Архив | 23.10.2023

BİZİM ÇİÇİKOV: KAMRAN HƏSƏNLİ ÖLÜ CANLARLA ALVER EDİR…

KAMRAN HƏSƏNLİ ŞNOBEL

Qurban Məmmədlinin yaxın günlərəcən “tarixin gözəl bilicisi” adlandırdığı Kamran Həsənli “Müsavat TV”-də gözəl biliyini  uşaq xorunun solistləri kimi cingiltili səsli aparıcı Sevinc Telmanqızıya və tamaşaçılara nümayiş etdirir.

Müsavat adıyla indi Azərbaycanda nə hoqqalardan çıxarıldığı Məmmədəminə çatsa, goru çatlayar…

Kamran Həsənli deyir ki, “ikinci dünya müharibəsində 300 min adamımız ölüb”.

Almaniya ilə SSRİ arasında müharibənin başlanmasından cəmi iki il əbvvəl SSRİ-də əhali siyahıya alınıb. Azərbaycannın əhalisinin ümumi sayı 3 200 000 olub. Bunlardan 2 275 678-i etnik azərbaycanlı kimi qeydə alınıb. Bəzi milli azlıqların da  pasportda azərbaycanlı kimi göstərildiyini nəzərə alsaq, azərbaycanlı türklərin sayı 2 milyon həddində olar. Və bu qədər əhalidən 300 min nəfərin ölməyi ağlabatandırmı? Yox!

Əslində Kamran Həsənli Azərbaycan SSR-dən səfərbər olunmuş rusları, erməniləri, gürcüləri, yəhudiləri və başqa etnik qrupların nümayəndələrini də, indiki dillə desək, azərbaycanlı şəhid sayır. Rusu, ermənini sevmir, ancaq itkinin sayını artırmaq istəyəndə onların  meyitlərini bağrına basır, qəbirlərinə üzünü sürtür.

İkinci dünya müharibəsində həlak olmuş etnik azərbaycanlıların sayı məlumdur: 58 400.

Müqayisə üçün:

Ermənilərdən ölənlər: 83 700 

Gürcülərdən: 79 500

Tatarlardan: 187 700

(https://ru.wikipedia.org/wiki/%D0%9F%

D0%BE%D1%82%D0%B5%D1%80%D0%B8_%D0%B2_%

D0%92%D0%B5%D0%BB%D0%B8%D0%BA%D0%BE%

D0%B9_%D0%9E%D1%82%D0%B5%D1%87%D0%B5%

D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%

B9_%D0%B2%D0%BE%D0%B9%D0%BD%D0%B5)

Rəqəmlərlə belə maipulyasiyalardan hətta peşəkar tarixçilər də utanmırlar. Onlar azərbaycanlıların müharibə illərində sovet ordusuna 600 min nəfərə yaxın əsgər verdiyini iddia edirlər.  Sayı iki miluyondan bir qədər çox olan xalq 600 min əsgər verə bilərdimi? Nəzərə alaq ki, bunların yarısı qadındır, bir hissəsi qoca və uşaqlardır, xəstələr və əlillər də var.

Manipulyasiyadan utanıb-çəkinməyən tarixçilər Azərbaycanın əhalisinin ümumi sayını (3 205 150) götürürlər. Kamran Həsənli kimi üskük oynadanlar isə özlərinə əziyyət verib sənədlərə ötəri də olsa baxmırlar. Kamran Həsənli də Çiçikov kimi peşəkar fırıldaqçıdır, ölü canlarla alver eləyir, rusu, ermənini qatır azərbaycanlı şəhidlərə.

İndi ki, Kamran Həsənli erməniləri qatır azərbaycanlıları siyahısına, ona xatərlatmaq vacibdir:

Ermənistanın monoetnik respublika olduğu məlumdur. Buna görə də təəccüblü deyil ki, Ermənisrandan səfərbər edilən 320 min nəfərinin 300 mini erməni olub. Nəzərə almaq lazımdır ki, o vaxt çoxlu erməni Rusiya və başqa müttəfiq respublikaların ərazisində yaşayıb.

