Архив | 24.10.2023

DOLDUR QƏDƏHİ, SAQİ, ƏRƏSTUN YENƏ GƏLDİ…

Ərəstun Oruclu

Salyanda “Beş” ləqəbli bir divanə var idi, şəhərdəki bütün yas yelərində ehsana gedərdi. Yemək çəkilənə az qalmış çadırın bir yerindən brezenti aralayır, elə ordan girib stol başında oturardı…

Ərəstun Oruclu da o “Beş” kimi bütün YouTube verilişlərini gəzir. Verilişin yağlı yerində Ərəstundan zəng gəlir: “Müdaxilə etdiymə görə üzr istəyirəm, ancaq bir vacib məsələyə aydınlıq gətirməyi özümə borc bildim”. Bu gün də beləcə Qurban Məmədlinin verilişində peyda oldu və dedi ki, İsrail Azərbaycana silahı pula görə satmır. Əsla. İsrailin Azırbaycana dost və qardaş münasibəti Azərbaycanda otuz minlik yəhudi əhalinin olmağıdır. Yəhudilərə münasibət İsrail üçün çox həssas məsələdir, Azərbaycanda isə yəhudilərə münasibət çox gözəldir və s.

Builmirən Ərəstun Oruclu “otuz min” rəqəmini hardan götürüb. İnternetdə təxmini say göstərilib: on altı minə yaxın. Fərq var? Var. Əgər Azərbaycana dostluq münasibəti yəhudi icmasının olmağına görədiirsə, bəs İrana niyə münasibət düşməndir? Axı İranda on mindən çox yəhudi var və yəhudi icması yüksək rifahlı, hörmətli icmadır. Əsgər də gedirlər. İraqla müharibədə yəhudi millətindən olan 15 əsgər ölüb. Qarabağ müharibələrində Azərbaycan yəhudilərindən neçə nəfər həlak olub? Bir nəfər?

Niyə Ərəstun Oruclu demir ki, Azərbaycan İsrail üçün İranla qonşuluğuna görə qiymətlidir. Yəni MOSSAD oturur Arazın bu tayında, gözünü zilləyir o taya və oxuyur: “Baxdıqca hüsnünə doymayır gözüm…”

Ərəstun Oruclu salyanlı molla Bayram kimi nitqinə elmilik verməyi və avazla danışmağı bacarır. Ancaq bizdə atalar sözü var: “Avazın yaxşı gəlir…”

Qoqolun da yaxşı sözü var: «Мошенник на мошеннике сидит, мошенником погоняет». Burda  yalnız “moşennik” sözünü manipulyator sözü ilə əvəz etmək lazımdır…

  1. 10. 2023, Samara

QULU ƏSGƏROVUN XATİRƏSİNƏ

qulu əsgərov

Necə hesablaşır xalq,
Böyük sənətkarıyla?

Xalqdan fəxri ad almaq

Necə olur? Nə yolla?

 +

Müəllif hüququnu,

Niyə, kim aldı ondan?

Nəğmələri Qulunun.

Oxundu xalq adından.

 +

Nə qoşdu, nə yaratdı —
Xalqı “mənimdir” dedi.
Layiq olduğu adı,

Quludan əsirgədi…

 +

Hökm, ad ixtiyarlı,

O “xalq” kimdir, hardadır?

Bəlkə ad verən ayrı,
Xalqsa üzü qaradır?

 

24. 10. 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV: KRAL LİR, «ÇÖRƏYİMİN DUZU YOXDUR…»

09. 10. 23

…”Kral Lir” Lenfilmdə çəkilib, Gerdt isə Moskvada yaşayır, Obraztsovun məşhur kukla teatrında işləyirdi. Kozintsev çox tələbkar olduğuna görə filmin səsləndirilməyi xeyli çəkib. Gerdt tez-tez işindən ayrılıb Leninqrada gedirmiş ki, bu da Obraztsovu narahat edirmiş. “Bir səslənmədən ötrü teatrı atıb gedirsən”, — deyə aktyoru məzəmmət edirmiş… İndi Kozintsevin filmində Yuri Yarvetin oynadığı Liri başqa səslə təsəvvür etmək çətindir…

Səməndər Rzayevin də səsi Yuri Yarvetin Kral Lirinə elə “yapışıb”. Mən o vaxtlar eşitmişdim ki, “Kral Lir” filmlərinin müxtəlif dillərdə dublyajlarının müsabiqəsi keçirilib və Azərbaycan dublyajı ikinci yeri tutub…

Lətifədə deyildiyi kimi: mən birinci yeri verərdim…

İndiyəcən Kral Lirin bəzi replikalarını Səməndərin səsiylə eşidirəm…

Və 1980-ci ilin iyununda mən Bakı kafelərinin birində Kral Lirin səsiylə yanaşı oturmuşdum. Tahir Tahirov məni aktyora göstərib dedi ki, “Xeyrulla Salyandan gəlib diplom müdafiə eləməyə, özü də professor olacaq”. Səməndərdə bu professorluq məsələsi yəqin ki, əsaslı şübhələr doğurdu, ancaq Salyanın adı gələndə həyəcanlanan kimi oldu. “Biz bu yaxınlarda Salyana gəlmişdik, ordan da Neftçalaya getdik. Katib bizə çox hörmət elədi, yaxşı yola da saldı. Bax, bu boyda ağbalığı maşına qoydu” – bunu deyib aktyor iri və uzun qollarını üfqi vəziyyət alana qədər geniş açdı…

