İLAHİ, YAXŞI Kİ, MÜVƏQQƏTİYƏM…

Baxırsan bu çayın buz örtüyünə,

Yox bu işdə qüsur ya natamamlıq.

Nə mil işlədilib, nə də ki iynə,

Fikirdən, xəyaldan yaranıb xalı.

 

Haldan hala düşən, neçə rəng alan,

Buludlarda nizam qəlbi titrədir.

Qocalan, əyilən, hətta yıxılan,

Ağac da görürsən öz yerindədir.

 

Bu əyri sahildə kim eyib tapar?

Kim deyər bu kollar yerində deyil?

Qar dolu yarğanlar, yastı təpələr,

Yaranıb ən dahi rəssam əliylə.
Talanı bürüyüb quşların səsi,

Yox qüsur, yox eyib nəğmələrində.

Duyğudan, həvəsdən ötür hamısı,

Zilləri, bəmləri gözəl, yerində.

 

Mənsə… Yad, artığam təbiətdə mən,

Qar üstə saldığım iz də eybəcər.

İlahi, yaxşı ki, müvəqqətiyəm,

Gedərəm, izim də silinib gedər…

 

06-07.03.2017

Samara