Архив | 28.07.2017

ABBAS ABBASOVUN MİRZƏ ƏLİLLƏ SAMARADA GÖRÜŞÜ

Bu günlərdə Bakıdan jurnalistlər tez-tez zəng vurub soruşurlar ki, Mirzə, sənin Samarada Abbas Abbasovla görüşməyin düzdürmü. Deyirəm ki, düzdür. Görüşmüşəm. İndi daha hamısına bir-bir  bu görüşdən danışmaq başağrısı olduğuna görə görüşümüz haqqında məlumatı burda, jurnalistlər demişkən, hamı üçün açıqlayıram.

Abbas Abbasovla mən burda Renessans adlı oteldə görüşdüm. Məni ora içərisi otel apartamentinə oxşayan bir maşında apardılar. Abbas Abbaov məni görən kimi durdu ayağa, əl verib görüşən kimi dedi:

  • Mirzə, səninlə söhbətim ciddidir. Ona görə sənə bir sual verəcəyəm. Cavabından biləcəyəm ki, kişi adamsan ya yox. Dolma kimindir?
  • Dolma ermənilərindir, cənab Abbasov, üstəlik muğamat da.

Abbas Abbasov yenə əlimi sıxıb dedi:

  • Kişi adamsan, Mirzə. İndi bildim ki, sənə etibar eləmək olar.

Yaxşı yeyib içəndən sonra Abbas Abbasov əlini əlinə vurdu, rəqqasələr gəldi… Hamısı da erməni… Şığımadılarımı üstümə… Nə başınızı ağrıdım, girişdik söhbətə… Sonra Abbas Abbasov dedi ki, bu yaxınlarda Azərbaycana prezident gedəcək. İndidən komanda yığır. “Mirzə, mənə sınanmış adamlar lazımdır. Mən istəyirım ki, səni özümlə aparıb AzTV-yə rəhbər qoyum. İdeologiyanı ayrı adama ümid ola bilmərəm”. Dedim ki, cənab Abbasov, göstərdiyiniz etimada görə sizdən çox razıyam, ancaq bəs birinci xanımın işi nə olacaq.

  • Mirzə, mənim arvadım ev xanımıdır, ona iş-zad lazım deyil.
  • Cənab Abbasov, birinci xanım deyəndə mən sizin arvadı yox, bizim arvadı nəzərdə tutdum. Sizdən nə gizlədim, mənim bir neçə xanımım var. Onlardan biri birincidir. Demokratik yolla olub, arvadlar öz aralarında seçki keçiriblər. İndi mən AzTV-yə rəhbər olanda gərək birinci xanım birinci müavinim olsun”.

Abbas Abbasov gülüb dedi ki, Mirzə, istəyirsən xanımlarının hamısını özünnə müavin qoy, hakimiyyətdə ailəçilik demoktratiyanın təntənəsidir, Amerikaya bax, Trumpın bütün ailəsi Ağ evdədir…

Abbas Abbasovla bəzi sənədləri imzalayandan sonra bir az da vurduq, rəqqasələrə qoşulub erməni xalq rəqsi “Mirzəyi”ni oynadıq. Sonra Abbas Abbasov cibimə on min erməni dramı qoyub ən qapıyacan ötürdü. Mən qapıdan çıxanda buranın tərəvəz bazasında işləyən bir arabaçı soyydaşımız Abbas Abbasovun yanına girdi. Sonra bildim ki, Abbas Abbasov onu nəqliyyat nəqliyyat və rabitə naziri qoymaq istəyir…

Evə gələn kimi xanımlarımı başıma yığıb görüşdən danışmaq istədim. Dedilər Mirzə, ağzını yorma, Azərbaycan tv-ləri, Yeni Müsavat, Qafqazinfo hamısı sənin Abbas Abbasovla görüşündən danıışırlar, bizə zəng edib məlumat istəyirlər, qulağımız dəng olub…

İndi mən Abbas Abbasovla aramızda olanları başdan axıracan danışdım ki, Azərbaycan jurnalistləri özlərinə də əziyyət verməsinlər, mənim xanımlarıma da. Və özlərini yaxşı aparsınlar. Yoxsa AZTv-yə rəhbər gələndə hamısını işdən qovaram, özlərini də basaram Kürdəxanı türməsinə…

Mirzə ƏLİL