“Təzə alınanlar” zalına tez-tez,
Baş çəkən səbirsiz oxucular tək,
Tanrım, gizli deyil, haçandır ki, biz,
Təzə kitabının həsrətindəyik.
—
Gözəldir əvvəllər göndərilən də,
Öpürük, gözümüz üstə qoyuruq.
Şəfa axtarırırq vərəqlərində,
Hər əhdə, hər vədə andımız odur.
—
Göz, qulaq öyrəşib neçə əsrdir,
Yaxşı anlasaq da, anlamasaq da.
Elə tək ahəngi möminə bəsdir,
Dolar oxunanda ruha, sarsıdar.
—
Qalsın qoy, əvvəldə nə göndərmisən,
Əzizdir, gözümüz üstdə yeri var.
Bəlkə göndərəsən bizə indi sən,
Ətraflı izahat, əlavə ya da?
—
Çoxdur şarlatanlar, özün bilirsən,
Sözünü cürbəcür yozur hər biri.
Haçana Qiyamət qalıb, bizə söylə sən,
De hansı günahın cəzası nədir.
—
Cənnətin təsviri, yaxşı olar ki,
Bir az genişlənə təfərrüatla.
Xumar ağacının kölgəsindəki,
Kef-damaq ödəmir tələbatları.
—
Bir az rəngarənglik əlavə elə,
Ordakı əbədi istirahətə.
Pis olmaz möminlər işləyə bilə,
Axı cəhənnəmdir işsiz həyatı…
—
Bəlkə də təsviri Cəhənnəmin də,
Gərək dolğun ola, tamamlana da.
Odda yandırılmaq hədəsi indi,
Saxlaya bilərmi bizi günahdan?
—
Xərçəng ağrıları var bu dünyada,
İblis dühasından yaranıb yəqin.
Gərək lap birinci ola menyuda,
Sarsıla, əzilə ödü möminin.
—
Adəmin övladı iki əsrdə,
O qədər işgəncə yaradıb, qoçaq,
Bəlkə də onlarla müqayisədə,
Qulaqburmasıdır oda qalanmaq…
—
Göndər dolğun izah, əlavə, Tanrım!
Söylə Qiyamətin vaxtı haçandır.
Kitabı göz üstə öpüb qoyuram,
Şərhinə ehtiyac var ancaq indi…
04. 05. 2021, Samara
