ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ VƏ QANDAL QITLIĞI

əvəz_zeynallı 2

Əvəz Zeynallının məhkəməsi. Həbsdə olan Rasim Məmmədov şahid kimi gətirilib. Qandalsız. Əvəz Zeynallı hakimə müraciət edir:

Ə. Zeynallı: Möhtərəm hakim, niyə məni bura qoluqandallı gətirirsiniz, Rasim Məmmədovu qandalsız?

Hakim: Bunun səbəbi var.

Ə. Zeynallı: Çox maraqlıdır, deyin, biz də bilək.

Hakim: Ölkəmizdə vəziyyət gərgindir. Erməni terrorçularına qarşı mübarizə davam edir…Hər gün xüsusi orqanlar axtarışda olan terrorçuları aşkar edirlər…

Ə. Zeynallı: Möhtərəm hakim, mən anlamadım, erməni terrorçularının bu qandal məsələsinə nə dəxli var?

Hakim: Dəxli var. Biz o qədər terrorçu tutmuşuq ki, bizdə qandal çatışmazlığı yaranıb. Ona görə Rasim Məmmədovun qandalını çıxarıb bağlamışıq bir erməni dığasının qoluna. Ağır cinayət törədib.

Ə. Zeynallı: Bura məhkəmədir yoxsa sirk? Kimin qoluna bağlamısınız Rasimin qandalını?

Hakim: Onun adını sizə deyərəm… (Katibəyə) Canım, o axır vaxt tutulan dığann adı nədir? Şairimizin adaşını demirəm. O, bizim nazirlərdən birinin adaşıdır. Mədət? Malades, ceyranım. Cənab Zeynallı, dığanın adı Mədətdir, Xocalını qıranlardan. Rasimin qandalını ona bağlamışıq. Zavoddan təzə qandal alanda təzədən açıb bağlayacağıq Rasimə.

Ə. Zeynallı: A kişi, siz camaatı dolamısınız? Ölkədə qandal qıtlığı var? Mən indi Məlahət xanıma deyərəm, gedib evdən iyirmi-otuz qandal gətirər.

Prokuror yerindən dik atılır

Prokuror: Cənab Zeynallı, siz evdə qandal saxlayırsınız? Nə məqsədlə?    

Bilirsinizmi ki, bu, cinayətdir? Yəqin evinizdə  girov da saxlayırsınız.

Ə. Zeynallı: A kişi, mən məsəl üçün dedim…

Prokuror: Yox, siz özünüz də bilmədən ayrı bir cinayətinizi açdınız. Mən sizə qarşı təzə cinayət işi qaldırıram…

Hakim: Dəstəkləyirəm…(Katibəyə) Şəkərim, yaz…

Mirzə ƏLİL

04.11. 2023, Samara