Архив | Июль 2023

BETHOVEN. AYİŞIĞI SONATASI

20230721_135628

Aya enməmişdən Nil Armstronq,

Yüz yetmiş il əvvəl – var bu gümanm,

Enib, pəncərəsi önünə qonub,
Ay özü bir axşam dahi almanın.

 +

Lüdviq van Bethoven möcüzəsnin,

Bəlkə orbitinə yetişib səsi,

Yenilib musiqi cazibəsinə,

Möcüzə yerinə enib tələsik.

 +

Dörd milyard yarım il yaşında hələ,
Bethoven yaradan səs kimi bir səs,
Yarıb gəlməmişdi göyləri belə,

Bu səs yarı ruhdu, yarı da nəfəs.

 +

Otuz yaşlı alman şamı söndürüb,

İşıqlanan zaman birdən həndəvər.

Ayı pəncərənin önündə görüb,
Görüb görünməyən tərəfini də.

 +

Və dahi dinməzcə danışıb ayla,

Dəyişib otağı ay yaraşığı

Saxlayıb Bethoven not yazısıyla,
Onun şərəfinə axan işığı.

28. 07. 2023, Samara

«QURBANLIQ QOÇ GÖNDƏR, TANRI, QATİLƏ…»

20230721_135628

Bəlkə də hər günün hər saatında,

Hər dəqiqəsində saatın ya da
Qətl törədilir, qızıl qan axır,
Bu an Tanrı hara görəsən baxır?

 +

Qaranlıq bucaqda, kol dibində ya,
Qatil qurbanını çəkir daldaya,

İldırım tək iti bıçağın ağzı

Ürəyə sancılır, kəsir boğazı.

 +

Ölür qız uşağı, oğlan uşağı,
Ölür göz işığı, ev yaraşığı.

Doğranıır qarı da, sütül gəlin də,
Qatil var hər tində  — tiyə əlində.

+
Hər şeyi görənsən, sən özün dedin,

Tanrım, hər qətli də görürsən yəqin.

Görürsən qızıl qan necə fışqırır,
Yəqin eşidirsən qışqırıqları.

 +

Qurbanlıq qoç göndər, Tanrı, qatilə,

Azsa, qurbanını bir sürü elə,

Bir ilxı at göndər, dəvə də göndər,
Qatilin əlini geriyə döndər.

 +

Görsən ki. nə versən, yumşalan deyil,
Çalacaq tiyəni indicə qatil,
Onda əllərini hökm edib qurut,

Sənin varlığına qoy görək sübut…

 

27. 07. 2023, Samara

ALİ BAŞ KOMANDANIN «QUBAD ÇASTUŞKALARI»

İlham Əliyev 4

Həbsi mənlik deyil qəti,
Qubad İbadoğlunun.

O “Bir gəncin manfesti”,
Kitabına and olsun!

 +

Görməmişəm onu heç vaxt,

Barda ya kazinoda.

Nə aşıq atmaq, nə də kart,

Udam ya uduzam da.

Eyy! Uxx!

 +

Bildim tutulandan sonra,
Adı nə, soyadı nə.

Ünsürlərsə yaxır qara,

Böhtan atırlar mənə.

 + 

O, cinayət törədibdir,

Təxribata da gedib.

DTX-da görüb tədbir,
Güdüb onu həbs edib.

Eyy! Uxx!

+

Qubad İbadoğlu kimsə,
Saxta pul da kəsənmiş

Yalnız dollar, avro kəsib,

Manatı bəyənməmiş.

 +

Elə bundan bilinir ki,

Antimillidir qoçaq.

Gücdən salmaq olub fikri,
Manatımızı ancaq.

Eyy! Uxx!

 +

Məlum olub pul kəsəndir,

Qubadla arvadı da,

Dolu-dolu kisələrdən,
Çıxıb yuan, avro da.

 

“Bir gəncin manifesiti”nə
And olsun ki, dünyada,

Mən ən böyük humanistəm –

Dəyməmişik arvada.
Eyy! Uxx!

 +

İndi  BMT-yə də həm,

Üz tuturam yenidən.

Azadlıq tələb edirəm,,

Culian Asanja mən!

Eyy! Uxx!

26. 07. 2023, Samara

ZABİL PƏRVİZİN SEVİMLİ ŞAİRİ SEYİD ƏZİMƏ NƏZİRƏ

20230721_135628

“Zülfünü bas yarama, qoyma məni qan aparır”,
Talışın dağlarını, zənn elə, leysan aparır.

+

Təcili yardıma zəng vur ya da, zalım balası,

De günahkarsan özün, söylə canı can aparır.
+

Asta sürsün maşını, şoferə tapşır, qadası,

Cıdıra var çıxanı, guya ki, heyvan aparır.

+

Ona anlat gözəlim, millətin fəxarətiyəm,
Özü də fəxr eləsin gör necə insan aparır!

