Архив | 17.09.2023

ZİNYƏT MÜƏLLİM HAQQINDA. AŞIQ AYDIN, BABA VƏZİROĞLU…

Ziynət əlizadə

Dalda oturmağımın iki səbəbi vardı: dərslərə gecikirdim və qabaqda yer qalmırdı; dalda yatmaq olurdu, dərslərin çoxunda isə yuxu basırdı. Qiyabiçinin gündə 6 cüt dərsi olurdu, yəni 12 saat, gecə də yaxşı yatmamısansa, müəllim gözünün içinə baxsa da, yuxu aparır… Dərslərin də çoxu keyfiyyətsiz olduğundan itirilən vaxtı yalnız yuxu mənalı edə bilərdi. Yuxuya getməklə dezodorantın, saç boyasının, ucuz ətirlərin, tütünün, tərin qarışıb yaratdığı cəhənnəmi tərk edirdin…

Yəqin ki, gecikdiyimdən Zinyət müəllimim tanışlıq monoloqunun əvvəlini buraxmışam. Monoloq və ya qiyabiçi kütləsinə müraciəti bu yerindən eşitdim: “Bilirəm necə girmisiniz. Hamınızın dayısı olub, ya da rüşvət vrmisiniz, heç o yan-bu yan eləməyin, yaxşı bilirəm…”

Bunu eşidəndə çox məyus oldum. Zinyət müəllim məni, də özünün beş verdiyi adamı da, qatdı kütləyə… Hətta ürəyimdən keçirdi ki, dalda pərçim olub oturduğum yerdən qalxıb deyəm ki, Zinyət müəllim, bəs yadınızda deyil… Ancaq desəydim, Zinyət müəllimi də, kütləni də özümə güdldürərdim. Bu basabasda kim kimi tanıyır?… Məni bu rüsvayçılıqdan Zinyət müəllimin moloqunu da kəsən hadisə qurtardı. Birdən bərk tappıltı eşidildi. Elə bil ki, sement dolu kisəni ən azı iki metr hündürlükdən atdılar. Qabaqda hay-küy qalxdı, qadınlar qışqırışdılar, ağlaşdılar…Yəqin ki, sarsıntıdan Zinyət müəllimin səsi çıxmırdı…

Aşıq Aydının haralı olduğunu bilmirdim, bəlkə tovuzlu, bəlkə qazaxlı idi, ancaq Bakıda olurdu. Yaxşı saz çalırdı, hamı da ona aşıq deyirdi. Yaşı yəqin ki, otuza yaxın olardı. Aydının ürəyi gedirdi. Ancaq həmişə yox. Hər dəfə sinfə təzə fənnin müəllimi  gələndə həmişə qabaqda, müəllim stoluyla üzbəüz parta dalında oturan Aydın dərs başlayandan beş-on dəqiqə sonra tappıltı ilə az qala müəllimn ayaqları altına yıxılır və ağaca dönürdü. Müəllimlər də, xüsusən, qadınlar, az qalırdılar özlərindən gedələr. Dörd-beş qiyabiçi Aydını çiyinlərinə qaldırır, onu cənazə kimi apararaq dəhlizdə yer tapıb asta-asta enndirirdilər. Aydının özünə gəlməyi yarım saata qədər çəkirdi. Bu müddət ərzində onun keşiyini çəkənlər sonra onun qoluna girir, bəyi toyxanaya gətirən kimi gətirib yerində oturdurdular. Dərsin qalan hissəsində müəllim özünü morqa salınmış kimi hiss edirdi, oğrun-oğrun Aydın tərəfə baxır, tez baxışlarını çevirirdi…

Aydın sözün əsl mənasında universitetdə ürəklə oxuyurdu. Yəni ürəyi ilə. Hansı müəlilim epileptikin xətrinə dəyərdi?

Zinyət müəllim, səhv etmirəmsə, Aydının “tutması”nı şərh eləmədi, yəqin ki, öz mülahizələrinə arxayın deyildi. Ancaq imtahanda suallara cavab verə bilməyən Cəfər adlı tələbəyə Zinyət müəllim qeyri-kafi yazmaq istəyəndə Cəfər sağ əliylə sinəsinn solunu qamarladı, gözlərini axıtdı, başını sinəsinə endirdi. Yenə qadınlar qışqırışdılar ki, vay, Cəfərin ürəyi getdi. Zinyət müəllim özündən çıxdı: “Bu kurs dəlixanadr, nədir? Birinin ürəyi gedir, bir dombalır, biri doğur…”

