
Görmərəm Şirazı, İsfahanı mən,
Parisi, Romanı görərəm nə də.
Elə təsadüfi və yad şəhərdə,
Ölərəm, illərlə ulduz görmədən.
—
Dayanıb baxmağa çay qırağında,
Burda qürublar var- qəlb gizildədən.
Bir ulduz görməzsən göyün üzündə,
Bəlkə küçələrin gur işığından.
—
Yolumun üstünə çıxdı bu şəhər —
Nəfəs dərmək idi burda məqsədim,
Bir az dincələrəm, gedərəm, dedim,
Qalıb dincəlirəm indiyə qədər.
—
Qismətim deyilmiş zirəyə qalxmaq
Okean sahili bilmərəm nədir,
Keçir yaşanmadan günlərim, gedir.
Bütün məsafələr keçilməz, uzaq.
—
Daha çəkməz məni, səsləməz daha,
Kitabda, kinoda qəlbə xoş gələn.
Həvəs yox tərk edib otağı bəzən,
Qapıdan qırağa ayaq qoymağa.
—
Artıq öləziyir xatirələr də,
Təəssüratlarım silinir tamam.
Deyim, ayıbsa da: xəritələrdə,
Doğma yurdumu da çətin taparam.
24-26. 07. 2022, Samara