SALAM SARVAN YAPA-A GİRMƏYƏYDİ BƏS HARA GİRƏYDİ?

Bu gün bilmişəm ki, Azərbaycanda Salam Sarvan adlı böyük şair varmış və bu şair Məcnun kimi çox vurnuxandan sonra özünü axırda gedib soxub Yeni Azərbaycan partiyasına. Demokratik ictimaiyyət də bu hadisədən elə sarsılıb ki, Salam Sarvan, Allah eləməmiş, özünü assaydı, elə sarsıntı olmazdı.

Mən İnternetdən bu böyük şairi və təzə yapçının şeirlərini tapıb oxudum.

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.

 

Belə çıxır ki, oğlan durub qızın başının üstündə, hörüyünü təsbeh kimi tutub dua oxuyur. Ancaq br az sonra məlum olur ki, məsələ başqa cürdür.

Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Bu, pozğun qadının qoynundaymış… Biabır olduq…

Sonrası lap maraqlıdır:

Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.

İndiyəcən Azərbaycan poeziyasında lağım atmamışdılar, Salam Sarvan birinci lağımçıdır.

Sonra ayrılıq baş verib, qız daha hörüyü ələ vermir. Salamın gözləməkdən gözü (yəqin bir gözü) çuxura düşüb:

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?

Qardaş,  hardan soruşsun? Axıı görüşmürsünüz, qız nə bilsin ki, göz çuxurdadır yoxsa ayrı yerdə?

Səni necə atım, necə, bilmirəm —
bir zərsən düşmürsən heç üzü üstə.

 

Zər kubdur, həmişə bir cür düşür, yəni tini üstə düşmür. O ki qaldı o xanıma, yəqin onun üzü üstə düşməyi üçün gərək hörüyünü əlindən buraxmaysan…

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…

 

İndi Azərbaycanda bir ağıllı adam çıxsın, desin ki, başı əsa kimi necə tutub getmək olar. Getmək olmaz, a kişilər. Baş əsa deyil, Salam Sarvan xalqa vedrə bağlayıb!

İndi bu adam hansı partiyaya girməliydi? REALa? NİDAya? Müsavata?

Oturun yerinizdə! Gedin özünüzə şair axtarın. Heç axtarmaq lazım deyil, şairlər gözünüzə girirlər, görmürsünüz. Biri elə o təsbehdən belə yazıb:

Urma girüh zülfünə, eylə həzər, ey sənəm,

Oxşamasın şəklidə sabheyi-səddanəyə…

16.08.16 SAMARA