+

Cərrahın bas cibinə, at ya da pul kartına sən,

Başimi yoxsa kəsər, guya ki, qurban aparır.

+

Səy elə faciəmi bilsin əlahəzrət də,

Xəbəri, kaş eşidəydim ki, Mehriban aparır.

+

Seyyidin sevgisi daim məni Şirvana çəkər,
Alaraq könlümü, neynim, yenə Səlyan aparır.

23. 07. 2023 Samara

ALİ BAŞ KOMANDANIN MƏTBUAT ÜÇÜN ÇASTUŞKALARI

İlham Əliyev 4

Mətbuat günüdür, elim,

Yeyin-için doyunca!

Ünsür olub antimilli,

Hərçənd Zərdabi məncə.

Ey,  uh!

Xalq tanıyırdı öndəri,

Həm də güclü yazan tək,
Yoxdu tayı-bərabəri,
“Kommunist” qəzetində.

 +

Səhər-axşam AZTV-də,

Əziz qonaqdı öndər,
Yorulmazdı, usanmazdı,

Danışaydı nə qədər.

Ey, uf!

+

Televizor önündə el,
Yuxuya da gedərdi,
Şirin diliylə elə bil,

Öndər layla deyərdi.

 +

Mən özüm də jurnalistəm,
Mənimkidir bu bayram.

Atam olub mənim ustam,

İndi özüm atayam.

Ey, uff!

+

Atasıyam hər yazanın ,
Hər ağız açanın da,

Məndədir icazə, izn,
Ev hədiyyəsi, ad da.

 +

Mənəm cəza verəni də,
Yazanın, danışanın.

Ayıraram bədənindən,
Müxalifin başını.

Eyy, uff!

+

Əlbəttə, bir zarafatdır,
Cəza-məza, baş-bədən,
Zülmkarlıq mənə yaddır,

Liberalam axı mən.

 +

Jurnalistə, hamı bilir,
Həm dostam, qardaşam həm,.

Hamısına özüm bir-bir,
Mesaj gərək göndərəm.

Eyy, uff!

+

Şəxsən Əvəz Zeynallıya,

Təbrik yazdım bu səhər.

Bir şüşə də Koka-Kola,
Göndərdim ki, kef elər…

Ey, ax, ey, uh!

 

22.07. 2023, Samara

«DEYİRDİN GƏLƏRSƏN, SƏRHƏD AÇILSA…»

20230721_135628

Mədinə Gülgünün şeirinə nəzirə

Deyirdin gələrsən sərhəd açılsa,
Sərhəd açılmadı, sən gəlməz oldun.

Minib təyyarəyə gəlməyə pulsa,
Heyf, tapılmadı, sən gəlməz oldun.

 +

Dedin AXCP alınsa qeydə,
Borc alıb gələrsən, sən gəlməz oldun.

Nə Cəbhə alındı, Müsavat nə də,
Düşüb bəlkə dərdə, sən gəlməz oldun.

 +

MİQ imtahanına dedin gələrsən,
Yaxşı keçsə əgər —  sən gəlməz oldun.

Müəllimləri kaş görməyəsən sən,

Kəsilib getdilər, sən gəlməz oldun.

 +

Deyirdin qiymətlər əgər bazarda,

Düşərsə, gələrsən, sən gəlməz oldun

Qiymətlər düşmədi, artdı da hətta,
Eşidib bilərsən, sən gəlməz oldun.

 +

Dedin “dəmir yumruq” məmura əgər
Dəyərsə, gələrsən, sən gəlməz oldun.

Hələ ki, bu yumruq milləti əzər,
Bəlkə bu səbəbdən sən gəlməz oldun.

 +

Dedin Söyüdlüdən post götürülsə,

Qanad bağlayarsan, sən gəlməz oldun.

Post nədir, salıblar kəndi qəfəsə,
Görüb ağlayarsan, sən gəlməz oldun..

 +

Dedin millət əgər qalxsa ayağa,

Dəstəksən bir yandan, sən gəlməz oldun

Millət boynubükük, başı aşağı,
Xəbər tutub bundan, sən gəlməz oldun…

Mirzə TƏBİL

21. 07. 2023, Samara

“YADDAŞ ADLI XƏZİNƏN GEDƏ, QALASAN AĞLAR…”

U LENİ. KİNO

 Rahat ölənlərin də guya öz yatağında,
Fərqlənmir ölümləri o qədər də qətldən.

Yuxudan ayılmadan ölsən də, ya qəfildən,
Məşəqqətin bitməyib ölüm ayağında da.

 +

Sarsıdılır ayağın, əlin də sarsıdılır,
Danışmaq çətinləşir, əyilməsə də ağzın,

Min hoqqadan çıxırsan, azalmır ancaq ağrın,
Bütün tələbatların kimdənsə asılıdır.

