Deyərsən təzədən çəkiləcəkdir
Çexov hekayəsi — kastinq, sınaqlar,
Bütün küçələrdə elə bil gedir.
Anna Sergeyevna hər birində var.
+
Gedir həndəvərə salmadan nəzər,
“İt gəzdirən xanım” fikirli, ciddi,
Onu ləngimədən ağ şpis izlər,
Qurov da oturub pusquda indi…
+
Hamısı ağ deyil, yox, şpislərin,
Qarası, sarısı, xurmayısı var.
Əsr əksi deyil Çexov əsrinin,
Yox eşq romanları, yox o xanımlar…
+
Modadır qayıdan uzaq əsrdən!
Dönüb vaxtaşırı qayıdır axı,
Yüz il, yüz əlli il düşüb nə dəbdən,
Çoxdan sandıqlarda qalanlar çıxır.
+
İtlər də yaşayır dəbdəyişməni,
Dəbdən düşəni var, dəbə düşən var.
İnsan nə axtarır? – maraqlı, yeni,
Yeni bəzən nədir? – unudulanlar…
+
Dünən əzizlənənən balonkalardı,
Kolli, labradordu, spanieldi.
İki itdən biri pudel olardı.
Hanı o pudellər? – yoxdular indi.
+
Hər iki xanımdan indi birinin,
Yanında, dalınca şpisdir qaçan.
Çoxalıb aşiqi retriverlərin,
İt nə it! – ağlına mat qalır insan…
+
Həmişə çiylik var, çirkinlik də var,
İnsanın itlərə məhəbbətində.
Bu gün əzizləyər, sabahsa qovar,
Xidmət tələb edər, əylənər həm də.
+
Qabaq kitablardı, kino indisə,
Dəbi dəyişdirən cinsinə itin.
Seriala baxan düşür həvəsə,
İt alır – həyatı kinodur indi.
+
“İnsandan yaxşıdır it” – demə ancaq.
Yal ona yalayıb-öpmək öyrədir,
Sədaqət göstərib biz də yal alsaq,
Bilirik ki, kimik, adımız nədir…
27-28.09. 2023, Sanara
