Архив | 07.07.2023

DANTE. CƏHƏNNƏM. 19-CU NƏĞMƏ

inferno 19 canto

(FRAQMENT)

1 Zavallı maq Simon və ardıcıllar!

Xeyirlə Tanrının neməti gərək,

Nikaha girəydi, gümüş, qızılla,

 +

4 Tapdadınız onu, föhşə çəkərək,

Üçüncü xəndəkdir indi yeriniz,

Çalınan —  şeypurun sədasıdır tək.

 +

7 Yetişdik sonrakı çalaya da biz,
Qalxdıq silsiləni o yerə qədər,
Əyilib asılıb ortadan o düz.
+

10 Sən ey ali idrak! Göydə, yerdə də,
Həm  şər aləmində məharətin var

Qüdrətin ədllə yalnız hökm edər.

 +

13 Burda gördüm həm dib, həm də qıraqlar,

Hər  tərəf deşikli, tünd göy daş idi,

Eyni ölçüdə və girdədir onlar.

 +

16 San Covannimdə ki, vəfiz yeridir.

Möhtəşım daşlar var,  burda olanlar,
Məncə nə xırdadır, nə də iridir.

 +

19 Sındırdım birini yaxın zamanlar,
Gənci boğulmağa qoymadım orda.

Qoy imana gəlsin inanmayanlar.

 +

22 Hər quyudan qalxıb oynar havada,
Günahkar qıçları dizinə qədər,

Daşın içindədir yuxarısı da.

 +

25 Ayaq altlarında alov közərir,

Elə titrəyirdi vətərlər isə,
Toxunma ciyəni qırmağa qadir.

 +

28 Necə ki, alovu yağlı nəyinsə,
Üz tərəfi tutar, yanırdı burda,
Dabandan barmağa qədərki hissə.

 +

31 Dedim: “Ustad, kimidir o cənab orda,
Daha çox qıvrılır başqalarından.

Qovrulur həm də tünd qırmızı odda”.

 +

34 Mənə dedi: “Daha  aşağı  olan

Sahilləmi səni aparım indi?

Sən onun özündən cavab alarsan”.

 +

37 “Bəyənirəm, sənə nə xoşsa, — dedim, —

Ağamsan, tabeyəm iradənə də.

Fikrimi bilirsən: dedim – demədim”.

 +

40 Sonra biz yetişdik dördüncü bəndə,

Və düşdük aşağı, sola dönərək.

Dardı yer, deşiklər çoxdu dibində.

 +

43 Ustad məni kənar budundan belə

Qoymadı, çatınca biz o şəxsə ki,

Ayaqalarıyla yas tuturdu hələ…

italyancadan tərcümə

iyul 2023, Samara

++++++++++++++++++

Inferno • Canto XIX

O Simon mago, o miseri seguaci
che le cose di Dio, che di bontate
deon essere spose, e voi rapaci
Читать далее

«EL BİLİR Kİ, SƏN MƏNİMSƏN, AZƏRBAYCAN…» BUNU YALNIZ İLHAM ƏLİYEV DEYƏ BİLƏR…

samed-stalin

Yüz ilə yaxındır ki, hər bir azərbaycanlının, xüsusən azərbaycanca təhsil alanhər bir azərbaycanlının beyninə, yaddaşına at iynəsinin şprisi ilə yeridilən “Azərbaycan” şeiri ilk misrasından absurddur, basməmmədidir və adam xamlamaqdır.

“El blir ki, sən mənimsən”.

El – Azərbaycan xalqı bilir ki, sən, Azərbaycan, mənimsən – bu nədir? “El bilir ki” olmasaydı, yəni akademik şair birbaşa desəydi ki, “Azərbaycan, sən mənmisən”, az-çox abır çərçivəsinə sığardı. El — əslində Azərbaycan özüdür. Yəni Azərbaycan bilir ki, Azərbaycan, səm mənimsən…

Yalnız bir halda bu misra absurd səslənməzdi: əgər o, monarxın, mütləq hakimin dilindən deyilsəydi.

Bəlkə bu şeir Mircəfər Bağırovun dilindən deyilib? Ancaq bir məsələ var: Mircəfər azərbaycanlıları, özü də ən zirəklərini, qabaqcıllarını, qırıb-çatsa da, anaları ağlar, uşaqları yetim qoysa da, mütləq hakim deyildi, onun üstündə Stalin vardı.