 +

Zindana dönür otaq, qəfəsə dönür yataq,

Səkməyin, uçmağın yox, daha qıvraq deyilsən,

Pəncərədən baxırsan, boynunu bura bilsən,

Dustaqlıq yaşayırsan sanki qətldən qabaq.

 +

Vay halına üstəlik qarət də ediləsən,
Ən qiymətli nəyin var, alına, aparıla,
Yaddaş adlı xəzinən gedə, qalasan ağlar,
Niyə ağladığını ancaq bilməyəsən sən.

 +

Tanrı dəftərindədir nə etsək, nə törətsək,

Bəs bizə edilənlər? Elə buna görə mən,

Şəxsiyyəti müəyyən olunmamış şəxsdən,

Fikrim var bir ərizə göylərə yazam gərək…

 

20. 07. 2023, Samara….

 

 

 

ROBERT FROST. QIŞ ƏDƏMİ

robert-frost

A WINTER EDEN

Bu qızılağaclığın qış bağı cilvəsi var,

Burda gün işığında dovşanlar oynaşırlar.

Dünyamızda cənnətə burdan yaxın yer hanı,

Burda qarlar ərimir, ağaclar xumarlanır.

 +

Qar xalça üstündəki  bu adicə varlığı,

Bir mərtəbə qaldırır torpaqdan Ədəm bağı.

Qaldırır baş üstdəki təmiz göylərə sarı,

O yerdə ki bildirki meyvəciklər qızarır.

 +

Qayışbaldır, qarnıac heyvanı da qaldırır,

Bu ali ucalıqda nə yeyilsə, dadlıdır.

Cavan ağacın sütül qabığında diş yeri,

Çevrələnib nişan tək qalxımına illərin.

 +

Ədəmdə toy çalınmaz, nikahlar sona varar,

Sevgiylə yox, dostluqla quşlar qatarlanırlar.

Boyun əyib baxırlar dolan hər tumurcuğa –

Hansı çiçək açacaq, hansı yarpaqlanacaq?

 +

Daha quşlar çəkildi, daha günəş də batdı,

Ədəm bağında günün ömrü iki saatdır.

Qışda elə tez gedir saatların öz ömrü,

Deyirsən oyanmağa, çalışmağa dəyərmi.

 

     “WEST-RUNNING BROOK” kitabından. Tərcümə: aprel 2008, Samara

HƏSƏD

12.11.22

Çoxlu azar var ki, həkimlik deyil,
Dərmanla, iynəylə sağaltmaq olmaz.

Neçə cür bahalı aparata gir —

Deyəcək sağlamsan, hər yerin taraz.

 +

Hər kəs özü bilir diaqnozunu,

Təzə heç nə deməz konsiliumlar.

Bəlkə yaranışdan, ömrü uzunu,
Belə azarların  girincləri var.

 +

Tutmaları olur bu azarların,

«Təcili yardım”lıq deyil iş ancaq.

Ağrıyan nə ürək, nə baş, nə qarın,
Qəlbinə qurd salır həmişə, tutcaq.

 +

“Özgə torpağına, özgə mülkünə,
Özgə arvadına, özgə malına,
Həsəd aparma və gözünü dikmə” –

Musa qadağası səsləyir buna.

 +

Rəngin kül kimidir, a dost, xəstəsən?

Yenə halın çaşıb kimin nəyindən?

Yenə yenilmisən həsədinə sən?

Kimdir ötüb səni qabağa gedən?

 +

Musa öyüdünü pozana qarşı,
Vardı peyğəmbərin iti qılıncı.

Tiyə ayırırdı bədəndən başı —
Gedirdi azar və azar girinci…
+

Dostum, iradəni qılınca döndər,
Özün azarının get sən üstünə.

Qılınc çal təmizə çıxana qədər,

Rəngin kül kimidir həsəddən yenə….

 

19.07. 2023, Samara

 

ROBERT FROST. HƏMİNƏM, ÖZÜMƏM

robert-frost

İNTO MY OWN

Istərəm bu donuq, bu ulu meşə,

Qaranlıq pərdəyə tutulu meşə,

Olmaya sadəcə zülmətə surət,
Taleyin yoluna yönələ fəqət.

+

Gec-tez bir gün gələr, mən də axırı,

Əvvəli görünməz düzə çıxaram.

Açılmaz qarşımda üfüq ha gedəm,

Qumu təkər izli yol da görmərəm.

+

Axı nədən ötrü geri dönüm mən,

Xiffətimi çəkən, məni dost bilən,

Özü düşər izə, məni haylayar,

Və görər qəlbimdə hələ yeri var.

+

Görər ki, mən həmin adamam, amma,

İnamım çoxalıb inandığıma.

ingiliscədən tərcümə

19.07. 2023, Samara