Mən, əlbəttə, demirəm ki, 58 min ölüm azdır. Bir nəfərin də ölümü ağır itkidir. Bizim kəndimizdə çəpər qonşularımızdan iki qardaş – Əsəd  və Mustafa Məmmədovlar – həlak olublar. Başqa qonşumuz – Həsən Bədəlov – cəbhədə həlak olub, arvadı dörd uşağı zülmlə böyüdüb. Yəni 58 min ölüm  — 58 min faciədir. Hələ on minlərlə insan şikəst olub. Ancaq manipulyasiyalar, ermənilərdən, ruslardan ölənləri öz adımıza çıxmaq alçaqlıq və rəzillikdir. Belə manipulyatorlara şərəf anlayışı yaddır. Belə manipulyasiyaları eləyən insanlar qonşu toyuğunu, metroda telefon da oğurlayarlar…

Təəssüf ki, belə getsə, Azərbaycanda əsil olan, doğru olan, həqiqi, tarixi olan heç nə qalmayacaq. Köhnə binalar dağıdılır,  küçə adları dönə-dönə dəyişdirilir, hadisələr, tarixi şəxsiyyətlərin  bioqrafiyaları təhrif olunur. Azrbaycanda tarix elm deyil, aşıq yaradcılığıdır. Sovet vaxtının toylarında bir göy beşliyə «Ana ürəyi» oxuyan xanəndələr kimi, «tarixçi»lər də «yuxarının» sifarişiylə  hər cür qondarmanı, uydurmanı xalqa, şagirdlərə, tələbələrə sırımağa hazırdırlar və sırıyırlar da…

23.10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROVDAN XATİRƏ. SƏMƏNDƏR RZAYEVLƏ GÖRÜŞ…

R

09. 10. 23

Keçən əsrin 70-ci illərinin ortalarında  rejissor Tahir Tahiovun quruluşunda  bir neçə televiziya tamaşası görüb çox bəyənmişdim. Birindən, Hüseyn Cavidin “Cəyavuş” dramı əsasında hazlrlanmış tamaşadan fövqəladə təsirlənmişdim. Baş rollarda Rasim Balayev və Şəfiqə Məmədova oynayırdılar. Mən Nəsimi filmini sevmirəm, ancaq filmin yöndəmsizliyi, böyük şair surətinin gözlərini süzdürüb ağlar səslə qəzəl deyən qiraətçi səviyyəsinə endirilməsi Rasim Balayevin yox, filmin müəlliflərinin – rejissorun və ssenari müəllifinin günahıdır.

Televiziya tamaşasında isə, mənim yadımda qalan, hər iki aktyor keyfiyyətli oyun göstərirdi ki, bu da, ilk növbədə rejissor Tahir Tahirovun xidməti idi. İlk səhnələrdən bilinirdi ki, Tahir Tahirov yüksək əyarlı peşəkardır.

İndi mən İnternetdə Tahir Tahirov haqqında məlumat axtarıram – heç nə tapmıram. Başqa Tahir Tahirovlar var, mənim axtardığım yoxdur!

Sonralar iş elə gətirdi ki, mən Tahir Tahirovla tanış oldum. Mən hətta onun evində gecələmişəm də.

Universitütin üçüncü ya dördüncü kursunda bizim kursa və mənim qrupuma yuxarı kursdan qalan bir nəfər gəldi. Bu tələbə xaçmazlı Əkrəm Əliyev idi. Əkrəm o vaxtlar Bakıda yaşayır və televiziyada rejissor assistenti ya köməkçisi işləyirdi. Üzdən qarmonçu Aftandilin gəncliyini xatırladan Əkrəm çox məlahətli, qılıqlı, hazırcavab, məzəli bir adam idi. Universitetə necə girmişdi – bilmirəm, çünki ədəbiyyatdan biliyi məharətlə danışdığı lətifələrlə mahdudlaşırdı. Əgər yay sessiyasında altı imtahan var idisə, üçündən kəsilir, üçünə girməyib sonra xəstəlik arayışı gətirirdi. Kəsildilyi imtahanları düzəltmək üçün Azərbaycan televiziya və radio verilişləri komitəsini səfərbər edirdi. Televiziyada azmaaşlı kiçik vəzifə tutsa da, fövqəladə məlahətinə görə xətrini istəyənlər çox idi. Universitetdə ən qəddar müəllimlərdən sayılan professor Fərhad Zeynalova onun xahişini İslam Səfərlinin qardaşı eləyirdi. “Səni and verirəm  İslamın ruhuna…”

Fərhad Zeynalov İslamın ruhundan necə keçsin?

