Архив | 12.08.2020

«TANRIM, UŞAQLARI BƏLADAN QORU…»

1

Tanrım, uşaqları bəladan qoru,

Zəngin, sağlam elə cavanları sən.

Çıxarma yadından biz qocaları,
Bir az ömür artır, eləyə bilsən.

 

 

Möhtəşəm planlar cızmırıq hərçənd,
Demirik qayıdıb cavanlıq gələ.

Biz İlon Mask kimi Mars həvəsində
Deyilik, yerimiz pis deyil elə…

 

 

Çıxar bizi qışdan mərhəmətinlə,
Sonra yazdan çıxar, payızdan çıxar.

Bu il dəymə, Tanrım, çıxar o ilə,

Yaşasaq, baxarıq, görərik nə var…

 

 

Tanrım, arzu qalıb ürəyimizdə,
Ondan gözlərimiz nurlanıb yanır.

O arzu şirindir, həm də əzizdir,

Qıyma arzumuza, rəhm elə, Tanrı.

 
Yox səxavətinin, İlahi, həddi,
Sonsuz sərvətindən ver zaman payı.

Üç ayın, beş ayın bəlkə də bəsdir,

Bir neçə il artır, çatmasa ayın.

 

 

İlahi, rəhm elə, bir az ömür ver
Görək gözümüzlə devrilir Tiran.

Görək yer axtarır, yer tapa bilmir,

Görək sarayını, taxtını viran.

 

 

Marslara uçmağa  bizdə yox həvəs,
Nə də cənnətləri qəlbimiz istər.

Hava möhtacıyıq və azad nəfəs,
Tanrım, müstəbidin sonunu göstər!

 

12.08. 2020, Samara