Zinyət müəllimin iki iradı yüz faiz doğru idi. Üçüncüsündən başqa. Bizdə çoxlu hamilə qadınlar olsa da, hələ doğan olmamışdı…Bəlkə də olub, mən bilməmişəm. Mən dərsdə yuxuya gedəndə bərk yatırdım. Bir dəfə Musa Adilovun dərsində məni oyada bilmirdilər. Bu, ayrı söhbətdir…

 Mən Zinyət müəllim haqqında yazmaq fikrinə düşəndə İnterneti axtardım, ancaq görkəmli pedaqoq və alim haqqında heç nə tapmadım. Onun deputat oğulları anaları haqqında bir abırlı, onun xatirəsinə layiq arayış da hazırlayıb qoymayblar. Mən bir neçə dəfə Zinyət müəllimin haqqında, lənət şeytana, Qurban Məmmədlidən eşitmişəm. Vallah, onun Zinyət müəllimdən nə dediyyini də başa düşməmişəm. Onu başa düşmüşəm ki, Qurban Məmməli Zinyət müəlim, Zinyət Əlizadə, Zinyət xanım demir. Elə “Zinyət”deyir və onun adını elə nifrətlə çəkir ki, eə bil boşanma prosesində sonuncu şalvarını da əynindən çıxarmış, üstəlik onu qardaşlarına da döydürmüş keçmiş arvadından danışır. Çox qəribədir…

Dah çox qəribə odur ki, Zinyət müəllimi Quqlla axtaranda daha çox Baba Vəziroğlunun adı çıxır. “Zinyət Əlizadə böyük şair Baba Vəziroğlunu universitetdən qovdurdu!” – bu cür çığıran başlıqlarla dolu səhifələr İnternetdə çoxdur. Yəni İnternet Zinyət müəllimi xatırlayırsa da, bunu ancaq Babanın xətrinə edir…

Taleyin ironiyası…

Onda bəlkə mən də Baba Vəziroğludan yazım?

Bu günlərdə işığım söndü, iki saat qaranlıqda oturdum. Əslində iki saatın birini. Birdən ağlıma gəldi ki, telefonun işığına kitab oxumaq olar. Qırx il ərzində dönə-dönə oxuduğum “Бесы» romanını vərəqləməyə başladım. Stepan Trofimoviçlə bağlı səhifələri. St. Trofimoviçin himayədarı Varvara Nikolayevna onu evləndirmək fikrinə düşür. Yaşı 60-ı keçiş dostuna tərbiyə edib böyütdüyü gənc qızı vermək istəyir. Evlənmək, özü də gənc qıza evlənmək perspektivi qoca subay Stepan Trofimoviçi sarsıdır, cürbəcür fikirlərə düşür. Və şübhələnir ki, bu iş elə-belə deyil. Yəqin qızın “eybi” var, və onu “özgə günahlarına” evləndirmək istəyirlər. Dostuna şikayətlənir: “Ah, dostum, yəqin ki, uşaqlar da olacaq, əlbəttə, məndən olmayacaqlar, tezliklə başımda  məlum kişi bəzəyi yaranacaq…” (Yaddaşla çevirirəm; məlum kişi bəzəyi – buynuzlar).

1980-ci ildə ya təxminə ona yaxın vaxtlarda az qala bütün ədəbiyyat Bakısı Baba Vəziroğlunun “özgə günahlarına” evlənməyindən danışırdı. Mən bu əhvalatı bir-biri ilə tanış olmayan ən müxtəlif adamlardan eşitmişəm, ona görə səhihliyinə inanıram.

70-ci illərin sonunda gənc Baba Elmlər akademiyasında işləyən, özündn bir neçə yaş böyük qadınla tanış olur və ya bu tanışlığı kimsə qəsdən təşkil edir. Bir az sevişəndən sonra qadın tələb edir ki, Baba onu alsın. Baba, özünün özü haqqında dediyi kimi, qeyrətli bir türk olaraq, yüksək statuslu ədəbiyyat adamının məşuqəsi olmuş qadına evlənməkdən qətiyyətlə imtina edir. Qadın dərhal milisə ərizə verir ki, Baba onu zorlayıb. Və Babaının başını qırxıb  basırlar içəri. İki ya üç ay Bayıl türməsində qeyrətli türk oğlu olduğunu unudan Baba bu fikrə gəlir ki, buynuz gəzdirməyin elə bir çətinliyi yoxdur, həm də buynuzlar real buynuzlar deyil, onlar yalnız məsələdən xəbərdar olanların təsəvvüründədir…

Baba deyir ki, buraxın məni. Razıyam, alıram…

17. 09. 2023, Samara

ardı burda: https://xeyrulla.com/2023/09/18/gedebiyyat-baba-veziroglunun-bayil-turmesinden-baslanan-seref-yolu/