Əkrəm bizim kursa düşən kimi mən ona isnişdim, şəhərdə qalmağa yeri olsa da, vaxtının çoxunu mənin qaldığım mehmanxanada keçirirdi. Şəhərdə gəzəndə qabağımıza televizordan, radiodan tanıdığım adamlar çıxırdılar. Məlum olurdu ki, Əkrəm onların hamısı ilə can bir qəlbdədir.. Bir dəfə Hüseynaağa Sadıqovla rastlaşdıq. Və indiyə qədər əlini sıxdığım yaradıcı adamların reytinqinin müəyyənləşdirsəm, Hüseynağa Sadıqov birinci olmalıdır. Hüseynağa Sadıqovu 60-cı illərdə uşaqların da, böyüklərin də sevimlisi idi. Hələ bizim kənddə işıq olmayan vaxtlar, yəni 1961-ci ilə qədər, bizdə batareyalarla işləyən radio var idi və həmişə  “Xoruz baba” verilişinə qulaq asardıq. “Gözləri yanar boz canavar” – Hüseynağa Sadıqovun ufasında “Əlcək” nağılını dönə-dönə eşitsək də, şirinliyini itirmirdi.

Biz Əkrəmlə hərdənbir bulvara düşüb şeytan çarxına minirdik. Əkrəmin heç vaxt pulu olmurdu. Mənim də pulum tükənəndə bir seansı 20 qəpiyə olan şeytan çarxından yaxşı əyləncə ola bilməzdi. Bir dəfə bəlkə elə bulvar tərəfdə Əkrəm məni elə mənim kimi çəlimsiz, 45-50 yaşlarında olan bir adamla tanış elədi. Bu adam televiziya tamaşalarının usta rejissoru Tahir Tahirov idi. Səhv etmirəmsə, onda biz hardasa çay içdik. Mən rejissora onun tamaşaıarını təriflədim, o mənim tərifimi, deyəsən, qulaqardına vurdu. Əkrəm də  məni rejissora təriflədi. Söhbətin nədən getdiyi yaxşı yadımda dyil. Tahir Tahirov Əkrəmdən imtahanları necə verdiyini soruşurdu..

Sonralar bir neçə dəfə Tahir Tahirovla belə epizodik görüşlərimiz olmuşdu. Yeganə uzun və son görüşümüz 1980-ci ilin iyununda olub. Təyin edilmiş  gündə mən Bakıya diplom müdafisəinə gəlmişdim. Universitetdə mənə dedilər ki, müdafiə sabaha keçirilib. Salyana qayıtsaydım, gərək sabah yenə sübh tezdən Bakıya gəlib özümü vacib tədbirə çatdıraydım. “Azərbaycan” mehmanxanasına getdim – “mest net”, ordan getdm “Bakı” mehmanxanısına. Burda da tünlük, “mest net”. Birdən elə bil Tahir Tahirov göydən düşərək  qabağımda dayanıb mənə əl uzatdı. «Burda bir kolxoz sədri ilə görüşüm vardı, dostuq, yeyib-içəcəkdik, harasa gedib, yoxdur. Sən niyə gəlmisən?” Dedim müdafiə sabaha qalıb, gecələmək istəyirəm. Dedi bir az gəzişək, yer düzəldərik. Küçəyə çıxdıq, Tahir Tahirov ötəri mənim diplom işimlə maraqlandı. ”Bakı”dan bir az uzaqlaşanda rejissor dedi:  “Burda yaxşı kafe var, gedək bir tikə çörək yeyək, sonra yer məsələsini həll edərik”. Mən Allaha şükr elədim ki, Tahir Tahirov restoran yox, kafe dedi, çünki restorana mənim pulum çatmazdı. Hesabı isə mən verməliydim, mən az maaşı kənd müəllimiydim, üstəlik qiyabi oxuyurdum, kafeyə tez-tez gedən deyildim, ancaq gedəndə hesabı hökmən özüm verirdim. İndi həm də Tahir Tahirov mənə yer düzəldəcəkdi axı…

Hansı kafeyə getdiyimizi xatırlamıram. Hələ yeməyimiz gəlməmiş üzü qapıya oturmuş Tahirov yerində dikəlib dedi: “Ba, Səməndər də burda gəlir ki… Səməndər, bura gəlin!”.

Və məşhur aktyor Səməndər Rzayev yanında bir nəfərlə bizim stola tərəf yönəldilər. Aktyor Tahir Tahirovla qol-boyun oldu. Sonra yanındakı ilə bizim stolun dalında əyləşdilər..

Səməndər Rzayevi teatrda görməmişdim, filmlərimizə də böyük rəğbətim olmadığına görə onun kino işlərinə biganə idim. Səməndərdə çox sevdiyim onun səsi idi. O vaxtlar Kozintsevin “Kral Lir” filmini Azərbaycan dilində televiziya ilə vaxtaşırı göstərəridilər. Kral Lir rolunda eston aktyoru Yusi Yarvet çəkilib, ancaq rolu Zinoviy Gerdt səsləndirib…

(ardı var)

 oktyabr 2023, Samara