Архив | 01.09.2023

AŞIQ PƏNAH KAZUSU. OĞLU: «ONUN MAHNILARINI EŞİDƏNDƏ BAŞA DÜŞÜRƏM Kİ, HƏYATNAN MÜBARİZƏ APARMAQ LAZIMDIR…»

aşıq pənah

Qoşma dördlüklərdən ibarətdir – bu, janrın qanunudur. Ancaq Azərbycanda qanun sayan kimdir. “Mədəniyyət” kanalı 2007-ci ildə Aşıq Pənah haqqında sənədli film qondarıb. Filmdə Pənahın çıxışlarından fraqmentlər salınıb, o cümlədən “Məndədir” qoşması. Bəndlərin biri filmdə belədir:

“Səadət eşqiylə qaynayr qanım,

Çalır, nəğmə deyir gülür dörd yanım,
Gələcək yolunun düzü məndədir”.

Qoşmanın bir misrasını çatışmadığını görürsünüz.

Elə ustalıqla montaj edilib ki, üçüncü misranın kəsildiyini xam tamaşaçı başa düşməz, bizdə isə YAP-ın təbliğatının və polis dəyənəyinin yağlı zərbələri sayəsində əhalinin doxsan faizi xamdır. Əhalinin nefti, qızılı, qazı oğurlanr, xəbəri olmur, burda bir misranın “itməyindən” nə xəbər tutacaq?

Üçüncü misra belədir: “Gedir kommunizmə Azərbaycanım”. «Mədəniyyət» kanalının şərəfsiz mütəxəssisi misranı kadrdan silib ki, Aşıq Pənahın bugünkü imicini korlamasın. Bu montaj müəllifinin gərək düz gözünün içinə tüpürülə. Salyanlı diliylə deyəsən ki, ala, maygülü, nöş kəsmisən o şah misranı, kommunizmə getmək haçandan ayıb olub?

Belə adamlar necə yaşayırlar, uşaqlarına nə tərbiyə verirlər? 

Filmdə Pənahın qızı danışır. Baxaın o filmə, görünki, ali təhsil diplomu olan bu xanımın savadı yoxdur, sözü sözə calaya bilmir. Necə oxuyub, necə diplom alıb?

Oğlu danışır: “Onun mahnılarına qulaq asanda başa düşürsən ki, bu həyatnan mübarizə aparmaq lazımdır…”

Bir yaxşı dronun ola, buraxasan bu cənabın yaşadığı yerə, başının üstündə gəzdirəsən, görəsən “həyatnan necə mübarizə aparır”…

Pənah öləndə oğlu bədahətən şeir yazıb:

“Şərəflə yaşadın, istərəm mən də

Sənin tək yaşayıb sən tək öləydim…”

Bu iki misradan görünür ki, atasının balasıdır. “Darvazamızı fələk vurubdur…”

A kişi, sənin atan həyatının ən azı iyirmi ilini Lenini, kommunizmi, kolxozu tərənnüm eləməyə həsr edib. Nə tərifləyirsən? Atanı sevirsən, xatirəsi sənə əzizdir – başa düşürük. Ata yaxşı ya pis, böyük ya kiçik olduğunua görə sevilmir. Ataya sevgi instiktivdir,  bioloji hissdir. Ancaq ata, bütün sevgisinə baxmayaraq, uşaqlarının qüsurlarını gördüyü kimi, övlad da atasının mənfiliklərini görməlidir. Aşıq Pənah xalqdan çox İblisə xidmət edib, xalq bir parça çörəyin möhtacı olanda Pənah deyib ki, darıxma, bu gününə şükr elə, sən kommunizmə gedirsən, çatanda doyunca yeyəcəksən… Ay aşıq Pənahın oğlu, heç olmasa atanın yerinə üzrxahlıq elə, de ki, xəcalət çəkirəm, atam bolşevik təbliğatının instrumenti olub… Yəni aləti…

Yox, Pənahın uşaqları istəyirlər ki, salyanlılar onların döşündə Lenin medalı sallandıran atasını öz atalarından çox sevsinlər. Görünür, onlar buna müvəffəq olurlar. “Mədəniyyət” (adın batsın!) kanalının filmində Aşıq Pənah haqqında yalanları ağızlarını qulaqlarına qədər açıb dinləyən sütül salyanlılar göstərilir…

“İgid Koroğlunu Misri qılıncı,

Aşıq Ələsgərin sazı məndədir”.

İkinci misradan başlayaq: Pənah saz çala bilmirdi, ancaq zınqıldadırdı. O ki qaldı qılınca, aşıq Pənah hansı hərbi şücaətiylə öyünürdü? 1944-cü ildə  İkindi dünya müharibəsinin şıdırğı vaxtı olub, bütün 18 yaşlılar cəbhəyə səfərbər olunublar. Pənah niyə getməyib? Bu barədə 1 saylı məktəbin müəllimləri şagirdlərə nə deyirlər?

Filmdə maraqlı səhnə var.  Başına Misir ehramları hündürlüyündə Allahşükür papağı qoymuş bir dəstə aşıq Salyanda Pənahın evinə, “ustadı” xatırlamağa gəlir. Yəqin «Mədəniyyət» kanalının vələdəzzina rejissoru təşkil edib səfəri. Pənahın arvadı, uşaqları, qonaqlar, Pənahın necə böyük şəxsiyyət olduğundan, xalqı necə sevdiyindən, xüsusən səxavətindən danışırlar.

Səxavət… Pənah, yadıma gələni, bizim kənddə cəmi bir toyda olub. Bizim kəndə Şamaxıdan aşıq Məmmədağanı gətirirdilər, Bankədən Ramizi, ancaq öz yerliləri  Pənahı yox, çünki Pənaha “güc çatmırdı”, Pənah toya çox baha gedirdi. Xalq isə.. Xalq onun Volqasının tozunu görürdü. Radiodan Pənahın ifasında  Lenin haqqında qondarılan mahnıları eşidirdi…

Filmdə başında Allahşükür papağı olan salyanlı bir “aşıqçı” Pənahın  “müsəlman qiryətindən” danışır. “Öyə, ailəyə buraxılmalı kişi idi”, — aşıqçı bunu deyə-deyə qızışır, elə bil ki, öz dediyinə inanmağı gəlir…

Bəli, Azərbaycanda “aşıqçılar”dan tərbiyəli, əxlaqlı zümrə olmayıb… Bunu kim bilmir ki. Gedib filarmoniya bağında duraydınız beş-on dəqiqə xalq artistlərimizin yanında, nələr eşidəcəyinizi, təəssüf ki, kağıza yazmaq olmaz…

 

(ardı var)

01. 09. 2023, Samara