Архив | Август 2020

«TANRIM, UŞAQLARI BƏLADAN QORU…»

1

Tanrım, uşaqları bəladan qoru,

Zəngin, sağlam elə cavanları sən.

Çıxarma yadından biz qocaları,
Bir az ömür artır, eləyə bilsən.

 

 

Möhtəşəm planlar cızmırıq hərçənd,
Demirik qayıdıb cavanlıq gələ.

Biz İlon Mask kimi Mars həvəsində
Deyilik, yerimiz pis deyil elə…

 

 

Çıxar bizi qışdan mərhəmətinlə,
Sonra yazdan çıxar, payızdan çıxar.

Bu il dəymə, Tanrım, çıxar o ilə,

Yaşasaq, baxarıq, görərik nə var…

 

 

Tanrım, arzu qalıb ürəyimizdə,
Ondan gözlərimiz nurlanıb yanır.

O arzu şirindir, həm də əzizdir,

Qıyma arzumuza, rəhm elə, Tanrı.

 
Yox səxavətinin, İlahi, həddi,
Sonsuz sərvətindən ver zaman payı.

Üç ayın, beş ayın bəlkə də bəsdir,

Bir neçə il artır, çatmasa ayın.

 

 

İlahi, rəhm elə, bir az ömür ver
Görək gözümüzlə devrilir Tiran.

Görək yer axtarır, yer tapa bilmir,

Görək sarayını, taxtını viran.

 

 

Marslara uçmağa  bizdə yox həvəs,
Nə də cənnətləri qəlbimiz istər.

Hava möhtacıyıq və azad nəfəs,
Tanrım, müstəbidin sonunu göstər!

 

12.08. 2020, Samara

GÜLANƏ

SONY DSC

Qardaş qızı, nə xəbərdir mən aldım? –

Eşidəndə yaş axıtdım, ağladım.

“İssiz yerin qurdları tək” uladım,

Havalanıb fikir dolu gəzirəm,
Mənə gəlsin hər nə varsa azarın.

 

Bəlkə səni  görmədiyim on ildir,
Demə əmin həmin əmi deyildir.

Qəlb yaşadır xatirəni, həm də dil,
Danışıram mən səninlə xəyalən,
Mənə gəlsin, balam, sənə hər gələn.

 

Atan səni candan artıq sevirdi,

Nə tufanlar qoparardı gör indi.
Atan kimi sən özün də igiddin,

Əlin, qolun ağrımasın, əzizim,
Ağrın alım, dərdin alım mən özüm.

 

06. 08. 2020, Samara

MATƏM MAHNISI

2

Musiqisi bəstəkar Kəmaləddin Heydərovun,

             Sözləri şair Baba Vəziroğlunundur.

 

Mənim deputat atam,

Millət vəkili dədəm!

Kefindədir çox adam,
Mənsə yas içindəyəm!

 

 

Kişi çoxdur ölməyə,
Ölməyə arvad da çox.

Niyə sən öldün, niyə —

Buna mənim sözüm yox!

 

 

Adi insan deyildin,

Naxçıvanlıydı adın.
Fövqəladə hal idin,

Fövqəladə adamdın.

 

 

Bir vaxt sən kommunistdin,
Yapçı oldun sonra sən.

Hara külək əsirdi,
Burun tutdun ora sən.

 

 

Sən nazir atasıydın,
Milyardçı atasıydin,
Dünyanı alasıydıq,
Bir az da yaşasaydın.

 

 

Cənnət nəyinə gərək –

Sən cənnət yaşamısan!

Biz hələlik kef edək,
Sağ ol, Azəribaycan!

 

04.08. 2020, Samara