Архив | 30.09.2023

«SÖNÜB İSLAM İŞIĞI, ÇƏKİLİB YER ÜZÜNDƏN…»

Bir neçə il Çernobıl atom stansiyası,
işləyib gecə-gündüz verdi enerji, işıq,

Təkcə işıq deyildi, vardı həm də istisi,
Zavodlara güc idi, küçələrə yaraşıq.

 +

Günlərin bir günündə baş verdi ağır qəza,

Adi qəza deyildi, fəlakətiydi əsrin,

Kül eləyirdi şüa kim gəlirdi haraya,
İndi də davam edir qəzanın fəsadları….

 +

Buna oxşar nəsə var mənim İslam dinimdə:

Yarandığı vaxt olub pozitiv enerjisi.

Sözə, elmə göz açan işığı olub həm də,

Kəşflər də çox olub fəthlərlə yanaşı.

 +

Haçan və hansı qəza baş veribdir bilmirəm,
Tükənbdir dinimin enerjisi, işığı.

Ondan zülmət şüası qalxaraq dağılır həm,

Məhdud hərəkətliyik: geri ya da aşağı.

 +

Harda İslam adıyla yaranırsa nə indi,
Aciz, əsir-yesirdir günüqaradır insan,

Allahdan irəlidə ölkədə Müstəbiddir,

Ölkə də ölkə deyil, cəhənnəmdir ya zindan.

 +

Məzhəb savaşlarında sayı yox qırılanın,
Məscidi yandırırlar, məktəbi partladırlar.

Kişi ayağı altda qalır, tapdanır qadın,
Sütül qızlar boğulur qoca yataqlarında…

 +

Azadlara uca yer yoxdur dar ağacından,
Təhlükə var susana, kəlmə də kəsməyənə.

Hər addımda, hər saat səslənirsə də əzan,
Allahı yox, Despotu xatırladır o sənə…

 +

Bilmirəm ki, nə qəza baş veribdir və haçan,
Sönüb İslam işığı, çəkilib yer üzündən.

Bəlkə şeytan azdırır, “İslam” deyilən zaman,

Çernobılı gözümün önündə görürəm mən….

 

30. 09. 2023. Samara