Архив | 17.04.2016

RAMİZ MEHDİYEVİN78-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNUR

Bu gün Ramiz Mehdiyevin 78 yaşı tamam olur. Ramiz Mehdiyevin kim olduğunu mən Azərbaycan xalqına Rusiyadan izah etməyə başlasam, bu, mənim tərəfimdən hörmətsizlik olar. Mən özüm bilmirəm ki, prezident administrasiyası nə olan şeydir və nə iş görür. Ancaq Azərbaycana yolum düşəndə orda-burda qara fəfləlik eləyən çox adamdan eşitmişəm ki, “Ramiz Mehdiyevin obyektlərində işləyirlər”.

Ramiz Mehdiyevin 78 yaşı var və yəqn ki, oğullu-uşaqlıdır, bəlkə də bir yerə yığsan, bir alay düzələr. Ancaq “prezident admistrasiyası” kimi müəmmalı, ancaq qorxulu səslənən bir yerə rəhbərlik edən insanın oğul-uşağı orduya gedib özünü güllə qabağına verməz, yəni böyüyü qoymaz getsin. Çünki Azərbauycanda kifayət qədər kasıb-kusub uşağı var və onlar həm Ramiz Mehdiyevin tikintiləriində tər tökürlər, həm də onun oğul-uşaqlarının yerinə canlarını verirlər.

“Danabaş kəndinin məktəbi”ndə Kərbalayı İmamqulu rus rəisinə deyir: “Ay nәçәrnik ağa, belә qurban olsun sәnә mәnim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nәinki saldatlığa verәrәm, mәn onu qurban da kәsәrәm”.

Əlbəttə, Kərbalayı İmamqulu özünü bicliyə qoymuşdu, “nəçərniki”n başını tovlayırdı. İndi bizim kəndlərdəki arvadlar və kişilər uşaqlarını nəinki əsgərliyə verirlər, onlar əslində bu quzu uşaqları Ramiz Mehdiyev kimilərin yolunda qurban kəsirlər…

Cənab Mehdiyev, səni Allaha tapşırıram…

Mirzə Əlil

DALDADA ÇƏKİLƏN ŞƏKİLLƏR

Biri burda profil şəklini təzələyib – sabirabadlılar demişkən, bahalı “qəssumda” gülümsər bir şəkil çəkdirib qoyud Faysbuka, mənimlə “dost”luqda olanların otuz nəfəri də “bəyənib”.

Yadıma lətifə düşür: “Ay Bigəxməd, bigəndün?” “Vallax, biğanmağana bigandım, ancaq…”

Azərbaycanda hələ meyidlərin hamısı yığılb torpağa basdırılmayıb, bu insanların isə burda “qəşəy” şəkillər çəkdirib İnternetə qoymağı məni çaşbaş edir…

Bir tərəfdən fikirləşirəm ki, mən də bu insanlar kimi bir qədər cavan olsaydım, onlar kimi gözəl-göyçək olsaydım, mən də şəklimi tez-tez dəyişərdim. Bəlkə bunlar qız istəyirlər, hərçənd ailəli-uşaqlıdırlar… Qız istəyəndə də eşq vurur başa, nə müharibə, nə şəhidlər…

Məni bu “bəyəndim” qoyanlar da fikrə salırlar. Mən şəhidlər haqqında məlumat toplayıb qoyuram, şəkillərini qoyuram, birinin əli gəlmir ki, altından “Allah rəhmət eləsin” yaza…

Yadıma başqa bir lətifə də düşür:

Qoqi adlı bir gürcü hardasa bir Rusiya şəhərində parkda şəkil çəkdirmək istəyir. Yekə bir ağacı şəkilçəkənə göstərib deyir ki, burda. Şəkilçəkən soruşur: Qoqi, mən sənin şəklini ağacın altında çəkim ya ağacın başında? Qoqi deyir: Yox, səm mənim şəklimin ağacın dalında çək. Mən bu şəkli mamama göndərəcəm. Mamam alıb baxacaq, məni görməyəcək, deyəcək: “Qoqi, oğul, hardasan?” Onda mən ağacın dalından çıxıb deyəcəm: “Mamacan, sənin Qoqin burdadır…”

İndi bizimkilər də. Rusiyada şəkil çəkdirib İnternetə yəqin Azərbaycana salam göndərirlər: “Burdayıq ha. Ağac dalında…”