
Ah, bu günəş parladı hardan belə? –
Pay gəlib o, sentyabrdan belə!
+
İstilədib damları, divarları,
Qızmış hava, olmasa da gün yarı.
+
Şölələri pəncərədən göz vurur,
Ağrıyan insan da yataqdan durur.
+
Evdə necə mən də usandım daha!
Canda əzm var küçəyə çıxmağa.
+
Olsa da ürkək hələ addımlarım,
Arxayınam – pilləkəni adlaram!
+
Asta basıb pillələrə mən ayaq,
Asta da qonnam yaralı quş sayaq.
+
Xeyli gedib yer tutaram tində mən,
Qızdıraram sür-sümüyü gündə mən.
+
Qan da damarlarda qızar get-gedə,
Həndəvərindənsə gözəllər gedər.
+
Bəlkə gülümsər də biri, kim bilir…
Ah, elə bil ki, qayıdıb yay gəlir!
+
Sonra cəhənnəm soyuğu üz verə,
Qızmağa bəsdir belə bir xatirə…
07. 09. 2023, Samara