
Nə qədər it sevən, pişik sevən var!
Kimsə ilan sevir, tısbağa kimsə,
Az deyil meymuna mehr salanlar,
Quşlar da çox evdə verir səs-səsə.
+
İndi adamlardan it-pişik artıq
Ulduzdur sosial şəbəkələrdə.
Milyon izləyici baxır, layk atır
Gətirir it-pişik gəlir bəlkə də.
+
Heyvana məhəbbət adiləşsə də,
Heyrətə gətirir heyvana qulluq.
İt-pişk üstündə əsir yiyəsi,
Yutubda görəndə biz quruyuruq.
+
Şəraitləri var kefin istəyən,
Ulduza yaraşan geyim, yatacaq.
Onlar yeyənləri bəlkə də sən-mən,
Bəxt ola, cənnətdə yeyərik ancaq.
+
Başları ağrıdı – həkimi gəlir,
Professor özü dişlərə baxır.
Manikürü bitir, pedikürlənir,
Hər birini şəxsi dəlləyi qırxır.
+
Çəkilir onların nazı anbaan,
Öpülür, quculur, sığallanırlar.
Belə nəvazişi görmür hər insan,
Bir sığal ömründə dadmayan da var.
+
Gör necə şirindir bu ölmüşlər, ah
Özünəməxsus da gözəl hər biri.
Onların ömrünə, gününə baxcaq,
Adamın özündən zəhləsi gedir…
+
Ah, heyvan segisi şirindir nədən,
Gözəldir ünsiyyət, dostluq, aşnalıq?!
Ucadır azı bir mərtəbə məndən,
Kim itə, işiyə mehrini salır.
+
Üstündür, əlbəttə, məndən o insan,
Kim sevir bu dilsiz-ağızsızları.
Can eşitməsə də can deyir hər an,
Nə vaxt əsirgəyir, nə də ki, varı.
+
Bircə şey dolaşıq hələlik qalır:
İt-pişik, tısbağa sevən elə ki,
Sütül ət eşqylə iştaha gəlir,
Quzu boğazına bıçağı çəkir…
05.06. 2023, Samara