
İlk dəfə qurd ilə quzu məsəli,
Haçan deyilibdir? Kim tərəfindən?
Necə gəlib bunu deməyə dili? —
Bu məsəldə yalan heç nə yox hərçənd.
+
Burda yalan yoxdur, riya var ancaq,
Mİndə bir quzudur qurda rast olan,
Məsəli çəkənsə əlində bıçaq,
Qurban quzu seçir sürüdən bu an.
+
Uşağa yanımda “quzu” deyilsə,
Canımdan həmişə keçir gizilti,
Bıçaq, qiyməkeş ya ayrı bir kəsər,
Göz önümə gəlir, qanlı və iti.
+
Quzu qucağında, ya da yanında,
Şəkil çəkdirməyə həvəslilər var.
Quzu əzizləyən incə qadında,
Axtarsan, yekə bir bıçaq tapılar.
+
Başlar bədənlərdən ayrılır hər an,
Burda “Allah əkbər!”, ordasa sağlıq,
Dünən əzizlənən, öpülən heyvan,
Bu gün dolmalıqdır, ya da kabablıq.
+
Var hər birimizdə qurd təbiəti,
Hərisik biz sütül quzu ətinə.
Əlimizdə bıçaq qanlı və iti.
Dinimiz də bağlı quzu qətlinə.
+
Hər ağac dibində axıdılır qan,
Başa, dəriyə də yiyə duran var.
Quzu qanı tökür vermədən aman,
Quzunun qanıyla günah yuyanlar.
+
Mində bir quzudur qurda tuş olan,
Həmişə, əlbəttə, quzuda şans var.
Əlinə bıçağı alıbsa insan,
Baş hökmən kəsilər, qan axıdılar…
29. 06. 2023, Samara
