonra ora-bura qaçırlar ki, havayı qaz çəkdirsinlər, işıq pulundan azad olsunlar…Vallah, belələri var…
Ancaq daşürək, pulunu uşağından çox istəyən ataların olmağı milli orudunun bu cür cinayətkar şəkildə komplektləşdirilməsinə haqq qazandıra bilməz. Qazı, keyfiyyətli içməli suyu, yaxşı yolu, klubu, həkim məntəqəsi olmayan kəndlərdə yas qurulur, iki milyon yarım əhalisi olan Bakı kefində. Bu necə ölkədir? Kənd arvadları öz uşaqlarını harınlara qurban verməyə doğub-böyüdürlər?
Salyanlı, Neftçalalı ya Beyləqanlı öz rayonunda hüquqsuzdur, göndərirlər Sədərəkdən ya ayrı bir yerdən banditin birini, beş il, on il yeyir, dağıdır, yəni yerli insanları minib çapır. Sonra da bu insanların uşaqları gedib o sədərəkli banditin, prezidentin rayon başçısı təyin etdiyi ofisiantin yolunda ölülrər. Döyüşdən sağ çıxanların da öz ölkələrində heç bir hüququ yoxdur, onları Arif Paşayev, Ramiz Mehdiyev, Nazim İbrahimov, Kəmaləddin Heydərov kimi harınların tikintilərində qul əməyi gözləyir.
Deyirlər ki, əsgərlərimiz cəbhədə xalqın, ölkənin şərəfini müdafiə edirlər. Hansı şərəfini? O uşaqlar öz ölkələrində ləyaqətlə yaşaya bilirlər? Əgər bir gənci İnternetdə yazdığı iki kəlmə sözə görə şərləyib dama basırlarsa, o nəyin, kimin şərəfini ləyaqətini müdafiə üçün canını verməlidir?
2002-ci ildə bacımın nəvəsi Səid Həsrətov xidmət müddətinin iki ay qalmış 11 nəfər başqa yoldaşıyla qar uçqunu altında məhv olub. Meyidlərini iki aydan sonra tapmışdılar. İndi İnternetdə bu hadisə haqqında məlumat axtarıram, heç nə tapılmır. Elə bil ki bu 12 igid heç dünyaya gəlməyibmiş. Onlar kimdən ötrü öldülər? Dünən Səidin sinif yoldaş olmuş mayor Samir da Neftçalada dəfn olundu. Onlar Neftçalalılar üçün canlarını verdilər? Ya Neftçalanın da təbii sərvətlərini ələ keçirmiş Kəmaləddin Heydərov üçün?
Mənim övladım yoxdur. Mənim övladım olsaydı və mən Azərbaycan vətəndaşı olsaydım, uşağımı orduya verməzdən əvvəl şərt kəsərdim: parlament olsun, məhkəmə olsun, mətbuat azadlığı olsun, xalq öz sərvətinin nəyə, hara xərcləndiyini bilsin və bir çox başqa tələblər. Yalnız bu tələblərin ödənəcəyi halda mən bu orduya uşaq verərdim.
Və nə qədər ki, ordu indiki kimi komplektləşdiriləcək, yəni qabağa kasıb kənd uşaqları veriləcək, biz heç bir qələbə gözləyə bilmərik. Qələbədən, əlbəttə, danışmaq olar. Hər şeydən danışmaq olar. Kim Çen Inın televizoru deyir ki, futbol üzrə dünya çempionatını Şimali Koreya udub. Ancaq biz bilirk ki, çempionatı kim udub…
10.04. 2016
Samara