Архив | 23.05.2021

XALOĞLUM HƏSƏN ÜÇÜN BAYATILAR

Həsən, gəl ay Həsən, gəl,

Qulaq, burun kəsən, gəl.

Topunu Salyanda qoy,
Elə tüfənglə sən gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Oğul-uşaq basan, gəl.

Neçə xanım ağlaşır,
Deyir “Qasan, Qasan, gəl!”

—

Həsən, gəl, ay Həsən, gəl,
Burda var nə desən, gəl.

Araq gedir yağ kimi,
Olsa yaxşı içən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Min cavana dəyən, gəl,
Bir xanım sənə peşkəş
Kəniz də, istəsən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Hər iş qoşub düzən, gəl!

Rusiyətdə, İranda

Yeyib-içib gəzən, gəl!

—

Həsən, gəl, ay Həsən, gəl,
Yaxşı geyin, bəzən gəl.

Təki can sulu olsun,

Demə qocalmısan, gəl!

—

Saç ağarıb, üz qara,
Min qatara, gəl bura.

Başım, gözüm ağrıyır,
Apar mənu doxdura…

23.05. 2021, Samara