O vaxtlar Kürdən o boyda və ondan da böyük ağbalıqlar çıxırdı…

Süfrəyə araq gəlmişdi. Mən o vaxtlar hərdənbir içirdim. Yəqin həm içkidən, həm də harda gecələməyin fikrindən Tahir Tahirovla Səməndər Rzayevin söhbətindən yayınmışdım. Birdən mənə çatdı ki, bunların sözü çəp gəlib və ucadan bir-birlərinə məzəmmətli sözlər deyirlər. “Səməndər, mənim elə çörəyimin duzu yoxur”, — Tahir Tahirovun bu ağır tənəli sözləri Səməndəri bıçaq kimi yaraladı. “Ə, Tahir, sən mənlə çörək söhbəti eləyirsən? Mən heç burda oturmaram”, — deyib yarıyacan dikəldi. Tahir Tahirov boydan kiçik olduğundan tam qalxıb Səməndəri qucaqladı və deyəsən öpüşdülər də…

Davaları nəyin üstündə düşmüşdü – bilmirəm. Ancaq çörək söhbəti doğrudan da qəribə idi. Hesabı mən verməliydim, bunu Tahir Tahirov yaxşı bilirdi. Mən özünü rejissordan qaçırtmış kolxoz sədrini əvəz etməliydim. Elə bil ki, əsas rolun ifaçısı tamaşa başlayanda sancılanr, təcili, basməmmədi birini onun yerinə çıxarırlar səhnəyə…

Sonra kafedən çıxdıq. Tahir Tahirovla Səməndər danışa-danışa qabaqda gedirdilər, mən də dalda onları izləyirdim. İndi Səməndəri ilk dəfə bütöv, başdan ayağa qədər görürdüm. Akyorun qıçları məni dəhşətə gətirdi. Qıçlar elə yoğunlamışdılar ki, pivə çəlləyinə bənzəyirdilər. Yəqin ki, ciddi azarı vardı. O vaxt Səməndər Rzayevin yaşı qırxdan da az idi…

Aktyordan harda ayrıldığımız yadımda deyil. Bir də gördüm ki, bulvardayıq. Hələ axşam düşməmişdi, adam az idi. Ucaboy bir cavan oğlan qucağında azyaşlı uşaqla gəzinirdi. Yaxınlıqdakı boş uşaq arabası da yəqin onların idi. Oğlan üzü bizə dönən kimi Tahir Tahirov mənə “burda dur” deyib ona tərəf getdi. Rejissorla cavan oğlan çıx hərarətli görüşdülər, qucaqdakı uşaq olmasaydı, yəqin ki, qol-boyun olacaqdılar. Məndən çox aralı olmasalar da, söhbətlərini eşitmirdim, içki məni tutmuşdu, üstəlik dənizdən gələn mazut iyi də vururdu…Birdən oğlanın bütün həndəvərə yayılan səsini eşitdim: “Tahir, sən mənimlə danışmaq istəyirsən? Gəl danışaq!” Oğlan uşağı tələsik arabada yerbəyer elədi və Tahir Tahirovun üstünə yeridi. Məni dəhşət bürümüşdü. Atlet görkəmli ucaboy cavanın bir yumruğu çəlimsiz Tahir Tahirovu öldürə də bilərdi. Tahir Tahirov isə Pompey əsgəri kimi ya da Çarli Çaplinin qəhrəmanı kimi yerindən tərpənmirdi. Ancaq oğlan ona çatanda Thair Tahir nə dedisə, oğlanın nəinki hirsi soyudu, o hətta Tahir Tahirovu qucaqladı da…

İndi bunları yadıma salanda fikirləşirəm ki, Tahir Tahirov əsl ekstremal imiş. Məsələn, göydələnlərə dırmaşanlar kimi. Yəni daim adrenalini qaldırmaq istəyirmiş. Bəlkə də bu, yaradıcılıq fantaziyasını qidalandımaq üçün zəruri olub…

Tahir Tahirov mənim yanıma qayıdanda astadan dedi: “Birincinin (yəni Heydər Əliyevin – X.X,) ailəsindəndir”. Tahir Tahirov bu cavanın Heydər Əliyevin nəyi olduğunu da dedi: bacıoğlumu, kürəkənmi, baldızoğlumu… Yadımda deyil…

(ardı var)

24.10. 2023, Samara

DƏLİ DOMRULUN TANRIYA ÜZ TUTUB DEDİYİ

(Duxa qoca oğlu Dəli Domrul)

Ucalardan ucasan,
Kimsə bilməz necəsən!

Gözəl Tanrı, səni cahil adamlar,

Yer üzündə istər, göydə axtarar,

Möminin könlüdür yerin səninsə.

Bütün yaranışın hakimi sənsən,
Sirlərin əbədi sahibi sənsən.

Alırsan, özün al canımı, Tanrı!

Əzrayıl almasın canımı, Tanrı!

 

24.03. 2021, Samara