Ağənnə bacımın xatirəsinə
Radiomuz var idi bizim batareyalı,
Kəndimizə çox əvvəl işıq çəkilməmişdən.
Taxçamızda yerini yaxşıı xatırlayıram,
Qorunur, təmizlənir, əzizlənirdi həm də.
+
Məməm həvəskarıydı ədəbi verilişin,
Bir dəfə qulaq assa, əzbər danışacaqdı.
Yarımçıq qoyacaqdı dərsini, ya işini —
Radio teatrını çox sevirdi bacım da.
+
Səsləri eşidərdik, səslərə vurulardıq.
Televizor yox idi hələ qonşularda da,
Radionun da yaxşı repertuarı vardı:
“Yevgeniya Qrande”, “Qorio ata” hətta.
+
Taxçadaydı həmişə mənim də qulaqlarım,
Musiqi ölüsüydüm, xoş idi — nə çalınsa,
Sevirdim “Xoruz baba” danışan nağılları,
Bilmirdim özünü də görərəm mən haçansa.
+
Salyana hər gedəndə lələm sarıq arası,
Tükənməmiş köhnələr, batareya alardı.
Özünnün radioyla yoxdu ancaq arası,
Bu işə nə həvəsi, nə də ki, vaxtı vardı.
+
Arvad-uşaq xətrinə pulu xərcləmirdi o,
O hər cür əyləncəni şeytan işi sayandı.
Dəqiq vaxtı bilməyə lazım idi radio,
Saat çaş-baş olanda ya da ki, dayananda.
+
Radio deyənlərin bircə kəlməsinə də
İnam yoxdu kişidə, qulaq asdı-asmadı,
Bolşevik planıyla kolxoz düzəldiləndə,
Varını almışdılar, qoyub “qolçomaq” adı.
+
Bilirdi ki, dünyada hər şey müvəqqətidir,
İtirmişdi gözündə etibarı adamlar,
Təmizlə natəmizin fərqi bilinmir nədir,
Bu gün ağ deyilənlər sabah qara adlanar.
+
Zaman məsələsində kələk yerimir ancaq,
Çatmır insanın hökmü saniyədə zərrəyə.
Gün ərzində saatla namazını qılaraq,
Borcunu intizamla ödəyirdi Tanrıya.
+
Mənsə beş-altı yaşlı…Bilirdim ki, yediyim
Çörəyi Allah verir, lələmdir qazananı.
İndisə qanıram ki, o vaxt bütpərəst idim,
Daşlı radiomuzdu dünyanın yaradanı…
03-04. 11. 2023, Samara