Bəlkə şeir Stalinin dilindən yazılıb? Bu, çox mümkündür. Çünki şeirin orijinalı, yəni Stalinin vaxtında çap olunanı Stalinin adı ilə də bitir: “Stalinin eşqiylə sən Güləcəksən hər br zaman… “ və s.

Yəni məsələ qaranlıqdır. Ancaq uzun illər keçəndən sonra bu absurd misra legitimlik qazanır. Azərbaycanda indi hıqiqətən elə bir adam var ki, ürəkdən, arxayın deyə bilər: El bilir ki, sən mənimsən”.

Bu adam İlham Əliyevdir. Hətta indi bizim dal öpüb ayaq yalayan flologiya üzrə fəlsəfə doktorlarımız tam əminlıklə yaza bilərlər ki, Səməd Vurğun elə uzaqgörən olub ki, İlham Əliyev bu fani dünyaya gəlməmişdən otuz il qabaq bütün Azərbaycanın sərvətləri və əhalisi ilə birlikdə ona məxsus olacağını görüb və onun dilindən şeir yazıb.

Yəni İlham Əliyev üzünü Azərbaycana tutub deyir:

“El bilir ki, sən mənimsən!”

Bunu təcili xalqa, daha doğrusu əhaliyə  çatdırmaq lazımdır ki, bilməyənlər də bilsinlər. Təklif: bu birinci misraya dərs ilinin bir rübü həsr edilsin. Bu misra qızılla yığılıb hər sinifdə zirehli şüşəsi olan çərçivə içində asılsın.

Və, nəhayət, bu misra ucuz yüngül metaldan hazırlanan, yəni şəhid medalına oxşayan bir sırğanın üstünə həkk edilib hər bir azərbaycanlının qulağından asılsın.

Bəs nə?!

 

Mirzə ƏLİL

07. 07. 2023, Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: «QARABAĞ ATI»

Azərbaycan sovet poeziyasında gülməli şeirlərdən biri Bəxtiyar Vahabzadənin “Qarabağ atı” şeiridir. Şeir 1979-cu ildə yazılıb.

Bəxtiyar Vahabzadənin 1970-ci illərdə çap olunmuş şeirlərinə baxanda ilk növbədə bir şey diqqəti cəlb edir: B. Vahabzadə də başlayıb bir misranı üç dörd yerə parçalamağa. Az qala hər söz bir misradır. Bu, əlbəttə, şeirin texniki-kompozisiya ya da süjetin məntiqi inkişafının tələbi deyil. Yəni buna obyektiv səbəb yoxdur. Səbəb çox sadədir: ortada pul məsələsi var. 11 ya 14 hecalıq misra üç  ya dörd misraya bölünəndə müəllif, əlbəttə, üç ya dörd dəfə çox qonorar alacaq. Məsələn, “Yelləndikcə” sözü şeirin elə birinci çapında Bəxtiyar Vahabzadəyə iki manat qazandırıb. 1979-cu ildə  bu, bir kilo ətin, iki kilodan çox qəndin pulu idi.

70-ci illərin sonlarında Bəxtiyar Vahabzadənin uşaqları böyüyürdü, ehtiyacları artırdı. Düzdür, Vahabzadənin qazanc yerləri çox olub. Təkcə “lenin” poemasına görə bir ətək pul alıb. Ancaq artıq pulun nə ziyanı var? Həm də pul haçan artıq olur…

Qayıdaq “Qarabağ atı” şeirinə.

1956-cı ildə Sovet hökuməti Britaniya kraliçası İkinci Yelizavetaya iki at bağışlayıb. Bunlardan bir Ağdam atçılıq zavodunda yetişdirilmiş “Zaman adlı at olub.

Bəxtiyar Vahabzadə olmayan yerdə problem yaratmağı sevir, bir stəkan suda fırtına yaratmağın ustasıdır. Bəxtiyar Vahabzadə yazır ki (xırda-xırda misralarla; yəqin bu şerə görə bir atın da olmasa, bir maşının pulunu qazanıb), dünya xarab olub, igidliyin vaxtı gedib, hanı Qırat, hanı Dürat və s. Qışqırıq, hay-küy.

Müəllif ki küyə basdı, gərək oxucu şübhələnə. Çox vaxt müəllif küyə basır ki, oxucu basməmmədini görməsin. “Qarabağ atı”nda bir-birini tamalayan, mənaca bağlanan iki fikir tapmaq çətindir. Məsələn, yazır ki, kraliça

“Öz əsrini qabaqlayır”

Sonra:
“Ekzotika vurğunudur kraliça”.

Ya da:

O, dünənin ölüsünü

 kəfənləmək əvəzinə

Sabahının körpəsi

tək qundaqlayır…”

“Əsrini qabaqlamaqla” “dünənin ölüsünü qundaqlamaq” tuturmu? Həm də 1956-cı ildə Yelizaveta cəmi otuz yaşında müasir qadın idi və ölkəsinin də modernləşməyinə çalışırdı….

Hə, kraliça istəyir bu Zamanı minsin, ancaq Zaman jokeyləri özünə yaxın qoymur.

Kraliça deyir:

“Britaniyada yoxmu məgər

Bircə kişi?!”

Tanış sualdır? Azərbaycanda bu sualın cavabı var. Britaniyada is belə sual yəqin ki, ritorikdir. Orda hər vətəndaş kişidir (kişi cinsindən olanlar…)

“Kraliça yana-yana,
Baxır ona,

Ceyran kimi duruşuna…”

Gördünüz, yerlə-göylə əlləşən Qarabağ atı ceyrana döndü… Basməmmədi…

At duyur ki, (bunu Bxtiyar Vahabzadə iddia edir) onun gözəlliyinə heyran qalıblar. Ancaq at istəyir ki (Vahabzadənin iddiasına görə) onun qaçışına, yürüşünə heyran qalsınlar…

Ancaq əgər bu at bunu başa düşürsə, niyə qoymur onu minsinlər? Minməsələr, onun qaçışını necə görərlər?

Bəxtiyar Vahabzadə yazır ki, “o iyrənir”. Yəni at iyrənir…

At istəyir ki, belindəki Koroğlu ola, Nəbi ola, Nigar ola, Həcər ola. Ancaq jokey olmaya… Çünki Qarabağ atıdır, Qarabağdan gəlib, igidlər diyarından…

Ata kişmiş verirlər, yemir, ot verirlər, yemir. At xiffətindən ölür…

Bilirsiniz bunlar niyə cəfəngiyatdır?

Bu at Çənlibeldə ya da Alı kişinin tövləsində yetişməmişdi. Bu atı zavodda yetişdirmişdilər. Atası-anası da məlumdur. Doğulduğu il də məlumur – 1952.

Bəxtiyar Vahabzadənin iddiasına görə, at

“İstəyir ki, belindəki

 Yarışlarda nəmər alan jokey deyil,

Vuruşlarda zəfər çalan igid olsun!”

Bu iddia ona görə cəfəngiyatdır ki, zavodda doğulub böyüyən atın belində elə Ağdamda da igid olmayıb, jokey olub. Bu, döyüş atı deyil, cıdır ya gəzinti üçün yetişdirilən atdır. Və onu Azərbaycandan Britaniyaya gətirən jokeylərin adı da məlumdur:  Əli Tağıyev və Babalı Təhməzov. Bəxtiyar Vahabzadə isə elə haray qoparıb ki, guya atı Koroğlunun altından alıb gətiriblər…

Və Bəxtiyar Vahabzadə elə yazır ki, guya 1956-cı ildə Azərbaycan kişiləri ucdantutma igid idilər, qəhrəman idilər… Hay-vay! 1956-cı ildə azərbaycanlılar təzəcə Bağırovun qapazının altından çıxmışdılar…

1956-cı ildə sovet kəndlilərinin, o cümlədən Azərbaycan kəndlilərinin heç pasportu yox idi. Yəni qul kimi idilər… Yəni azərbaycanlıların özünü minib çapırdılar…

O ki, qaldı ata kişmiş verilməyinə, bu da fantaziyadır. Hədiyyə atların (ikinci at türkmən atı olub, Aşqabad zavodundan) Britaniyaya çardırılmasına başçılıq etmiş Moskva ippodromunun baş həkimi N. Stoqov yazır ki, atlar yolda gündə dörd dəfə yemlənirdi, onlara kəpək və qlükoza qatqılı döyülmüş yulaf, kök və bir az bütöv  yulaf verilirdi…

Və buna görə də Ağdam zavodunun yetirdiyi atı vətənpərvərlik, igidlik, şərəf, doğma torpağa bağlılıq rəmzinə çevirmək cəhdi ancaq gülüş doğurur…

Bəxtiyar Vavabzadə yazır ki, Zaman xiffətindən öldü…

Belədə deyirsən ki, ilahi, keç günahımdan ki, gülürəm…

14.12. 2018

Samara.